Xarici siyasətdə əldə edilən uğurlar
Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirdi
30 Dekabr 2015 11:47 SiyasətBaşa vurmaqda olduğumuz 2015-ci il ölkə həyatında bir sıra maraqlı məqamları ilə yadda qaldı. İstər ictimai-siyasi, istərsə də xarici siyasət sahəsində baş verən hadisələr il ərzində Azərbaycanın aktivinə yazıldı.
2015-ci ildə baş verən mühüm hadisələrin hesabatını hazırlayan "Atlas" Araşdırmalar Mərkəzi hesab edir ki, il ərzində Azərbaycanda və ətraf bölgədə xeyli hadisə baş verdi. Yaşanan olaylar Azərbaycanın gələcək seçimini - inkişaf trayektoriyasını müəyyənləşdirmək iqtidarındadır. Xüsusilə, xarici siyasət sahəsində atılan bir sıra mühüm addımlar Azərbaycan üçün müəyyən mənada uğur gətirib.
Rusiyaya dəstək verdik
Mərkəz Avropa Şurası Parlament Assambleyasında yanvarın 28-də keçirilən səsvermədə Azərbaycan deputatlarının şimal qonşumuzun xeyrinə səs vrməsini Bakının Moskvaya dəstəyi kimi dəyərləndirib. Məlumat üçün qeyd edək ki, həmin proses zamanı Rusiya səsvermə hüququndan məhrum edildi. Bu zaman Azərbaycanın AŞPA-dakı bütün depuatları Rusiyanın xeyrinə səs verdilər. Azərbaycan nümayəndə heyətinin Rusiyanın xeyrinə səs verməsi xeyli suallar yaratdı. Çünki, Ukrayna kimi Azərbaycan torpaqları da işğal altındadır və işğalda üçüncü tərəf - Ermənistan iştirak edir. Azərbaycan rəsmiləri AŞPA-da Rusiyanın xeyrinə səs vermələrini belə izah etdilər ki, bununla Qərbin ikili standartlarının əleyhinə çıxıblar. Maraqlıdır ki, Rusiyanın strateji müttəfiqi Ermənistanın AŞPA-dakı deputatları səsvermədə iştirak etmədilər.
İlham Əliyevin Münhendəki mesajları
Azərbaycan prezidenti İlham Əliyev 7-8 fevral tarixlərində Münhen təhlükəsizlik konfransının iki panelində iştirak etdi. İlham Əliyev bundan əvvəlki iki təhlükəsizlik konfransında iştirak etməmişdi. Azərbaycan prezidenti Münhenə əsas 2 mesajla getmişdi. Birinci mesaj, Cənubi Qaz Dəhlizi layihəsinin əhəmiyyətini beynəlxalq auditoriyanın diqqətinə çatdırmaq, ikinci mesaj isə Ukraynadakı müharibə ilə Dağlıq Qarabağ arasında paralellər aparmaq idi. Ermənistan prezidenti isə həmin ərəfədə Münhenə getmədi. Serj Sarkisyan bundan əvvəl Davos İqtisadi Forumuna da qatılmadı. İlham Əliyev bununla həm Davosda, həm də Münhendə Azərbaycanın maraqlarını daha geniş şəkildə beynəlxalq aləmə çatdırmaq imkanı əldə etdi.
Bakı Ər-Riyadın nəbzini yoxladı
İlham Əliyev aprelin 5-də gözlənilmədən Səudiyyə Ərəbistanına səfər etdi. Həmin günlərdə Yəməndə şiddətli vətəndaş müharibəsi gedir və Səudiyyə Ərəbistanı bu ölkəyə hərbi müdaxilə etmişdi. Ər-Riyadın bu qərarı isə beynəlxalq aləmdə birmənalı qarşılanmamışdı. Buna görə də bölgədə yaranan gərgin vəziyyətdə İlham Əliyevin Səudiyyə Ərəbistanına qəfil səfəri xeyli suallar yaratmışdı. Səfərin daha çox neftin qiymətləri ilə bağlı olduğuna dair şübhələr var idi. Çünki, məhz Səudiyyə Ərəbistanı OPEK çərçivəsində neft istehsalının azalmasına qarşı çıxırdı. İstehsal azalmadan isə neftin qiymətləri qalxa bilməzdi. Görünür, rəsmi Bakının Ər-Riyadın neft siyasətini özü üçün müəyyənləşdirməsinə ehtiyacı var idi.
Lavrov Kremlin seçimini élan etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla aprelin 8-də Moskvada birgə mətbuat konfransı keçirdi. Lavrov mətbuat konfransında rəsmi Bakıya iki xəbərdarlıq mesajı göndərdi. Lavrovun birinci mesajı ondan ibarət idi ki, o Dağlıq Qarabağda müharibəni təsəvvür etmir. Rusiyanın xarici işlər naziri başqa sözlə demək istəyirdi ki, rəsmi Bakı müharibədən danışmamalıdır. Lavrovun ikinci mesajı isə ondan ibarət idi ki, müharibə başlayacağı təqdirdə Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtləri daxilində Ermənistana hər cür kömək edəcək.
Rəsmi Bakı assosiativ saziş imzalamadı
İlham Əliyev mayın 21-də Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramının Riqa zirvə toplantısında iştirak etmədi. Rusiyalı rəsmilər Avropa İttifaqının Riqa toplantısını Rusiya əleyhinə keçirilən müzakirələr adlandırmışdılar. İlham Əliyev Riqaya getsə idi belə, Avropa İttifaqı ilə assosiativ saziş imzalamayacaqdı. Bu əvvəlcədən də bəlli idi. Ona görə bu toplantının Azərbaycan üçün elə bir mənası yox idi.
Avropa Məhkəməsi işğal faktını təsdiqlədi
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası iyunun 16-da "Çıraqov və başqaları Ermənistana qarşı" şikayət ərizəsi üzrə qərar çıxartdı. Strasburq Məhkəməsinin qərarına görə, Ermənistan Azərbaycanın Laçın rayonunu işğal etməklə bu rayondan olan qaçqın şikayətçilərin mülkiyyət və əmlak hüquqlarını pozub. Azərbaycanın Laçın rayonunun bir qrup sakini 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqlarını, onların mülkiyyətini ermənilərin ələ keçdiyi bildirərək, 2005-ci ildə AİHM-ə şikayət ərizəsi ilə müraciət etmişdilər. Şikayətçilərin ərizəsi ilə bağlı məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona birləşik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib. Strasburq məhkəməsi eyni zamanda şikayətçilərə öz mülkiyyətlərinə sahib olma və ya kompensasiya almalarına icazə verməməyin haqlı olmadığını hesab edib. Bu qərar Azərbaycan üçün BMT-nin Azərbaycan torpaqlarının azad olunmasını tələb edən 4 qətnamə qədər vacibdir. BMT-nin 4 qətnaməsi kimi AİHM-in qərarı da danışıqlarda Azərbaycan üçün istinad nöqtəsi sayıla bilər.
İlham Əliyevin Tiflisdə verdiyi əsas mesaj nə idi?
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana iki günlük rəsmi səfərə getdi. Bu səfər Azərbaycan-Gürcüstan əməkdaşlığı baxımından çox vacib idi. Çünki, bundan bir həftə əvvəl Gürcüstana Ermənistan prezidenti Serj Sərkisyan səfər etmişdi və Tiflisdə İran qazının Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çatdırılması mövsuzu müzakirə olunmuşdu. Digər tərəfdən rəsmi Tiflisin Rusiyadan qaz almaq istəyi Bakıda suallar yaratmışdı. Ona görə də İlham Əliyev bu məsələləri gürcü rəsmilərlə müzakirələrdə aydınlıq gətirməli idi. Səfər uğurlu oldu. Hər iki tərəf strateji əməkdaşlığın davam etdiriləcəyini vurğuladı.
Azərbaycan "G-20"-də
Dövlət başçısının "Böyük İyirmilərin" 14-15 noyabr tarixlərində Antalyada keçirilən sammitində iştirakı 2 səbəbdən vacib idi. Birincisi, Azərbaycan prezidenti sammitdə böyük dövlətlərin liderləri ilə görüşüb fikir mübadiləsi aparmaq imkanına malik oldu. İkincisi, İlham Əliyev sammitdəki çıxışı ilə dünya liderlərinin diqqətini Azərbaycanın böyük enerji layihələrinə və Dağlıq Qarabağ münaqişəsinə yönəltdi.
Türkiyənin Azərbaycana artan marağı
Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə gərginlik fonunda əvvəlcə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, daha sonra isə baş nazir Əhməd Davudoğlu Azərbaycana səfər etdilər. Bu səfərlər Rusiyanın hakim və ekspert dairələrində diqqətlə izlənildi. Kremlə yaxın eskeprtlər "Ankara Bakını Dağlıq Qarabağda müharibəyə başlamağa və bununla Cənubi Qafqazda Rusiya üşün gərginlik yaratmağa sövq etmək istəyir" fikrini yaydılar. Halbuki, Türkiyədə adətdir ki, hər seçkidən sonra prezident və ya baş nazir ilk xarici səfərini Azərbaycana həyata keçirir. Azərbaycan prezidenti İlham Əliyevin Davudoğlu ilə görüşdə "Azərbaycan hər zaman Türkiyənin yanındadır, Türkiyəni dəstəkləyib və dəstəkləyəcək" fikri o demək idi ki, rəsmi Bakı Kremlin mümkün təzyiqlərinə baxmayaraq, Türkiyə ilə strateji əməkdaşlıqdan geri addım atmayacaq.
Bakının Pekindən hansı gözləntisi var?
Prezident İlham Əliyev Çinə səfər etdi. Bu səfər gözlənilən idi. Çünki, Azərbaycan prezidenti Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Bakıdakı son görüşündə nəqliyyat dəhlizlərindən danışarkən, bu layihələrin işlək olması üçün Azərbaycanın və Türkiyənin Çinlə əməkdaşlığını genişləndirməsi vacibliyini bildirmişdi. İlham Əliyev Çindəki görüşlərdə əsas diqqəti yük daşımalarına yönəltdi. Çünki Azərbaycanın iştirakı ilə iki böyük regional layihə başa çatmaq üzrədir və həmin iki layihənin işlək olması üçün Çinin dəstəyinə böyük ehtiyac var. Birinci layihə Bakı-Tiflis-Qars dəmir yoludur ki, tikintisi tamamlanmaq üzrədir. İkinci layihə Xəzərin Ələt sahilində bölgənin ən böyük limanlarından birinin inşasıdır. Hər iki layihənin məqsədi odur ki, Çinin malları Ələt limanı və Bakı-Tiflis-Qars dəmiryolu ilə Avropa ölkələrinə daşınsın. "Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər" - bu fikri İlham Əliyev Pekində çinli rəsmilərin diqqətinə çatdırdı. Pekindəki danışıqların stenoqramından bu qənaətə gəlmək olar ki, çinli rəsmlilər hər iki layihəyə ciddi maraq göstərirlər.
Bern görüşündə kim maraqlı idi?
Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da İsveçrənin paytaxtı Berndəki görüşü nəticəsiz qaldı. Başqa cür olması da çətindir. Çünki, Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur, Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazırlaşmır. Bern görüşünün Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi baxımından da nəticəsiz qalacağı əvvəlcədən bəlli idi. Rusiya Türkiyəni hədəf aldığı dövrdə Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasında maraqlı deyil. Azərbaycan və Ermənistan prezidentlərinin Berndə təkbətək görüşü uzun çəkmədi. Bunun özü də görüşün nəticəsiz qaldığına işarə idi.
Əmir