“ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsi parlamentə təqdim olundu
29 Dekabr 2015 15:45 SiyasətMilli Məclisin dekabrın 29-da keçirilən payız sessiyasının son iclasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsini parlamentə təqdim edib. Sənədin müəllifi bildirib ki, layihə ABŞ konqresmeni Kris Smitin Azərbaycanla bağlı hazırladığı və Konqresin Helsinki Komissiyasında müzakirə olunan layihəyə cavab olaraq hazırlanıb. R.Rzayev qeyd edib ki, layihənin hazırlanması Azərbaycana münasibətdə yol verilən ədalətsizliyə etirazdır: "ABŞ Konqresinə təqdim olunan layihənin arxasında emrənipərəst qüvvələr və onların lobbisi dayanır. Əsas ideya odur ki, guya Azərbaycanda insan hüquqları pozulur və buna görə də Dağlıq Qarabağdakı ermənilər Azərbaycanın tərkibində yaşaya bilməz. Ermənilər bununla dünya ictimaiyyətinə çatdırmaq istəyirlər ki, guya azərbaycanlılarla bir yerdə yaşamaq mümkün deyil. Əslində, bu, ABŞ Konqresinin mövcud qanun layihəsi ilə ermənilərə kömək etməyə çalışmasıdır. Halbuki bu günə qədər ABŞ azərbaycanlılara qarşı törədilən vəhşiliklərə bir dəfə də olsun münasibət bildirməyib. Baxmayaraq ki, ABŞ-ın özündə insan hüquqları ilə bağlı kifayət qədər qanun pozuntuları var. Ona görə də xahiş edirəm ki, müəllifi olduğum qanun layihəsi Milli Məclisin Aparatında qeydiyyata alınsın və müzakirə olunsun". Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Milli Məclisdə qanun layihəsinin hazırlanmasının mexanizmi mövcuddur: "Ona görə də layihəni Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə təqdim edin. Eyni zamanda, qanun layihəsinə Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrində baxılmalı və sonda yekun qərar verilməlidir". Qərar layihəsinə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, bu kimi addımları atmazdan əvvəl, müəyyən qədər götür-qoy edilməsi vacibdir. Komitə sədri bildirib ki, ABŞ Konqresində belə qanun layihələri erməni lobbisinin təhriki ilə hazırlanır və müzakirəyə çıxarılır: "Konqresdə Azərbaycana qarşı bir çox layihələrin müzakirəyə çıxarılmasına cavab olaraq Milli Məclisdə belə layihənin ortaya atılması ciddi şəkildə götür-qoy edilməlidir. Erməni lobbisi hər zaman bu cür addımları atmağa çalışır. Qeyd edim ki, ABŞ Azərbaycanın strateji müttəfiqidir. Buna görə də Azərbaycan bu ölkə ilə əməkdaşlığını davam etdirməlidir". O qeyd edib ki, konqresmen Kris Smitin müəllifi olduğu layihə ABŞ-ın birbaşa mövqeyi deyil: "Bu, sırf ermənipərəst konqresmenin mövqeyidir. Biz öz etirazımızı bildirməliyik, amma bu, bəzi mətbuat orqanlarında deyildiyi kimi, kəskin sanksiyalar olmamalıdır. Çünki Konqresdə ABŞ-Azərbaycan İşçi Qrupu fəaliyyət göstərir və onların vasitəsilə danışıqlar aparmalı, məsələnin həllinə nail olmalıyıq". Milli Məclisin sədri Oqtay Əsədov S.Novruzovun çıxışına cavab olaraq deyib ki, "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev hazırlayıb: "Rövşən Rzayev nə Azərbaycan hökuməti, nə də parlamentdir. O, sadəcə deputat kimi öz təklifini irəli sürür. Biz də bunu nəzərə alaraq göstəriş verdik ki, bu məsələyə komitələrdə baxılsın. Digər məyusedici məqam isə odur ki, bəzi KİV-lər ABŞ Konqresində hazırlanan layihənin Helsinki Komissiyası tərəfindən hazırlandığını deyir. Ancaq bəyan edirəm ki, bu layihə sırf o qrupun bir üzvü tərəfindən hazırlanıb. Odur ki, Helsinki qrupunun bu məsələyə heç bir aidiyyəti yoxdur. İlk növbədə bunu başa düşməliyik". Deputat Xanhüseyn Kazımlı isə deyib ki, həmkarı Rövşən Rzayevin təşəbbüsünü dəstəkləyir: "Bizim səsimizi ucaltmağımız olduqca vacibdir. Təklif edərdim ki, bu layihənin komitələrdə müzakirəsindən sonra plenar iclasda müzakirə edilsin. Həmçinin haqsız işğal nəticəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılsın". Deputat Aydəın Mirzazadə hamını qarşıdan gələn bayram münasibəti ilə təbrik edib: "Azərbaycan dünyada tanınan dövlətdir, nüfuzu var. Kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Səudiyyə Ərəbistanı bir nömrəli ixracat ölkəsidir. Dünən orada benzinin qiyməti 40 % qalxdı. Çində yuan devalvasiya etdi. Lakin təəssüf ki, daxili siyasətimizlə bağlı müəyyən təzyiqlər hiss edilir. Azərbaycan da buna cavab verir. Hesab edirəm ki, Azərbaycana qarşı qərəzli münasibət yürütməyə başlayan mərkəzlər bilməlidir ki, biz müstəqilliliyimizi ona görə qazanmamışıq ki, bunu kiminsə ixtiyarına verək". Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, həmkarı Rövşən Rzayevin narahatlığını bölüşür: "2015-ci il Ermənistanın ən çox əsgər itirdiyi ildir. Bu səbəbdən də, erməni lobbisi aktiv fəaliyyətə keçib. Məncə, biz anoloji layihə qəbul etməməliyik". Sonra "Diplomatik xidmət haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsini təqdim edən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, bu gün bütün dünyada iqtisadi böhran müşahidə olunur. Ona görə də hər kəs kimi diplomatlar da qənaətcil olmalıdır. Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyəti mütəmadi olaraq nəzərdən keçirilməlidir: "Bununla da hansı diplomatın yaxşı və ya pis işləməsi məlum olar. Onu da qeyd edim ki, hər diplomatı sərəncama çıxan kimi işə götürmək olmaz. İlk olaraq onun fəaliyyətinə baxmaq lazımdır". Deputat Siyavuş Novruzov isə təklif edib ki, hər diplomat 5 ildən sonra mütləq Azərbaycana qaytarılmalıdır: "O, bir-iki il burada işləməlidir, lazım olsa, yenidən başqa ölkələrə göndərilə bilər. Həmçinin, diplomatlarımız hansısa ölkəyə getməzdən əvvəl həmin ölkəni öyrənməlidir. Səfirlik bir peşədir və buna qeyri-ciddi yanaşmaq olmaz. Bundan başqa, belə bir yanaşma var, deputat ola bilməyən və vəzifədən çıxarılan deyir ki, məni səfir kimi başqa ölkəyə göndərin. Təbii ki, bu, düzgün deyil". Deputat Göhvər Bəxşəliyeva isə bildirib ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif edilən dəyişiklikləri müdafiə edir: "Bildiyiniz kimi biz bir müddət əvvəl qanun qəbul etdik ki, nikaha daxil olan şəxslər hökmən tibbi müayinədən keçməlidir. İndi bəlli olur ki, müəyyən xəstəliklər ortaya çıxıb. Məncə, proflaktik tədbirlər görülməlidir. Yəni iş-işdən keçəndən sonra xəstəliklər daha böyük fəsadlar yaranır və böyük maliyyə lazım olur ki, bunun qarşısı alınsın. Mən təklif edərdim ki, bizdə kütləvi proflaktik tədbirlər həyata keçirilsin, xəstəliklər varsa, ilkin dövrdə aşkarlansın. Mən Zahid Orucun ana bətnində qızların tələf olunmasına qarşı çıxışını dəstəkləyirəm. İslama qədər qız uşaqlarını gömürdülər, bu cahilliyin əlaməti idi. İndi də qız uşaqlarını ana bətnində məhv edirlər. Mən də hesab edirəm ki, bununla bağlı necə mübarizə aparacağımızı müəyyən etməliyik".İclasda həmçinin "Kütləvi informasiya vasitələri haqqında" qanunda dəyişiklik edilib. Parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, layihə "Televiziya və radio yayımı haqqında" qanunda dəyişikliklər edilməsini nəzərdə tutur. Qanunun 19-cu maddəsinə edilən dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılması və ya onların fəaliyyətinə xitam verilməsinin təsisçinin və məhkəmənin qərarı ilə yanaşı, "Televiziya və radio yayımı haqqında" qanunda nəzərdə tutulan hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur. Lakin bəzi deputatlar təklif olunan dəyişikliyə etiraz ediblər. Deputat Fazil Mustafa qeyd edib ki, qanun layihəsi qəbul olunarsa, o zaman məhkəmənin işinə ehtiyac olmayacaq: "Belə olanda məhkəmə hakimiyyəti icra orqanı ilə bölüşdürülür. Buna diqqət edilməlidir. Heç olmazsa, hansısa qurumun qərarı ilə televiziyanın fəaliyyəti üç gün dayandıra bilər və sonra məhkəmədə nəyə görə bağlanması barədə əsaslandırılmalıdır. Bu olmasa, müəyyən icra qurumu məhkəmə funskiyasını mənimsəyir və bu, problemdən çıxış yolu deyil. Bunun yolu məhkəmədən keçir. Belə olarsa, dəyişiklik Konstitusiyaya uyğun olar". Sonda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Milli Məclis müraciət qəbul edib. Müraciəti vitse-spiker Bahar Muradova təqdim edib. Müraciətdə qeyd olunub ki, ölkəmizin dünyada söz sahibi olması dünyada yaşayan soydaşlarımızın qəlbini fərəh hissi ilə doldurur. "Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həlli dünya azərbaycanlılarının birgə səyindən asılıdır. Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin inkişafına mane olan bu problemi aradan qaldıra bilər". Müraciətdə vurğulanıb ki, dünya azərbaycanlılarının bir vəzifəsi də xalqımızın milli dəyərlərini və adət-ənənələrinin qorunmasıdır və bu dünya azərbaycanlılarının birliyindən asılıdır. Müraciətdə eyni zamanda milli mənəvi dəyərlərin qorunmasına çağırış edilib. Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov deputatlar adından Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib və uğurlar arzu edib.
Alim