Azərbaycanın humanizm prinsipinə qeyri-humanist yanaşma

AntiAzərbaycan şəbəkənin daxildəki dəstəkçiləri

Bu  günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" növbəti əfv sərəncamı imzalandı. Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarınınb müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109=cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq verilib. Əfv sərəncamı ümumilikdə 210 məhkuma şamil edilib. Dünəndən etibarən isə sərəncamın icrasına başlanılıb. Dövlət başçısı tərəfindən imzalanmış əfv sərəncamı heç şübhəsiz ki, bayram ərəfəsində 210 məhkum ailəsinin, onların qohumlarının, yaxınlarının sevinci deməkdir. Ancaq təssüflər olsun ki, dövlət başçısının imzalamış olduğu əfv sərəncamına münasibət heç də bimənalı deyil. Cəmiyyətin mütləq əksəriyyəti sərəncamı təqdir etsə də, müəyyən dairələrin bununla bağlı tənqidi fikirləri də gözə dəyir. Əsas irad kimi də bəzi beynəlxalq təşkilatların siyasi məhbus kimi Azərbaycan cəmiyyətinə sıramağa çalışdığı şəxslərin əfv olunmaması göstərilir. Birləşmiş Ştatların Helsinki Komissiyasının Konqresə "Azərbaycan Demokratiya Aktı" adlı qərəzli bir sənəd təqdim etməsi ərəfəsində dövlət başçısı tərəfindən imzalanmış əfv sərəncamında həmin "siyasi məhbus"ların adlarının olmamasından təssüflənənlər özlərini sanki Azərbaycanın qeydinə qalırlarmış kimi göstərərək iddia edirlər ki, REAL Hərəkatının sədri İlqar Məmmədov, müsavatçı Tofiq Yaqublu, Rauf Mirqədirov və s. şəxslərə də sərəncam şamil olunsaydı ölkəmizə qarşı olan basqıları, ən əsası Kris Smitin hazırladığı məkrli qətnaməni önləmək olardı. Ancaq belə bir iddia ilə çıxış edənlər nədənsə onun fərqində deyillər ki, bu tamamilə yanlış bir yanaşmadır. Səbəbləri isə çılpaqlığı ilə ortadadır.
Birincisi, daha dəqiq desək ən əsası. Azərbaycan nə üçün hansısa addımı Smitlərin, Yanqlandların tələb və şərti ilə atmalıdır? Əgər Azərbaycan onunla tələb, şərt dilində danışmağı qəbul etsə, antiAzərbaycan şəbəkənin arzu ə istəklərini reallaşdırsa, o halda müstəqil siyasətdən danışmağa haqqımız olarmı? Yaxud müstəqil bir respublika olduğumuzu söyləyə bilərikmi? Qətiyyən. Hər kəsə, bütün beynəlxalq birliyə bəllidir ki, Azərbaycan müstəqil dövlətdir və onun müstəqil siyasəti var. Bunu bildikləri halda bəzi beynəlxalq dairələrin bizimlə tələb, şərt dilində danışması daxili işlərimizə müdaxilə ilə yanaşı, eyni zamanda müstəqil siyasətimizə bir təhdiddir. Bunu açıq-aydın gördükləri halda Azərbaycan hakimiyyətini Smitlərin, Yanqlandların istəklərinə boyun əyməyə çağırmaq sadəlövhlükdür. Bu arada bir məqamı xüsusi qeyd etmək istərdim ki, bu gün belə bir çağırışda bulunan şəxslərin əksəriyyəti 1988-ci ilin meydan hadisələri zamanı Azərbaycanın müstəqilliyini, severenliyini tələb edən insanlardır. İndiki halda isə onların müstəqilliyimizi təhdid edən çağırışlara qoşulması təssüfedicidir. Deməli zamanında müstəqillik istəyənlər ya bu istəklərində səmimi olmayıblar, ya da günümüzdə kimlərinsə diqtəsi ilə siyasət yürütməyimizi məqbul hesab edirlər. Əgər ikinci varianta üstünlük verilirsə, qəti şəkildə söyləmək mümkündür ki, istər Azərbaycanla təzyiq, tələb dilində danışanların, istərsə də həmin təzyiqlərə boyun əyməyimizi istəyənlərin arzuları reallaşmayacaq. Azərbaycan heç bir halda öz müstəqil siyasətini hansısa dairələrin maraqlarına qurban verməyəcək. Əfv sərəncamını təqdir etməyənlər, bununla insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ciddi bir addım atılmadığını iddia edənlər məgər 210 məhkumu insan hesab etmir? Zənnimcə, insan hüquq və azadlıqlarının müdafiəçisi qismində çıxış edənlər üçün məhkumun kimliyindən daha çox, onun hüquqları ən ümdə vəzifə olmalıdır. Ancaq müşahidə etdiyimiz mənzərə isə ondan ibarətdir ki, dünyaya demokratiya, insan hüquqları dərsi keçənlər üçün insan hüquqlarının müdafıəsi məsələsində də ikili yanaşma var.
İkincisi, bu gün hər kəsə gün kimi aydındır ki, Azərbaycan kimi müstəqil siyasət həyata keçirən dövlətə qarşı hansısa formada təzyiq göstərmək, ona nəyisə diqtə etmək üçün demokratiya, insan hüquqları və s. kimi deyilişi xoş olan ifadələr əslində bir vasitədir. Bu gün Azərbaycanda hər şey ən ideal vəziyyətdə olsa belə, yenə də təzyiqlər davam edəcək, ölkəmiz nəyəsə vadar ediləcək. Əgər Azərbaycandakı bütün həbsxanaların qapısı açılıb məhkumlar azadlığa buraxılsa belə, yenə də bizə hansısa formada irad tutulacaq. Bu birmənalıdır. Elə bir müddət əvvəl səhhətində yaranmış ciddi problemlə əlaqədar olaraq "hüquq müdafiəçisi" Leyla Yunusun məhkəmə zalından azadlığa buraxılmasının timsalında bunu aydın görmək olar. Sual olunur, bunun qarşılığında Azərbaycana olan münasibət dəyişdimi? Əlbəttə ki, yox. Onu da qeyd etmək lazımdır ki, Leyla Yunusun azadlığa buraxılmasının arxasında hansısa təzyiqlər dayanmırdı. Sadəcə hər zaman olduğu kimi bu dəfə humanizm prinsipi əsas götürüldü və "hüquq müdafiəçisi" azadlığa buraxıldı. Ancaq bunun qarşılığında Azərbaycan yenə də təzyiqlərlə üzləşdi.
Göründüyü kimi Azərbaycan nə qədər humanizm prinsipləri nümayiş etdirsə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində addımlar atsa da, yenə də bizə qarşı münasibət dəyişməyəcək. Çünki Azərbaycana qarşı hər zaman ikili münasibətlər, qərəzli yanaşma olub və bundan sonra da olacaq. Ona görə də kimlərinsə antiAzərbaycan qüvvələrinin dəyirmanına su tökməsi hər şeydən əvvəl dövlətçilik maraqlarımıza ziddir.


S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00