Bəxtiyar Əliyev: ABŞ-ın Azərbaycana qeyri-obyektiv münasibət bəsləyən nümayəndələrinə sanksiyalar tətbiq edilə bilər

"Qanunvericiliyə əsasən, Milli Məclisin hər bir deputatının qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Ona görə də deputatlarımızın hər hansı birinin qanun layihəsi ilə çıxış etməsi normal haldır". Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev millət vəkili Rövşən Rzayev tərəfindən hazırlanan və Milli Məclisdə müzakirəsi nəzərdə tutulan ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında sənədə münasibət bildirərkən deyib. B.Əliyev qeyd edib ki, heç bir ölkə qapalı olmalı deyil: "Şəffaflıq, hesabatlılıq hamıya aiddir. Ona görə də hər hansı deputatın hər hansı ölkədə, o cümlədən ABŞ-da ciddi qanun pozuntularının olduğunu düşünməsinə normal yanaşmaq lazımdır". Millət vəkili hesab edir ki, ABŞ-ın Azərbaycana aqressiv və qeyri-obyektiv münasibət bəsləyən, Azərbaycanın imicinə xələl gətirən, böhtanlarla çıxış edən konqresmenlərinə, senatorlarına və yaxud qeyri-dövlət strukturlarının rəhbərlərinə, üzvlərinə qarşı Azərbaycan tərəfi də sanksiya tətbiq edə bilər, onların ölkə ərazisinə buraxılmasına qadağa qoya bilər: "Bu, normal haldır. Əgər həmin insanlar qərəzli münasibət göstərirsə, onlara qarşı da hər hansı sanksiyalar olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00