İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupun iclası keçirilib

Səməd Seyidov: “Biz beynəlxalq təşkilatlar üçün işləmirirk”

Dekabrın 24-də Milli Məclisdə Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib. İclasda İşçi Qrupunun üzvləri olan hakimiyyət nümayəndələri, millət vəkilləri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib. İclasda Birgə İşçi Qrupun həmsədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycanda yaradılmış qeyri-hökumət təşkilatları, dövlət nümayəndələri, parlament üzvlərindən ibarət olan işçi qrupu fəaliyyət göstərir, əminəm ki, bundan sonra da göstərəcək. Həmsədr bəyan edib ki, hansısa beynəlxalq təşkilatın nümayəndəsinin Azərbaycandakı işçi qrupunun tərkibində olmasının elə də əhəmiyyəti yoxdur: "İşçi qrupu heç bir təşkilat üçün fəaliyyət göstərmir. Heç kimin təsiri altında işimizi davam etdirmirik. Ona görə də fəaliyyətimiz bundan sonra da davam edəcək. İnsan haqları adından istifadə edərək dövlətlərə təsir göstərmək olmaz. Qeyd edim ki, Azərbaycan öz işini yüksək səviyyədə təşkil etmək iqtidarındadır. Avropa Şurasının baş katibi öz nümayəndəsini işçi qrupundan geri çağırması və sonradan yenidən bura göndərmək istəməsi isə başa düşülən deyil". S.Seyidov bildirib ki, İşçi Qrupun fəaliyyəti çox səmərəli şəkildə qurulub. O, Avropa Şurasının Baş katibi Torbörn Yaqlandın İşçi Qrupdan öz nümayəndəsini geri çağırmasını xatırladaraq deyib ki, İşçi Qrupda AŞ PA Baş katibinin nümayəndəsinin iştirakı o qədər də əhəmiyyət kəsb etmir: "Biz İşçi Qrupun qapılarını beynəlxalq təşkilatlarla əməkdaşlığa açmışdıq. İşçi Qrup beynəlxalq təşkilatlar üçün fəaliyyət göstərmir. İşçi Qrup ona görə yaradılıb ki, öz problemlərimizi özümüz müzakirə edib hökumətə müvafiq tövsiyələr verək". S. Seyidov beynəlxalq təşkilatlara müraciət edib: "Buradan bütün beynəlxalq təşkilatlara müraciət edərək bildirmək istəyirəm ki, heç kimin təsiri altında fəaliyyət göstərməyən İşçi Qrup bundan sonra da işini davam etdirəcək. İnsan haqları problemi, qanunun aliliyi, demokratiyanın inkişafı Azərbaycan dövlətinin quruculuğunda ən əsas prioritetlərdəndir. Bu istiqamətdə Azərbaycan cəmiyyəti birləşmək iqtidarındadır. Bu, İşçi Qrupunun fəaliyyətində özünü çox gözəl göstərir". O vurğulayıb ki, insan haqları hər hansı bir məqsəd üçün alətə çevrilə bilməz: "İnsan haqlarından istifadə edərək dövlətlərə təzyiq göstərmək olmaz: Bu, ali bir dəyərdir. Azərbaycan insan haqları ilə bağlı öz işini görmək iqtidarındadır". Milli Məclisin deputatı, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Azay Quliyev çıxış edərək iclasın çox səmərəli olacağına əminliyini qeyd edib. O, bildirib ki, İşçi Qrupu Azərbaycanda daxili dialoqun, ictimai barışın daha da irəli aparılması və güclənməsində xüsusi bir vasitədir. Deputat vurğulayıb ki, bir çox hallarda daxili mexanizmin daha işlək formada təşkil olunmasına maneçilik törədilir: "Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın İşçi Qrupundakı nümayəndəsini geri çağırması başa düşülən deyil. Dəfələrlə qeyd etmişik ki, bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Təəssüflər olsun ki, bəzən beynəlxalq təşkilatların buna hazır olmadıqlarına şahid oluruq. İşçi Qrupu öz işini davam etdirməli, bir çoxlu məsələləri bu formatda müzakirə edib, həllinə nail olmalıdır". A Quliyev deyib ki, İşçi Qrupu QHT-lərlə çox sıx təmasdadır: "QHT-lərin qaldırdığı məsələləri bilirik. Bir çox hallarda fərdi qaydada müzakirələr aparırıq. İnsan haqlarının müdafiəsi və monitorinq qrupu öz işini peşəkar səviyyədə davam etdirir. Əfv komissiyasına dəfələrlə onların müraciətləri daxil olub. İstənilən halda vətəndaş cəmiyyəti ilə daimi dialoqdayıq. Bu dialoq dövlətlə vətəndaş arasında müsaibətlərin sağlam olması, əlaqələrin inkişaf etməsi üçün önəmlidir ki, dövlət qurumları vətəndaş cəmiyyətinin səsisə səs verə bilsin, onların fikirlərini nəzərə alsın. Əminəm ki, bugünkü iclas çox faydalı olacaq". İşçi qrupunun üzvü, deputat Çingiz Qənizadə bildirib ki, Avropa Şurasının baş katibinin bu addımı heç də təsadüfi deyil: "Ölkəmiz bütün problemlərini öz imkanları daxilində həll etməyə hazırdır. Odur ki, kənar müdaxilə yolverilməzdir. Bu kimi hallar isə Azərbaycanı sevməyən qüvvələrin işidir. Çünki onlar da erməni diasporalarının əlaltılarıdır. Bir əli erməni diasporunun cibində olan qüvvələr Azərbaycana qarşı təhdidlərini davam etdirirlər". Bundan sonra BİQ-in iclası jurnalistlərin iştirakı olmadan davam etdirilib. 

Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə İşçi Qrupu Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini 2014-cü il oktyabrın 22-də bərpa edib.


Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00