Azərbaycan və Türkiyəyə qarşı yeni təzyiq vasitələri

Rövşən Məmmədli: “Ermənistan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən yararlanmaq istəyərək Azərbaycana təzyiq göstərməyə başlayıb”

Ötən aydan gündəmə oturan Türkiyə-Rusiya gərginliyi hələ də həlli qeyri-mümkün olan məsələ kimi qalır. Bir aya yaxındır ki, davam edən gərginlik fonunda hər iki tərəf bir-birinə qarşı üstün mövqeyə sahib olmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Türkiyə Rusiyanın mümkün təhdidlərinə qarşı adekvat tədbirlər gördüyü halda, Rusiya bir qədər də irəli gedərək Ankaranı həmçinin öz içindən vurmaq istəyir. Bunun üçünsə Rusiyaya təbii ki, PKK kartı daha əlverişli variant sayılır. Elə bu günlərdə PKK-nın siyasi qanadı hesab olunan HDP sədri Səlahəddin Demirtaşın Moskvaya səfərə dəvət edilməsi, onun Rusiyanın yüksək rütbəli rəsmiləri tərəfindən qəbul edilməsi deyilənləri təsdiqləyir.

Müstəqil ekspert Rövşən Məmmədli deyir ki, Rusiya bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı simasında Türk dövlətlərinin prezidentlərini yanına yığır, digər tərəfdən Türk düşmənlərinə yaxınlıq edir: "İşğalçı ölkə prezidenti Serj Sərkisyanı stolunun başında oturdur, PKK təəssübkeşi Səlahəddin Demirtaşı Rusiyaya dəvət edir. Putin bu ikiüzlü siyasətilə nə demək istəyir? Türk dövlətlərini qorxudub, onların siyasətinə təsir etmək, yaxud Türkləri sevməmək, gözügötürməmək? Maraqlısı odur ki,Türkü sevməyən Putinin yanında Türk olan Qazaxıstan, Qırğızıstan prezidenti özlərini necə hiss edirlər? Xəstə Sərkisyan Türkiyədən, Azərbaycandan Putinə şikayət edəndə, uydurma yalanları söyləyəndə onlar niyə susurlar, Sərkisyanın cavabını vermirlər?". Ekspert deyib ki, Rusiyanın məqsədi Türk dünyasının mütərəqqi inkişafına mane olmaq, onları həmişə öz təsirində saxlayıb, istədiyi kimi istiqamətləndirməkdir: "Putin Türkiyənin bu günkü möhtəşəm inkişafını görüb, bu inkişafın qabağını almaq üçün PKK-ya dəstək verir, onun siyasi təmsilçisini Rusiyaya dəvət edir. Tarixi Türk torpaqlarında "Böyük Ermənistan"qurmaq istəyən erməni vandalları Türkiyənin, Azərbaycanın üzərinə istiqamətləndirilir. Rusiya özü dünya tərəfindən sanksiyalara məruz qaldığı halda Türkiyə ilə ticarət əlaqələrini azaldır, turizmi qadağan edir, Türkiyəyə pul axını yarada bilən digər halların qarşısını alır. Açıq görünür ki, Putin Türk dövlətlərini, xüsusilə onların dövlət başçılarını qorxu sindiromu altında saxlayıb idarə etmək siyasəti sürdürür və qarşı tərəfin birliyinin olmaması, yaxud zəif olması səbəbindən buna nail ola bilir. Rusiya həmçinin keçmiş sovet Türk

respublikalarının iqtisadiyyatının inkişafına dolayısı ilə mane olur. Gənc Türk respublikalarının iqtisadiyyatı isə çökdürülərək, onlar xammal və ucuz işçi qüvvəsi ölkələrinə çevrilirlər. Əgər indi Azərbaycanda ağır sənaye, avtomobil sənayesi, toxuculuq, yüngül sənaye ölkədə olan bolluca xammala uyğun inkişaf etdirilsəydi, Azərbaycanın inkişaf etmiş normal iqtisadiyyatı olsaydı, bu gün "dollar qalxması" həyacanını yaşamazdıq". Rövşən Məmmədli bildirib ki, mümkün təhlükələrə qarşı Türk birliyini sözdə yox, əməldə qurmaq lazımdır: "Türk düşməni olan Rus şovinizmindən sədəqə ummaq isə məhvə bərabərdir". Ermənistanın atəşkəs dövrünün başa çatması barədə bəyanatına gəlincə ekspert bildirib ki, bu müharibənin yenidən davam etdiriləcəyi deməkdir: "Bunu Azərbaycana Ermənistanın müharibə elan etməsi kimi də dəyərləndirmək olar. Bu əsil erməni xislətidir. Son 100 ildə ermənilər bu addımı daim təqib ediblər. Çar Rusiyasının çökməsi ilə yaranmış qarışıqlıqdan istifadə edib İrəvanı ələ keçiriblər. Daha sonra Sovetlər dönəmindən yararlanaraq qardaşlıq-dostluq adı ilə Zəngəzuru, Göyçəni, Dərələyəzi bizdən qoparıblar. SSRİ-nin çöküşü ilə də Qarabağı işğal ediblər. İndi onu həzm etmək üçün hər fürsətdən istifadə edirlər. Azərbaycanın Qarabağı ona vaz keçməyəcəyini bilən Ermənistan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən yararlanmaq istəyərək Azərbaycana təzyiq göstərməyə başlayıb. Hesab edirəm ki, Azərbaycan atəşkəsin bu qədər uzanmasına yol verməkdə çox ciddi səhvlər edib".

Fuzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00