Azərbaycanla hərbi əməliyyatlara başlamaq Ermənistanın gücündə deyil
9 Sentyabr 2015 15:12 Siyasət"Azərbaycanla hərbi əməliyyatlara başlamaq Ermənistanın nə gücündə, nə də marağında deyil. Ona görə ki, Ermənistan hərbi əməliyyatlara başlasa cavabı müdafiə olunmaqla yox, hücumla olacaq". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev son günlər cəbhə xəttində artan gərginliyə münasibət bildirərkən səsləndirib. Bildirib ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistanı nəinki Qərbdəki bəzi himayədarları, hətta yaxın müttəfiqi Rusiya da müdafiə etmək iqtidarında olmayacaq: "Çünki onların bu addımı problemin sülh yolu ilə həll olunmasında maraqlı olmadığını ortaya qoyacaq. Nəticə etibarilə Ermənistan məğlub olacaq". Elşən Mustafayev hesab edir ki, cəbhədə gərginliyin artması isə bilərəkdən atılan addımdır: "Bununla da onlar Ermənistannda baş verən siyasi və iqtisadi böhrandan əhalinin diqqətini yayındırmağa cəhd edirlər. Hazırda Rusiyada baş verən iqtisadi böhran bu ölkədən daha çox Ermənistana təsir edib və siyasi gərginliyə səbəb olub".