“Qarabağı türk millətinin birliyi xilas edəcək”
Zəlimxan Məmmədli: “PKK-nın hədəflərindən birinin də Azərbaycan olduğu iddialarını da yaddan çıxartmamalıyıq”
8 Sentyabr 2015 13:23 Siyasət"Borçalı" Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli Dağlıq Qarabağ münaqişəsi və PKK - Türkiyə qarşıdurması barədə danışıb. Türk millətinin bütün düşmənlərinin birləşib iş başında olduqlarını deyən Z. Məmmədli bildirib ki, düşmənlərin ən yaxın hədəflərinin türk dünyasının avanqardı olan Türkiyə və Türk dünyasının birliyi üçün mənəvi körpü olan Azərbaycanın olduğu göz önündədir: "Biz niyə birləşməyək?! Bir olmaq, diri olmaq, iri olmaqdan başqa yolumuz yoxdur! Bu gündən hər birimiz harada türk gördüksə salam verək, könlünü oxşayaq, dayaq olaq, uğurlarımız, sağlığımız üçün dualar edək, bir birimizdən güc alaq". Zəlimxan Məmmədlinin sözlərinə görə, Qarabağı türk millətinin birliyi xilas edəcək. Bəzi mətbu orqanlarda bəzi təhlilçi və ekspertlərin dili ilə İşğalçı və millətimizin qanını tökən, 200 ildir türk dünyasının bölünməsi üçün əlindən gələni edən, Azərbaycan milli azadlıq və demokratikləşmə hərakatını hər zaman boğan, düşmən Ermənistanın hərbi-siyasi müttəfiqi, PKK-nın qurucusu və ilhamvericisi, 20 yanvar,9 aprel qırğınları və Xocalı soyqırımını həyata keçirən Rusiyanın Lavrovun Bakı səfərindən sonra Qarabağın xilaskarıkimi təqdim olunması meyli təəssüf hissi doğurur. Rusiya Azərbaycanın istiqlalının qurbanı, işğalı və türk torpaqları hesabına qurduğu və himayə etdiyi ermənistanın maraqlarının təmin olunması şərti ilə Qarabağı azad edə bilər. Bu unudulmamalı və istiqlalımızı və demokratik dünyaya iteqrasiyanı heç kimin dayandıra bilməməsi iddiasını bir millət olaraq hər kəsə göstərməliyik. Qarabağı türk millətinin birliyi xilas edəcək. Buna hər kəs inanmalıdır. Gələcəyimizin daha dolğun təminatı isə Türkiyənin düşdüyü ağır durumdan daha güclü çıxması ilə birbaşa asılıdır. PKK-nın hədəflərindən birinin də Azərbaycan olduğu iddialarını da yaddan çıxartmamalıyıq. Odur ki, ölkəmizin bütün resurslarının istiqlalımızın qorunması, ölkə içi birlik və bərabərliyin, türk dünyasının birliyinin təmini və Türkiyə Cumhuriyyətinin haqq mübarizəsinin yanında olmağa yönəlməsində fayda olduğunu düşünürəm". ("OLAYLAR İA")