Rusiya regionda nüfuz məsələsinin itirilməməsi üçün çalışır

Arzu Nağıyev: “Son vaxtlar Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində təşəbbüsü ələ almaq üçün səylər göstərir”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında son vaxtlar bir-birindən maraqlı proseslər cərəyan edir. Bir müddət əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Birləşmiş Ştatların vasitəçiliyi ilə okeanın o tayında görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərin ardınca Rusiyanın bu istiqamətdə fəallaşması onu deməyə əsas verir ki, Kreml hələ də Qarabağ probleminin məhz onun iradəsindən kənar həll edilməsi ilə barışa bilmir. Elə bu səbəbdəndir ki, hətta Azərbaycan və Ermənistan dövlət başçılarının Amerika görüşünün təxirə salındığı ilə bağlı fikirlər də gündəmə gəlib. Bunun qarşılığında isə hər iki ölkə başçılarının Rusiya Federasiyasında görüşəcəyi ehtimalı irəli sürülüb. Elə bir sıra ekspertlər də hesab edirlər ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gözlənilməz səfəri, bunun ardınca isə Ermənistan prezidentinin Rusiyada Kreml rəhbəri Serj Sərkisyanla görüşməsi təsadüfi sayıla bilməz. İddia olunur ki, rəsmi Moskva Dağlıq Qarabağ probleminin mərhələli şəkildə həll edilməsi planları üzərində işləyir və hər iki ölkənin yüksək rütbəli rəsmiləri ilə keçirilən görüşlər də buna hesablanıb. İndiki situasiyada Moskvanın Qarabağ probleminin həllində maraqlı görünməsinin başlıca səbəbi kimi Azərbaycanın hərbi potensialının getdikcə güclənməsi, cəbhə xəttində müntəzəm olaraq keçirilən genişmiqyaslı hərbi təlimlərdir. Artıq Rusiya ciddi şəkildə ehtiyat edir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlasa Kremlin forpostu sayılan Ermənistan ciddi problem, hətta dövlət kimi yox olmaq təhlükəsi ilə üzləşəcək. Ona görə də Rusiya Ermənistanı bu təhlükdən sığortalamq üçün Yerevana təzyiq göstərməklə Qarabağ probleminin həlli istiqamətində müəyyən addımlar atmaq istəyir. Hətta ermənilərin işğal etdikləri Azərbaycanın 7 rayonunu qaytaracağı da səslənən fikirlər arasındadır. Bəs görəsən bu nə dərəcədə realdır və Rusiya indiki situasiyada Qarabağ probleminin həllində səmimidirmi? Və son vaxtlar Rusiyanın Qarabağ probleminin həlli istiqamətində  aktivliyi hansısa müsbət nəticəyə gətirib çıxaracaqmı?

Siyasi ekspert Arzu Nağıyev  deyir ki, Rusiyanın əsas marağı bir neçə istiqamətdədir: "Birincisi, Rusiya regionda nüfuz məsələsinin itirilməməsi üçün çalışır. Çünki son vaxtlar Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində təşəbbüsü ələ almaq üçün səylər göstərir. Bu gün Birləşmiş Ştatların regionda əsas marağı iqtisadi maraqdır və Rusiya da buna görə Azərbaycanın Qərbində Ermənistanla həmsərhəd olan və əsas iqtisadi kommunikasiyaların keçdiyi bölgədə gərginlik yaradır. Və bu işdə Kreml Ermənistan silahlı birləşmələrindən istifadə edir. İkincisi, rəsmi Moskva bu üsulla Azərbaycanı Avrasiya İttifaqına üzv etməyə cəhd göstərir. Hesab edirəm ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun gəlişində bu məqsəd də var idi. Üçüncüsü, isə Kreml artıq bölgələrdə iri çaplı silahlardan istifadə edilməklə öz silah alverini genişləndirməyə çalışır. Bunu NATO Şərqi Avropada tətbiq edir. Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyanın Moskvada baş tutan növbəti görüşünün də hesabat və yeni təlimatlar görüşü olduğu istisna deyil. Yəni bir sözlə, Rusiyanın çox özəl maraqları var və bu vasitələrdən təzyiq vasitəsilə istifadə edir".
Bu arada işğal altında olan ərazilərdən bir neçəsinin, hətta 7 rayonun geri qaytarılacağı barədə yayılan xəbərlərə gəlincə ekspert hesab edir ki, bu da təzə söhbət deyil. Arzu Nağıyevin sözlərinə görə, dəfələrlə Rusiya siyasətçiləri bu haqda danışıblar, ancaq konkret addımlar atılmır: "Əgər belə olsa idi, ilk növbədə ATƏT-in Minsk qrupu heç olmasa bəyanatla çıxış edərdi. Təəssüf ki, bu edilmir. Məlumdur ki, qəbul edilmiş Madrid prinsiplərində bu müddəa var, lakin hər dəfə bunu yada salanda ermənilər öz havadarları ilə birlikdə təxribatlara əl atırlar. Və hətta göstərməyə çalışırlar ki, Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrlə guya Ermənistan Ordusunun əlaqəsi yoxdur. Təbii ki, bu ağ yalandır və onlar birgə fəaliyyət göstərirlər.Yəni bu xəbərlərlə bağlı hər hansı bir müsbət tendensiya hiss edilmir".


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00