“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ideal imkan yaranıb”

Elçin Bayramlı: “Moskvanın fövqəl maraqları hazırkı şəraitdə Ermənistanı yox, Azərbaycanı müdafiə və cəlb etməyi əmr edir”

"Əgər Rusiya Qarabağ problemini həll etməyi qarşısına məqsəd qoyubsa bu düzgün addımdır, yox əgər bu addım yalnız regionda öz təsirini saxlamağa hesablanıbsa onda bu o qədər də yaxşı effekt verməyəcək". Belə bir fikirlə Rusiya Xarici işlər naziri Sergey Lavrovun Bakı, Ermənistan prezidenti Serj Sərkisyanın Moskva səfərini şərh edən "Altay" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı çıxış edib. E. Bayramlı Rusiyanın Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həll prosesində güzəştə məcbur etmək üçün müəyyən gedişlərdən istifadə etdiyini bildirib: "Məsələn, qazın qiymətini ucuzlaşdırır, silah satmağa razılıq verir. Bununla həm regionda problemin həllində özünün əsas rolunu ortaya qoyur, həm də Ermənistanı Qərbə yaxınlaşmaqdan saxlayır. Əgər Rusiya Qarabağ problemini həll etməyi qarşısına məqsəd qoyubsa bu düzgün addımdır, yox əgər bu addım yalnız regionda öz təsirini saxlamağa hesablanıbsa onda bu o qədər də yaxşı effekt verməyəcək. Rusiya cənub-qərb sərhədlərində 2 ölkəni itirmiş olacaq- Qərb yönümlü kursa keçə biləcək Azərbaycanı və Gürcüstanı tamam itirəcək, bununla Ermənistana və İrana quru yolu bağlanmış olacaq. Avrasiya İttifaqına Azərbaycanı da cəlb etmək mümkün olmayacaq, regionda Moskvanın müttəfiqləri azalacaq. Azərbaycan və Türkmənistan Avropanı Rusiyanın qaz asılılığından xilas etmək üçün çalışacaqlar və Kremlin Avropaya iqtisadi təsir rıçaqlarından biri zəiifləyəcək. Lakin Kremldə o qədər də ağılsız adamlar oturmayıblar. Rusiyanın fövqəldövlət maraqları tələb edir ki, Azərbaycan Aİİ-yə, KTMT-yə və Gömrük ittifaqına üzv olsun, öz qazını birbaşa Qərbə yox, Rusiyaya satsın ki, o da Avropanın belini daha çox qıra bilsin, Qafqazda 3 respublikadan 2-ci Rusiyanın müttəfiqi olsun, Azərbaycanla ticarət əlaqələri artsın, rus şirkətləri burada genişmiqyaslı işləsin, Xəzərdə əhatəli Rusiya zonası yaransın (Qərbin buraya girmək imkanı sıfıra endirilir), İranla birbaşa quru əlaqəsi itirilməsin, dollardan imtina edərək qarşılıqlı hesablaşma sisteminə Bakı da qoşulsun və s. Göründüyü kimi, Moskvanın fövqəlmaraqları hazırkı şəraitdə Ermənistanı yox, Azərbaycanı müdafiə və cəlb etməyi əmr edir. Lakin öz acından ölən çoxəsrlik qulbeçəsinin də bu güzəştin əvəzində ağzına bir şey atmaq lazımdır ki, bunu da düzgün şəkildə etdi. Baş verənlər onu deməyə əsas verir ki, dövlətimizin apardığı siyasət, üstəgəl Rusiya ətrafında yaranmış mürəkkəb geosiyasi vəziyyət Qarabağ probleminin həllində ən ideal imkan yaradıb. Son gönlər regionda baş verənlər, cəbhə xəttində yaranan situasiya və ordumuzla bağlı bəzi tədbirlər göstərir ki, ağacın lap yuxarı ucunda yerləşmiş meyvə tam yetişib, artıq onu dərmək vaxtıdır. Bu meyvəni dərmək üçün nərdivanı isə Rusiyadan alacağıq. Nəyin bahasına olursa olsun. Düzdür, belə vəziyyət Qərbin xoşuna gəlməyəcək və buna mane olmaq üçün erməni lobbisinin əli ilə min bir oyundan çıxmağa cəhd edəcəklər, lakin artıq onların tullanmaqlarının dalınca getmələrinin tam vaxtıdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00