AzMDEP rəhbərliyi İsgəndər Həmidovu təkzib etdi
7 Sentyabr 2015 14:18 SiyasətAzərbaycan Milli Demokrat Partiyasının (AzMDEP) Siyasi Şurası bəyanat qəbul edib. "OLAYLAR"-a daxil olan məlumata görə, bəyanatda partiyaya aid olmayan bəzi vətəndaşların partiyanın adından istifadə etməsinə özlərini AzMDEP-in sədri kimi qələmə verməsinə münasibət bildirilib. Bəyanatın mətnində partiya sədrinin səlahiyyətlərinin qanuni müdafiəsi barədə ibarələr öz əksini tapdığından sənəd Siyasi Şuranın qərarı ilə AzMDEP sədrinin müavini Eldar Tağıyev tərəfindən imzalanıb. bəzi KİV-lərdə qarşıda keçiriləcək Milli Məclisə seçkilərdə guya Azərbaycan Milli Demokrat Partiyası (AzMDEP) sıralarından kimlərinsə iştirakı ilə bağlı məlumatlar yayılmaqdadır. Belə ki, İsgəndər Həmidov adlı vətəndaş bəzi KİV-lərə verdiyi məlumatlarda özünü və daha iki nəfəri Azərbaycan Milli Demokrat Partiyasının "üzvləri" və hətta "sədri" kimi qələmə verməkdədir. Həmçinin, bu məlumatlarda özlərini Azərbaycan Milli Demokrat Partiyasının "üzvləri" kimi qələmə verən şəxslər Milli Məclisə keçiriləcək seçkilərdə namizədliklərini respublikada fəaliyyət göstərən "Müsavat" adlı partiyalardan birinin, konkret olaraq, cənab Arif Hacılının sədri olduğu Müsavat partiyası sıralarından verəcəklərini bildirirlər. Azərbaycan Milli Demokrat Partiyası bildirir ki, Milli Məclisə seçkilərlə bağlı partiyanın namizəd siyahısı hələki müzakirə səviyyəsindədir və rəsmi qeydiyyatdan keçmiş, qanunvericiliyin tələblərini yerinə yetirən siyasi partiya olaraq AzMDEP seçkilərdə namizədlərini hər hansı bir digər partiyanın deyil, öz siyahısına uyğun verəcək. Partiya sıralarında hazırda İsgəndər Həmidov adlı respublika vətəndaşı qeydiyyata alınmayıb. Həmçinin, İsgəndər Həmidovun KİV-lərə açıqladığı və guya AzMDEP-in üzvü olduqları kimi təqdim etdiyi şəxslər də Azərbaycan Milli Demokrat Partiyası üzvləri siyahısında qeydiyyatda deyillər.