“Müdafiə missiyası” zərurəti meydana çıxan kimi Kreml hərəkətə keçəcək

Son günlər Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginlik, həmsədrlərin regiona son səfəri, eləcə də bunun ardınca Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gəlməsi belə bir mülahizələrin irəli sürülməsinə səbəb olub ki, Qarabağ probleminin həlli istiqamətində hansısa proseslər gedir. Xüsusilə, bu prosesdə Rusiyanın fəal olduğu və yaxın vaxtlarda Kremlin tələbi ilə Yerevanın işğal altında olan bir neçə rayonu azad edəcəyi bildirilir. Bu arada Ermənistan prezidenti Serj Sərkisyanın Rusiyaya nəzərdə tutulan səfəri də onu deməyə əsas verir ki, Rusiya Qarabağ probleminin həlli istiqamətində xüsusi aktivlik göstərir. Bəs görəsən bu nə dərəcədə mümkündür və yaxın vaxtarda Rusiyanın vasitəsilə Qarabağ probleminin həlli istiqamətində hansısa müsbət addım atıla bilərmi?
Millət vəkili Zahid Oruc deyir ki, Ermənistan prezidentinin Rusiyada keçirdiyi görüşdə əsasən siyasi və iqtisadi məsələlər müzakirə mövzusu olacaq. Zahid Orucun sözlərinə görə, ekspertlər görüşlə başlı daha çox iki məqama diqqət yetirirlər: "İŞİD təhlükəsinin Türkiyənin içərilərinə irəliləməsi fonunda Yaxın Şərqin siyasi arxitekturasının dəyişməsinin Cənubi Qafqaza təsiri və Qarabağ münaqişənin fəal hərbi eskalasiya müstəvisinə keçməsi. Ermənistan ərəb dünyasında baş verən qarşıdurmanın birbaşa iştirakçısı olmasa da, qitədə yaşayan ermənilərin taleyinə həm humanitar, həm də siyasi vasitələrlə qoşulmaqla hazırda dünyada gedən antiSuriya trendindən öz məqsədləri naminə yararlanmağa çalışır. İyul ayında bir neçə beynəlxalq mediaya müsahibə verən Edvard Nalbandyan ötən əsrin tarixini yada salaraq Osmanlının "cinayətləri" nəticəsində 100 ildir Dəməşqdə, Aleppoda və Qəsəbdə (Kasab) repatriasiya olunmuş soydaşlarının növbəti "böyük köç"ə məruz qaldığını dünya ictimaiyyətinə çatdırmağa çalışırdı. Cəmi 15 min ermənin Ermənistana gəldiyini deyən nazir bunun kiçik bir respublika üçün ağır yük olduğundan danışmaqla görünür, onsuz da dərin iqtisadi böhran yaşayan ölkəsinin xaricdən kömək almasını çıxış yolu kimi təklif edirdi. Lakin öz siyasi rəhbərlərini bu dəfə də qabaqlayan Qarabağın keçmiş döyüşçüləri hazırda Amerika ilə İŞİD əleyhinə koalisiyaya gedərək Suriyanı bombalayan Türkiyəni növbəti dəfə suçlandırmağa fürsət qazandılar. Onların iddiasına görə, rəsmi Ankara təkcə islam terrorçularına və kürd yaraqlılarına deyil, əzəli düşmənləri olan ermənilərə də ciddi zərbə vurmağa çalışır. Guya ki, Qəsəbdə baş verən dağıntılar, dinc əhalinin talan edilməsi türklərin daha uzağa gedən planlarının tərkib hissəsidir. Regionda ermənilərin kompakt yaşadığı sonuncu yaşayış məskənlərini də antiBəşər kampaniyasının gedişində məhv etmək bu ssenarinin tərkib hissəymiş. Xatırladaq ki,Suriyada yaşayan ermənilərin ümumi sayı 100 min nəfərdən çox deyil. Lakin 5 ilə yaxındır davam edən vətəndaş müharibəsindən başını götürüb ən yaxın ölkələrdə sığınacaq tapanların 2 milyonu keçdiyini nəzərə alsaq, onların 99 faizi Türkiyədə məskunlaşdığını görərik və dünyada heç kəs iddia edə bilməz ki, AKP hökuməti həmin qaçqınların milli mənsubiyyətinə baxaraq öz ərazisinə buraxıb. Avropa yalnız indi kütləvi olaraq həmin köçkünləri qəbul etməyə başlayıb. Bununla bərabər, Angela Merkel hökuməti miqrant selinin qabağını kəsməyin ən yaxşı yolunu heç də öz ölkələrində sığınacaq yerləri tikməkdə deyil, daha çox Suriya-Türkiyə sərhəddində çoxlu düşərgələr inşa etməkdə görür. Qoca qitənin elitası bu yolla onun içərilərinə müharibə atmosferini və qeyri-sabitlik havasını gətirənlərdən xilas olmağa çalışır. Fərqli din daşıyıcılığı, əsasən müsəlman xalqından ibarət toplumun mental və dünyagörüş fərqləri də Avropa Birliyinin özünüqoruma instiktinin əsasını təşkil edir.
Ona görə Sərkisyan indi bir neçə cinahda vuruşan, xüsusilə də PKK-nın mərkəzi hakimiyyəti cəzalandırmaq üçün savaşı Türkiyə içərilərinə keçirmək planlarına Moskvanın münasibətini öyrənməyə gedib. Doğrudur, onlar birbaşa kürd terroçularına yardım göstərməklə əzəli düşmənlərini zəiflətməyə hər zaman çalışıblar. İrəvan tərəfindən idarə olunan terror qruplarının Yaxın Şərqdə dayaqları həmişə güclü olub. Lakin indi İŞİD onunla eyni mövqeni bölüşməyən hər kəsi özünün rəqibi elan etdiyi dövrdə Ermənistanın Türkiyə ilə sərhəddinin böyük bir zolağı hərbi teatrın oynanıldığı meydana çevrilə bilər. Belədə Cənubi Qafqaz özü Yaxın Şərqin qeyri-sabitliyini özünə götürən növbəti ünvana dönər. Bir müddət öncə Əfqanıstanın birinci vitse-prezidenti Rəşid Düstüm da bu haqda xəbərdarlıq etmişdi". Millət vəkili bildirib ki, Sərkisyanın Rusiyaya səfər zamanı müzakirə edilən ən mühüm məsələlərdən biri də şübhəsiz Qarabağ münaqişəsinin real vəziyyəti və onun hakimiyyətinin dayaqlarının tamamilə sarsılmasıdır: "Əslində hamıya məlumdur ki, Gümrüdəki hərbi baza və ölkədəki silahlı qüvvələrin süngüsü olmasa hazırki rejimi bir an belə ayaqda saxlamaq mümkün deyil. Vaxtilə xilaskar və qalib obrazında siyasi olimpə qalxan hərbi xunta rəhbərinin məhz həmin dalğa üzərində xalqın qəzəb və nifrət ünvanına çevrilməsi tarixin ironiyası, ideyalarla bərabər şəxslərin devalvasiya olunmasıdır. İndi Ermənistanda hər kəs görür ki, ölkədə artan hüquqi nihilizmi doğuran başlıca səbəb bir dövlətin suverenlyinin formal xarakter daşıması və qazanılmış müstəqilliyin xalqa gətirdiyi bəlalardır. Sərkisyan Qarabağda itkilərin qarşısını almaq üçün Moskvaya nə qədər sığınırsa, onun təmsil etdiyi dövlət beynəlxalq hüquq subyekti kimi əhəmiyyətini bir o qədər itirir". Zahid Orucun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun sentyabrın 1-də gözlənilmədən Bakıya gəlişinin səbəbləri də Sərkisyan üçün xüsusi önəm daşıyır. Gerçəkdən də bir ölkənin gündəmində qlobal məsələlər olduğu yerdə Rusiyanın ən mühüm diplomatı Azərbaycana niyə gəlmişdi? Yoxsa, gerçəkdən də Moskva Qarabağı satır? Söhbət heç də bu yolla Azərbaycanın siyasi suverenliyini əlindən almaq niyyətlərindən getmir. Lakin cəbhədə vuruşların intensivliyi Putinin çevrələrinə hər gün məruzə olunursa və Bakıya qəzəb və ultimatum verilmirsə, erməni elitası başqa nə düşünsün? Yoxsa, xarici işlər nazirinin mətbuata açıqlamasında dediyi "hərbi sərgiyə dəvət" məktubu çox da ağlabatan deyil. Çünki bunun üçün başqa kanallar mövcuddur. Rusiyanın yeni Qafqaz planında Ermənistanın yeri necə olacaqdır, başlıca olan budur? Əgər həqiqətən də işğal olunmuş Azərbaycan ərazilərindən bir qismini qaytarmaqla yeni arxitektura formalaşdırmaq niyyəti mövcuddursa, onda belə çıxır ki, Moskva özü şüurlu şəkildə öz tarixi müttəfiqini müvəqqəti satır və hamıya məlum olan "müdafiə missiyası" zərurəti meydana çıxan kimi Kreml hərəkətə keçəcəkdir".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00