“Əli Kərimli sindromunu qırıb demokratik mühit üçün yol açdıq”
Cavid Musazadə: “Artıq sədrə qarşı etiraz edərək partiyadan çıxan insanlar azad fəaliyyətə üstünlük verirlər”
3 Sentyabr 2015 14:35 SiyasətƏli Kərimlinin sədrlik etdiyi AXCP-dən istefalar davam edir. İstefaya gedənlər bir qayda olaraq, Əli Kərimlinin partiyada yaratdığı antidemokratik vəziyyətə etiraz edərək mübarizələrini AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin tərəfində davam edəcəklərini bəyan edirlər. Proseslər Əli Kərimlinin əleyhinə işlədiyi vaxt insanları düşündürən əsas sual, bu günədək açıq formada sədrə qarşı indi irəli sürülən ittihamların səsləndirilməməsi ilə bağldıır. AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Cavid Musazadə "Olaylar"a açıqlamasında bildirdi ki, avtoritar idarəetmə üsulları olan yerlərdə sistemə etiraz olaraq, kütləvi istefalar baş verəndə qorxu xofu da aradan qalxır. Bu tip yerlərdə şantaj, zor tətbiqi sindromunun olduğunu deyən C. Musazadə, bu sindromun kiminsə qırmasının vacibliyinə diqqət çəkdi: "Razi Nurullayevin rəhbərliyində biz bir komanda olaraq, bu sindromu qırdıq. Nəticədə axın üçün bir yol açıldı. Konservləşdirilmiş təşkilatdan yol açıldı ki, insanlar azadlığa çıxsınlar. Sağlam demokratik mühitə doğru istiqamət aldıq. Artıq sədrə qarşı etiraz edərək partiyadan çıxan insanlar azad, demokratik fəaliyyətə üstünlük verirlər. Nəticədə də istefalar davam edir". ("OLAYLAR" İA)