Lavrovun Azərbaycana səfəri regional proseslərlə bağlıdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin təfərrüatları barədə müxtəlif fikirlər səslənməkdədir. Hələlik rəsmi şəkildə səfərin incəlikləri barədə açıqlama verilməsə də bəlli olan odur ki, şimal qonşumuzun baş diplomatının hazırki şəraitdə ölkəmizə səfəri təsadüfi sayıla bilməz. Politoloq Qabil Hüseynli bildirib ki, Sergey Lavrovun Azərbaycana səfəri cavab xarakteri daşıyır. Çünki bundan əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər etmişdi. XİN rəhbərlərinin görüşü zamanı diqqət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrə yönəldilmişdi. Moskva belə bir bəyanat verdi ki, münaqişənin həllinin vaxtı yetişib və həll prosesini intensivləşdirmək lazımdır. O qeyd edib ki, yay ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması istiqamətində ciddi addımlar atılacağı haqda məlumatlar yayılmışdı, lakin təəssüflər olsun ki, bunlar baş vermədi. Politoloqun sözlərinə görə, Lavrovun Azərbaycana NATO-nun baş katibi Jens Stoltenberqin Gürcüstan səfərindən sonra gəlməsi fərqli düşüncələr yaradır: "Belə təsəvvür yaranır ki, NATO-nun Cənubi Qafqaza doğru irəliləməsi və burada təlim mərkəzi açmasını Rusiya özü üçün təhlükə hesab edir. Stoltenberqin Azərbaycana gələ biləcəyi ehtimalı da Rusiyanı narahat edir. Lavrovun səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə həsr edilə bilər, lakin Rusiyanı daha çox maraqlandıran öz geosiyasi maraqlarıdır". Q.Hüseynli hesab edir ki, Rusiya Azərbaycanın yeni fikirlərini öyrənmək istəyir. O, səfər nəticəsində Qarabağla bağlı yeni vədlər verilə biləcəyinə də ümid edir: "Azərbaycan Rusiya ilə münasibətlərin normal olmasının tərəfdarıdır və münasibətlərə lazım olan töhfəni verir. Hesab edirəm ki, Azərbaycan Rusiya qarşısında konkret məsələlər qaldıracaq və regionda sülhün bərpa edilməsi üçün daha çox səy göstərməsini istəyəcək". Millət vəkili Zahid Oruc isə deyib ki, Lavrovun Azərbaycana səfəri regional proseslərlə birbaşa bağlıdır: "Çünki Rusiya - Qərb konfrantasiyası dərinləşməkdə davam edir. Digər tərəfdən, Qərbin İrana qarşı qoyulan məlum qadağalarının aradan qalxacağı təqdirdə bölgədə yaranacaq yeni vəziyyət Kremli hərəkətə keçməyə vadar edir. Bundan əlavə, Qərb bölgədə, xüsusən də Ukrayna və Gürcüstanda hərbi cəhətdən möhkəmlənməyə başlayıb. NATO-nun siyasi, hərbi planlarını həyata keçirən ABŞ açıq şəkildə Gürcüstana hərbi yardım etməklə, onun təhlikəsizliyinin qayğısına qalmaqdadır. Nəinki təhlükəsizliyinin qayğısına qalır, eyni zamanda Gürcüstanla Rusiya arasındakı konfliktdə tərəfə çevrilməkdədir. Ümumiyyətlə,Vaşinqton bu yolla Rusiyanı Qafqaz bölgəsində zəiflətmək niyyətindədir." Millət vəkili əlavə edib ki, Lavrovun Azərbaycana səfərində də əsas məqsədi bu məsələlərlə bağlı rəsmi Bakının mövqeyini öyrənməkdir. Z. Oruc Azərbaycanın beynəlxalq və regional siyasətinin bu baxımdan önəmli olduğunu bildirib: "Azərbaycan bir tərəfdən NATO ilə əlaqələrini qurur, digər tərəfdən isə Rusiya ilə konfrantasiyaya getmədən öz maraqlarını qorumaq şərti ilə dostluq və qarşılıqlı tərəfdaşlıq siyasətini reallaşdırmağa çalışır."Millət vəkilinin sözlərinə görə, səfərdə əsas müzakirə predmetlərindən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli yolları olacaq: "Çünki NATO-nu bölgəyə gətirən əsas amil konfliktlər məsələsidir. Əgər Rusiyanın siyasi rəhbərliyi və hərbi-sənaye kompleksi, digər dairələr Qarabağ, Abxaziya, Dnestryanı əraziyə müdaxilə edib, münaqişəni bu şəkildə saxlamasaydılar, o zaman Qərbin siyasi və hərbi oyunçularının bölgəyə gəlişi bu qədər sürətlə baş verməzdi. Ona görə də Rusiyanın siyasi elitası yaranmış vəziyyətdən nəticə çıxarmalıdır. Əgər onlar bu bölgənin dəstəyini qazanmaq istəyirlərsə, onda ölkələrin ərazi bütövlüyü məsələsində həlledici addımlar atmalıdırlar". Zahid Oruc qeyd edib ki, ən azından Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması şərti ilə kommunikasiyalar açılmalıdır: "Belə olacağı təqdirdə bölgədə təhdid və təhlükəni aradan qaldırmaq olar. Əks halda hər gün İrəvandan Moskvaya Qarabağdakı itkilərlə bağlı hesabatlar veriləcək. Ona görə də, Lavrovun Bakıya gəlişinin bir səbəbi də beynəlxalq, regional və Qarabağla bağlı məsələlərə aydınlıq gətirməkdir."

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00