“Bakı Sərsəngin birgə istifadəsi üçün separatçı rejimlə dialoqa getməyəcək”

Elxan Şahinoğlu: “…onlar Dağlıq Qarabağın separatçı liderlərinə təsir etsinlər ki, Sərsəng su anbarından Azərbaycan rayon və kəndlərinə qarşı təhdid vasitəsi kimi istifadə edilməsin”

Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 25-də AŞPA-nın "Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi" mövzusunda məruzəçisi Milica Markoviçi qəbul edib. E. Məmmədyarov görüşdə deyib ki, Sərsəng su anbarının işğal altında qalması ətrafda yaşayan insanların və kənd təsərrüfatının su ilə təminatına imkan vermir. Nazir bildirib ki, Ermənistan Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevlə də görüşən,Milisa Markoviç isə deyib ki, topladığı materiallar əsasında sərhədyanı bölgələrdəyaşayan sakinlərin qəsdən sudan məhrumedilməsi barədə AŞPA-nın iclasında məruzə edəcək. Məsələyə münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu xatırladıb ki, Sərsəng su anbarı ilə vaxtilə ATƏT-in Minsk Qrupu həmsədrləri də məşğul olub. E. Şahinoğlunun sözlərinə görə, 2014-cü ilin mayında həmsədrlər bölgəyə səfərlərinin yekunu olaraq bəyanat hazırladılar: "Həmsədrlər bəyanatlarında xüsusi bir təkliflə də çıxış etmişdilər: Tərəflər işğal altında qalan Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılıq əldə etsinlər.Rəsmi Bakı bu təklifə müsbət yanaşa bilməzdi. Çünki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın separatçı liderləri ilə dialoqa getmir. Rəsmi Bakı yanlız Ermənistanla sülh sazişi imzalandıqdan sonra Dağlıq Qarabağın erməni icmasının rəhbərliyi ilə müzakirə apara biləcəyini dəfələrlə bəyan edib. Ona görə də, sülh sazişi imzalanmadan rəsmi Bakının Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparacağı real deyil. Rəsmi Bakı həm də ondan ehtiyat edir ki, Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılaşma əldə olunsa, İrəvan bu faktoru Bakının faktiki Dağlıq Qarabağın rəhbərliyini tanıması kimi tədqim edəcək. Buna baxmayaraq, həmsədrlər AŞPA nümayəndəsinin hesabatına əsaslanaraq yenidən Sərsəng su anbarının birgə istifadəsi məsələsini aktuallaşdıra bilərlər.Ancaq rəsmi Bakının mövqeyi dəyişməyəcək. Sərsəng su anbarı yalnız sülh sazişi imzalandıqdan sonra birgə istifadə üçün müzakirə predmeti ola bilər. Rəsmi Bakının həmsədrlərdən sadəcə istəyi bu ola bilər ki, onlar Dağlıq Qarabağın separatçı liderlərinə təsir etsinlər ki, Sərsəng su anbarından Azərbaycan rayon və kəndlərinə qarşı təhdid vasitəsi kimi istifadə edilməsin. Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını planlaşdırarkən, Sərsəng su anbarının da təhlükəsiz şəkildə nəzarət altına alınması haqqında düşünmək məcburiyyətindədir. Çünki Sərsəng su anbarının qəsdən partladılması ətrafa böyük ekoloji fəlakət yarada bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00