“Razi Nurullayev əsl AXCP-nin güc mərkəzini yaradır”

Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-dən istefa verənlər, zorla uzaqlaşdırılanlar və keçmiş hərəkatçılar Razi Nurullayevin ətrafında birləşərək Sumqayıt şəhərində bir araya gələrək izdihamlı konfrans keçiriblər.Konfransda AXCP rəhbərliyindən Səbuhi Əliyev, Ehtiram Mehdiyev iştirak edib. Sumqayıt şəhər AXCP üzvlərinin iştirakı ilə bir neçə saat davam edən konfransda partiyada yaranan qruplaşmalar, dözümsüzlük və Əli Kərimlinin öz şəxsiyyəti ətrafında yaratdığı bütləşmə tənqid edilib. Konfransda içtimai-siyasi, sosial vəziyyətlə bağlı dinləmələr olub.Konfrans sonda Şakir Məmmədovu Sumqayıt şəhər təşkilatına sədr seçib. Konfransda Ali Məclis üzvü, nəzarət təftiş komissiyasının üzvləri və qurultaya dörd nümayəndə seçilib. Konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Müzakirəyə çıxarılan AXCP-nin gələcək planları və üzvlərin işsizlik, mənzil problemi, əhalinin sosial durumu ilə bağlı suallar çoxluq təşkil edib. Qarşıdan gələn parlament seçkiləri də müzakirə mövzusu olub. Tədbirdə çıxış edən Ş. Məmmədov bildirib ki, Azərbaycan "müxalifətinin" 22 illik mübarizəsi heç bir nəticə verməyib. Ş. Məmmədovun sözlərinə görə, AXCP sədri Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev cəbhədən küsmüşləri, qovulmuşları, istefa verənləri öz ətrafına toplayaraq əsl AXCP-nin güc mərkəzini yaradır: "Hər birimiz AXCP ətrafında birləşərək siyasi güc mərkəzinə çevrilməliyik. Hazırkı müxalifət liderləri qarşıdan gələn deputat seçkilərinə hazırlaşır.Əslində partiya lideri deputatlıq uğrunda yox, prezidentlik uğrunda mübarizə aparmalıdır". "Hörmətli bəylər, gəlin Razi bəyin ətrafında birləşərək müstəqilliyimizin banisi Böyük Elçibəyin yaratdığı AXCP-yə sahib çıxaq", - deyə o qeyd edib. ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00