“Əli Kərimli biz tərəfə keçsə, deyəcəklər ki, o, partiyadan 2 il əvvəl qovulub”
Cavid Musazadə: “Uzun illər cəbhədə olub çıxmış insanlar, hərəkatçılar, bu gün cəbhədə olan, lakin rəhbərliyi qəbul etmədiyi üçün passiv olan insanlar bu proseslərə cəlb olunurlar”
31 Avqust 2015 14:42 SiyasətMətbuatda AXCP tərəfindən AXCP Etimad Qurultayının Təşkilat Komitəsinə kütləvi axınla bağlı partiya rəhbərliyindən təkzib verilib. Bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. "Olaylar"a açıqlamasında AXCP Etimad Qurultayı TK-nin üzvü Cavid Musazadə AXCP üzvlərinin əksəriyyətinin bəyanatları ilə onlar tərəfə keçdiklərini deyib. AXCP tərəfinin təkzib metodlarının yalnış olduğunu deyən C. Musazadənin sözlərinə görə, əks cəbhənin təkzib metodlarını ifşa edən kifayət qədər faktlar var: "Nərimanov şöbəsindən istefa verənlər haqqında Məmməd İbrahim mətbuata açıqlamasında biz tərəfə keçən cəbhəçilərin 2-3 il əvvəl partiyadan xaric olduqlarını iddia etdi. Mətbuata açıqlamasında AXCP Nərimanov şöbəsinin bir neçə gün əvvəl istefa vermiş məclis sədri Rüfət Əliyev isə təsdiq etdi ki, bu adamlar yaxın günlərədək şöbənin üzvləri olublar. Yəni AXCP tərəfdən olan təkziblər yalnışdır. Bunlar bu taktikanı seçməklə bizim tərəfə keçən insanlara qarşı sosial şəbəkə və digər mətbuat qurumlarında "qarayaxma kampaniyası" aparırlar. Bununla cəmiyyəti reallıqlardan uzaqlaşdırmağa çalışırlar. Hətta xalq nümayəndələri AXCP rəhbərliyini lağa qoyaraq deyirlər ki, "Əli Kərimli və Fuad Qəhrəmanlı da bizim tərəfə keçsə, yenə bəyanat yayacaqlar ki, bu iki şəxs iki il əvvəl partiyadan qovulublar". Yəni, reallıqlar bundan ibarətdir ki, bizim tərəfə pərakəndə və şöbə şəklində keçənlər var. Biz artıq 4 şöbədə konfrans keçirmişik. Proses ardıcıl olaraq davam edəcək. Sentyabrın axırınadək qurultay keçirmək niyyətindəyik, amma, 1-2 ay yubanmanın olması da istisna deyil". Hal-hazırda bərpa konfranslarının həyata keçirildiyi barədə məlumat verən Cavid Musazadə qeyd etdi ki, uzun illər cəbhədə olub çıxmış insanlar, hərəkatçılar, bu gün cəbhədə olan, lakin rəhbərliyi qəbul etmədiyi üçün passiv olan insanlar bu proseslərə cəlb olunurlar: "Yekunda qeydiyyatla bağlı və bizi rəsmi qurum kimi tanıması üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Dəstək üçün Avropada müəyyən beynəlxalq təşkilatlara da müraciət edəcəyik. Hər yerdə mübarizə aparacağıq ki, nəticə bizim lehimizə olsun". ("OLAYLAR" İA)