AXCP-də Əli Kərimli dönəmi bitir
27 Avqust 2015 14:15 Siyasət2015-ci ilin avqustun 18-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının tarixində yeni dönəmin başlancığı kimi düşəcək. Partiyada Əli Kərimli avtoritarizminə etiraz edən fədakar cəbhəçilər həmin gün fövqəladə qurultay təşəbbüsü ilə çıxış ediblər. Oxşar təşəbbüslə 2000-ci ilin avqustunda Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi klassiklər çıxış etmişdilər. Lakin xaricdəki havadarları o zaman balaca bir qrupa liderlik edən (AXCP üzvlərinin böyük əksəriyyəti klassiklərə qoşulmuşdu) Əli Kərimlini dəstəklədirlər. 2002-ci ildə başlanmış birləşdirmə kampaniyası da ciddi uğur qazana, AXCP-ni Əli Kərimlinin inhisarından çıxara bilmədi. O zaman Əli Kərimli Müsavatla yaxınlaşmışdı, müxalifətin qara piar maşını AXCP sədrinin tərəfində idi. İndi situasiya dəyişib. Əvvəla, son 3 ildə Rusiyapərəst siyasət yeritməsi (Rusiyayönümlü şəxslərlə Milli Şura adlanan qurum yaratması) Əli Kərimlinin qərbpərəst imicini ciddi şəkildə sarsıdıb. Qərbdə artıq AXCP sədrinə etimad göstərmirlər. Milli Şurada sekulyar dövlət modelinə zidd olan radikal dindarların təmsil olunması, AXCP yetkililərinin İranpərəst mövqe nümayiş etdirməsi də Əli Kərimliyə Qərbdə etibarın itməsini şərtləndirən amillərdəndi.
Əli Kərimli daxildə də etibarını itirib. Azərbaycan ictimai rəyi bu adamı sürüşkən mövqeyə malik, mandat və pul naminə mövqeyini asanlıqla tərk etməyə hazır birisi kimi tanıyır. 2005-ci ildən Əli Kərimli hamiləri yanında da etibarını itirib və zorən radikal müxalifətə çevrilib. Azərbaycanda müvəqqəti olduğunu yaxşı bilən Kərimli doğmalarını İngiltərəyə yollayıb, özü isə pasport alıb mühacirət edəcəyi günü gözləyir. O günə qədər isə "radikal olmaq" lazımdır.
AXCP-nin siyasi dalana dirənməsi də birbaşa Əli Kərimlinin kaprizləri ilə bağlıdır. Bir zamanlar (90-cı illərdə) medianın sevimlisinə çevrilmiş, bir sıra ideoloqların "konstruktiv müxalifət" lideri hesab etdiklər Əli Kərimlinin radikal siyasətçiyə çevrilməsi məhz öz şəxsi maraqları ilə bağlıdır. Əli Kərimli şəxsi istəyinə uyğun olaraq bütün müxalifət partiyaları ilə düşmən münasibətdədir. Əli Kərimlinin şəxsi maraqlarına uyğunlaşdırılmış AXCP siyasi dalana dirənib. Partiyanı siyasi dalandan qurtarmaq, qaragüruhun əlindən almaq lazımdır. Bunun üçün intellektual potensiala malik, fədakar cəbhəçilərə ehtiyac var. AXCP Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsində kifayət qədər əqidəli, başladılan işin məsuliyyətini dərk edən cəbhəçilər toplaşıb. Əli Kərimlinin ancaq söyüş və qarğışı bacaran komandasında bu cür gənclər demək olar ki yoxdur. AXCP-dən son istefalar onu deməyə əsas verir ki, partiya üzvlərinin əksəriyyəti mövcud durumdan narazıdır və Əli Kərimlinin avtoritar üsul-idarəsinin təşkilatı uçuruma apardığının fərqindədir. Sıravi AXCP üzvlərindən AXCP EQTK-ya ciddi dəstək var. Yəqin ki, yaxın günlərdə cəbhəçilərin böyük əksəriyyətinin iştirakı ilə fövqəladə qurultay çağrılacaq və AXCP-də Əli Kərimli avtoritarizminə son qopyulacaq. Sağlam əqidəli cəbhəçilər Fuad Qəhrəmanlının rəhbərlik etdiyi qara piar maşınının quduz dişini sındıracaq, partiya rəhbərliyini ələ keçirmiş Natiq Ədilov kimilərinin qaragüruhçu fəalliyyətinə son qoyulacaq.
Ərhun