“Razi Nurullayev Əli Kərimli nağılına son qoydu”
Seymur Süleymanov: “Mübarizədə onun qalib gəlmək şansları yoxdur. Çünki maskası düşüb”
27 Avqust 2015 13:22 SiyasətSiyasi analitik Seymur Süleymanov son günlərdə AXCP sədri Əli Kərimli və narazı cəbhəçilər arasında baş verən gərgin proseslər barədə "Olaylar"ın suallarını cavablandırıb.
- Bildiyiniz kimi Razi Nurullayevin liderliyi ilə bir qrup narazı cəbhəçi yeni qurumda birləşdi. Onlar AXCP adına iddia edirlər və Əli Kərimli tərəfindən əks cəbhəyə kifayət qədər cəbhəçi keçdi. Fikrinizcə, bu amil Əli Kərimlinin cəbhəsinə hansı təsirləri göstərəcək?
- Əli Kərimli artıq partiyasında təkbaşına qalıb. Hətta, illərlə Əli Kərimli ilə çiyin-çiyinə olanlar onu tək qoydular. Çünki Kərimlinin etibarsız biri olduğunu yavaş-yavaş hər kəs görür. Onun əsl üzünü isə cəmiyyətə açan Razi Nurullayev oldu. AXCP-də illərlə Əli Kərimlinin hoqqabazlığını, ədalətsizliyini, qanunsuz hərəkətlərini görənlər və səsini çıxartmayan partiya yoldaşları, sonda Razi bəyin ətrafına toplaşaraq ictimaiyyətə deyə bildilər. Bununla da Əli Kərimlini "demokratiyanın atası", "ədalətin anası" kimi bilənlər artıq yanılmış olduqlarını dərk etdilər. Razi Nurullayev və partiyadan istefa verən cəbhəçilər Əli Kərimlinin maskasını cırdılar. Bununla da Əli Kərimli nağılına son qoyuldu.
- Əli Kərimli kimi Milli Şura sədri Cəmil Həsənli də baş verənlərə eyni təpkini göstərir. Necə oldu ki, Cəmil Həsənli kimi yaşını sürmüş bir ziyalı Əli Kərimli kimi adamın təsiri altına düşdü?
- Əli Kərimli kimdir ki, Cəmil Həsənli onun təsiri altına düşsün? Yaxud da başqası?! Kərimlinin özü fiqurdur. Xarici güclərin maraqlarına xidmət edən bir gözətçidir. Cəmil Həsənlinin belə düşünməsinə təəssüflənmirəm. Çünki, Həsənli Əli Kərimlinin yanında olandan özünü yandırıb və onunla eyni maraqlara xidmət etmək məcburiyyətindədir. Nə də olmasa, ikisi də xarici qüvvələrin maraqlarına xidmət edən şəxslərdir.
- Beləliklə, narazı cəbhəçilərin addımını doğru qərar hesab etmək olarmı?
- Doğru addım hesab edirəm. Razi Nurullayev AXCP-də yatan və Kərimlinin qanunsuzluğunu görüb göz yumanları oyatdı və sədrə tərs sillə vurmuş oldu. Bilirsiz, AXCP Əli Kərimlinin biznes mərkəzidir. Kərimlinin partiyası nə Əbülfəz Elçibəyin siyasi xətti, nə də cəbhəçi xətti ilə çıxış edir. AXCP Əli Kərimli sayəsində siyasi yolunu itirmiş bir partiyaya çevrilib. Bəlkə də partiyanın başında o olmasaydı, indi AXCP ölkənin sanballı partiyalarından biri olardı.
- Əli Kərimlinin narazı cəbhəçiləri durdurmaq üçün manevr imkanları varmı?
- Bu mübarizədə onun qalib gəlmək şansları yoxdur. Çünki, maskası düşüb.
- Bəs, bu qədər tənqid qarşısında AXCP sədri niyə istefaya getmir?
- Çoxlu üzü var, ona görə. Çünki ona hələ o əmr gəlməyib. O özbaşınadır ki, durub deyə, "mən istefa edirəm"?! Əli Kərimlinin iradəsi başqalarının əlindədir.
Ömər Zamin