“İsa Qəmbər və Əli Kərimli ortadakı heç nəyi bölüşə bilmirlər”
Elşən Musayev: “Ən xırda məsələlərə görə, insanları ortalıqda qoyardılar, dövlətin maraqları satılardı”
7 Noyabr 2014 14:53 Siyasət"AXCP və Müsavat müxtəlif dövrlərdə elə bir siyasi fəaliyyət ortaya qoyublar ki, indi onlardan hər şey gözləmək mümkündür". Partiyalar arasında əməkdaşlıq perspektivlərini dəyərləndirən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev belə deyib. E.Musayev hesab edir ki, onların qeyri-ciddi düşmənçiliyi kimi dostluğu da qeyri-ciddidir. DMP sədrinin sözlərinə görə, onlar həmişə biri-birlərini təhqir edib, sonra oturub bir yerdə çörək yeyirlər: "Ya kişi kimi düşmən, ya da kişi kimi dost olmaq lazımdır. Vaxtilə İsa Qəmbər deyirdi ki: "Əli Kərimli adında Azərbaycan siyasətində adam tanımıram". Əli Kərimli isə demişdi ki: "Tanış olarıq". Sonradan həqiqətən tanış oldular. Məsələn, 2000-ci ildə İsa Qəmbər KXCP-nin elektoratını özünə cəlb edib parlament seçkilərində AXCP-ni dağıtmaq istəyirdi. Bununla müxalifəti monopoliyaya keçirmək niyyətindəydi. Yəni ki, zaman-zaman biri digərini həmişə vurub. Sonra bunun acığını çıxırlar. Səbəb həmişə ambisiya olub. Bunlar hələ ortalıqda olan heç nəyi bölüşə bilmirlər. Cəmil Həsənli tele-debatlarda boş-boş danışanda ona "tırka" verənlər yenə Əli Kərimli və İsa Qəmbər idi. Biri-birinə itin sözünü deyən adam, sabah dövləti necə idarə edər? Ümumiyyətlə belə bir şey mümkün deyil. Gərək o zaman bilmirəm, dünyanın neçənci möcüzəsi gerçəkləşəcək. Ən xırda məsələlərə görə, insanları ortalıqda qoyardılar. Dövlətin maraqları satılardı, bunun əzabını yenə insanlar çəkərdilər. 92-ci ildə Qarabağın timsalında həmin əzabı çəkdik. Bu gün də çəkirik. Bunların tör-töküntülərini 22 ildir, yığışdıra bilmirik. Onlar bundan sonra küsüb barışacaqlar, barışıb küsəcəklər. Belə də davam edəcəklər, həm dost, həm də xəyanətkar olacaqlar. Çünki bunların mahiyyəti budur. Amma bunların biri beşinə, beşi də birinə dəymir. Barışsalar nə olacaq, barışmasalar nə olacaq?!". ("OLAYLAR" İA)