Qeyrətsizlik sindromu, yoxsa fahişəlik təşbehi

Kişiliyimiz əldən gedir, ay ellər. Bu proses təkcə ölkədə mavilərin sayının artması, paytaxtın mərkəzi küçələrində cinsi azlıqların meydan sulaması ilə müşayət olunmur. Məsələ orasındadır ki, kişilik, qeyrət rəmzlərinə aid nə varsa hamısını əldən vermək təhlükəsi ilə üzləşmişik. Artıq sözün bütöv mənasında kişisizlik sindromu baş alıb getməkdədir. Ata qızını, qardaş bacını, əmi qardaş qızını zorlayır və bu nakişiliyin altından çıxmaq üçün günahı ehtirasının qurbanı olmuş qadınlarda axtarmaqdan belə çəkinmir. Düzdür, əvvəlcə qadınlara papağımızı, şalvarımızı, maşınımızı, elə lap eynəyimizi peşkək etdik. İndi isə gender bərabərliyinin bərqərar olduğu mühitdə onları geri ala bilməkdə cəsarətsizlik nümayiş etdiririk. Məhşur aktyorumuz Lütvəli Abdullayevin sözü olmasın, "elə bir ucdan itirə-itirə gedirik". Artıq kişilər ömrü boyu bir cins şalvar geyinir, qadınlar isə yeni dəbə uyğun şalvar kolleksiyası nümayiş etdirir. Avtomobillərin ən bahalısına qadınlar sahib olur, sürəndə də göz qaytarmaq xatirinə kişiləri yanlarında oturdurlar. Həmçinin mətbəxti bölüşdük, ev işlərini, paltar yumaq, xörək hazırlamaq kimi xislətimizə yad vəzifələri üzərimizə götürdük. İndi restoranların 99 faizində kişilər yemək hazırlayır, kənd yerlərində toy, yas mərasimlərini kişi aşbazlar yola verir. Nümunə üçün bir qadın aşbazımız yoxdur ki, televizora çıxarıb millətə nümayiş etdirək. Bütün telekanallardan kişilər icad etdikləri yeni xörək reseptlərindən bəh-bəhlə söhbət açırlar. Qısası, indi kişilər bişirir, qadınlar qiymət verir. Vaxtilə ermənilərə qan utduran, hər gün bir erməni terrorçusunun başını ərmağan gətirən qəhrəman oğullarımızın nümayəndələri indi utanmadan, çəkinmədən televiziya kanallarına çıxaraq evdən qaçmış arvadının geri qaytarılması üçün yardım istəyir. Öz halalca arvadına sahib çıxa bilməyən belə "oğullardan" Vətən, millət qeyrəti gözləmək yersiz olardı. Lakin bütün sadalananlar əlimizi əlimiz üzərinə qoyub oturaraq baş verənlərə biganə yanaşmağa əsas vermir. Çünki ətrafımızda hər gün bir-birindən dəhşətli hadisələrin baş verməsinin şahidi oluruq. Bir neçə gün öncə Bakıda baş verən maraqlı bir hadisə fikrimizi bir daha təsdiqləməyə əsas verir. Belə ki, Qaradağ rayonunun Ələt qəsəbə sakini Ramil Ağayev polis bölməsinə ərizə ilə müraciət edərək, arvadı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbovun və İsmayıl İbrahimovun çəkilmiş videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib ondan 500 manat pul istəmələrini bildirib. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İbrahimov və Ə.Qayıbov 500 manat pulu R.Ağayevdən alarkən tutulub, video yazı olan mobil telefon onlardan götürülüb. İndi belə çıxır ki, ailələr evdə rahat yata, oturub-dura bilməzlər ki, şəkilçəkən telefon icad edilib. Cəmiyyətdə belə halların baş verməsini elm və texnikanın inkişafı ilə əlaqələndirmək qətiyyən düzgün olmazdı. Arvadını soyundurub telefona çəkərək şantay etməyin elmi nailiyyətlərə nə dəxli var? Əslində texniki nailiyyətlərin mənəviyyatsız adətlərə yönəlməsinin müalicəyə ehtiyacı var. Təbii ki, vəziyyətin bu həddə çatmasında təkcə kişi və qadınlarımızda günah axtarmaq ədalətsizlik olardı. Bu, cəmiyyətin üzləşdiyi bədbəxtçilikdir ki, ondan qurtulmağın hələ çox uzun çəkəcəyi şübhəsizdir. Çünki, bu proses cəmiyyətin bütün təbəqələrini özünə cəlb etməyi bacarıb. Məsələn,Yazıçılar Birliyinin üzvü, şair Rüstəm Behrudinin "Hamıya qalib gəlib özünü satan Bakı" adlı məqaləsində əks olunan fikirlərə etirazlar durmadan artır. Sadə insanlarla yanaşı ziyalılar da yazıçının bu məqalədə Bakını və bakılıları təhqir etdiyini düşünür. Xatırladaq ki, yazıçı Rüstəm Behrudi Bakı haqqında məqaləsində etik olmayan kəlmələrdən istifadə edərək Bakı haqqında bunları demişdi: "Nə vaxtsa bu şəhərdə qalmaq üçün salam verməyə, çıxıb getmək üçün vidalaşmağa bir kimsə yoxdur, yazsam da, Bakını həmişə məkrli bir qadın kimi sevdim. O, məni oyunlarına salsa da, aldatsa da, onu sevdim, ona aşiq oldum. Bakı! Bakı! Sevib aşiq olduğum, harda olsam da unuda bilmədiyim şəhərdir. Mən ona bir fahişə qadına aşiq olduğum kimi aşiq oldum. Soyunan çılpaq qadına, sağ-solu fahişələrlə dolu, ən uzun küçəsinə, üzümüzə bağlı ən böyük meydanına Azadlıq adı qoyan Bakı! Bizə qoynunda Azadlıq boyda meydan verən möhtəşəm, Şuşaya gedən yolları can verən, ölən namərd Bakı!" Məqalə etiraz doğurduqdan sonra isə Rüstəm Behrudi bu dediklərinin düzgün başa düşülmədiyini bildirib. O, "Bakını anam, atam, bacım, qardaşım kimi sevdim" deyərək üzr istəyib.
Təkcə bu iki fakt deməyə əsas verir ki, cəmiyyətin düşdüyü bəladan xilas olması üçün ziyalı işığı, ağsaqqal örnəyinə eytiyac var. Təəssüf ki, ziyalılarımız Moşu Göyəzənli kimi qafiyə axtarışına çıxıblar. Fərqi ondadır ki, Moşu xoşbəxtliyə qafiyə axtarırdı, indiki yazarlarımız isə fahişəliyə. Qafiyəni tutuzdura bilməyəndə də Əkrəm Əylisi sayağı deyirlər ki, "məni düzgün başa düşməyiblər". Burada başa düşüləsi nə var ki, doğma Bakımız müqəddəs analarımıza, namuclu qızlarımıza, ismətli bacılarımıza, ümumiyyətlə millətin müqəddəs hesab etdiyi neçə-neçə varlıqlara bənzədilmək əvəzinə fahişə qadın obrazına salınır. Özü də belə bir bənzətmə ağsaqqal hesab etdiyimiz, hörmət-izzətini saxladığımız, hər zaman gənclərə örnək göstərdiyimiz sevimli şairimiz tərəfindən edilir. Onu da qeyd edək ki, indi elə bir vəziyyət yaranıb ki, siyasətçisindən tutmuş yazarlara qədər, hamı fahişə təşbehi axtarışındadır. Ən müqəddəs dəyərlərimiz belə fahişələrlə müqayisə edilir. Nəticədə elmdə, siyasətdə, mədəniyyət və incəsənətdə fahişəlik təşbehi ayaq tutub yeriyir. Nədir insanları bu qədər ucuzluğa aparan, müqəddəs varlıqları inkar etməyə sovq edən amillər? İnsanların düşüncəsində problem yaranıb, yoxsa yazarlarımız qafiyə kasadlığı ilə üzləşiblər?
 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31