“13 yaşlı qızın hələ gəlincik oynadan vaxtıdır” - AKTUAL
Lalə Mehralı: “Atamın nənəsi özündən qat-qat böyük birisi ilə ailə həyatı qurarkən yetkinlik yaşına çatmadığı üçün 2 il qaynanası ilə birgə yatmalı oldu”
16 İyul 2013 15:17 ProblemAilə sütunlarının yetərincə möhkəm olmamasına səbəb olan əsas amillərdən biri də erkən nikahların sayının artmasıdır. Boşanmalarda da erkən nikahların özünəməxsus çəkisi var. Kimisi valideynləri tərəfindən buna təhrik edildiyi, kimisi isə ata-anası arasında problemlərdən yaxa qurtarmaq üçün öz istəyi ilə erkən yaşlarda nikaha girir. Həyatın bərkini-boşunu belə anlamayan, valideynləri və sinif yoldaşlarından başqa heç kəslə ünsiyyətdə olmayan, yaxşını pisdən ayırmayan yeniyetmələr üçün erkən nigaha girmək bəlkə də zövqdən başqa heç bir anlam daşımır. Bu gün qızını tez ərə verdiyi üçün qürrələnən valideynlər bir çox hallarda övladları boşanaraq evə qayıtdığı üçün için-için ağlamalı olur. Bu yolla övladının həyatı ilə siçan-pişik oyunu oynayan valideyn onun bədbəxtliyinə də imza atır. Sosioloq Lalə Mehralı rayon tipli ərazilərlə yanaşı şəhərlərdə də erkən nikahlara meyilliliyin geniş yayıldığını deyərək valdieynlər tez övlad toyu görməsinin də bunun əsas səbəblərindən biri olduğunu vurğulayır: "Erkən nikahlar nəinki rayonlarda, elə şəhərdə də geniş yayılıb. O dəfə də qadınlar arasında baş tutan söhbət zamanı valideynin 17 yaşı tamam olan oğlunu yaxın aylarda evləndirəcəyini eşitdim. Qadın hərbi xidmətə getməyə hazırlaşan 17 yaşlı oğlundan danışaraq hərbi xidməti başa çatdırmamış onu evləndirəcəyini dedi. Oğlunun yaşı 17, nişanlı olduğu qızın yaşı isə 13-dür. 14 yaşı tamam olmayan qızın belə erkən ailə həyatı qurması hamiləlik dövründə onun üçün təhlükəli ola bilər. Ailə həyatı qurmazdan öncə planlaşdırmanın olmaması, beləcə 14-15 yaşlı bir qızın dünyaya övlad gətirməsi bir sıra problemlərə yol açmış olur. Ümumdünya Səhiyyə Təşkilatı qadınlar üçün evlilik yaşının minimum 18 olduğunu deyirsə niyə ölkəmizin bir çox bölgələrində buna məhəl qoyulmur? Bir çox hallarda valideyn düşünür ki, birdən övladının toyunu görə bilməz, buna görə də istəyini ürəyində boğmayaraq övladının bədbəxtliyinə imza atır. 13 yaşlı qız ailə həyatı qurarkən xoşbəxt ola bilərmi? Erkən evliliklərdə hər hansı güvəndən, xoşbəxtlikdən və inamdan söhbət gedə bilməz. 13 yaşlı qızın hələ gəlincik oynadan vaxtıdır". Erkən ailə həyatı qurmağın oğlanlar üçün də çətin olduğunu deyən L.Mehralı onların bu yaşda əzab-zəiyyətə alışmalarının vacibliyini vurğulayır: "17 yaşlı gənc oğlan üçün ailə saxlamaq çətindir. O, bu yaşda hələ də ailənin tam olaraq nə olduğunu dərk edə bilməz. İşləməli, əzab-əziyyətə qatlaşmalıdır ki, sabah da gözəl ailə başçısı ola bilsin. Artıq bir neçə ildir ki, ailə həyatı qurmaq üçün gənclərin yaş həddi 18 müəyyənləşdirilib. Qanunun qəbulu da erkən nigahların sayını azaltmadı. Erkən nikaha girmək istəyən şəxslər vəziyyətdən çıxış yolunu vətəndaş nikahında tapırlar. Vətəndaş nikahından doğulan uşaq qeyri-qanuni yolla dünyaya göz açır. Dövlət belə ailələri rəsmən tanımadığı üçün onun məsuliyyətini də daşımır". Vətəndaş nikahının daha çox ölkənin cənub bölgəsində üstünlük təşkil etdiyini deyən L.Mehralı öncəki illərlə müqayisədə erkən nikahların sayının bir o qdər də artmadığını söyləyərək bunun səbəblərini izah edir: "Öncəki illərdən fərqli olaraq düşünürəm ki, erkən nikahlara meyilliliyin sayı artıb. Bunun da səbəbi qızların öz hüquqları haqda maariflənməsi, daha geniş dünyagörüşə malik olmasıdır. Müvafiq qurumlar da bölgələrdə bu istiqamətdə lazımi tədbirlər görür. Bu cür tədbirlərin əsas məqsədi qadın zorakılığının, onların iqtisadi asılılığının qarşısını almaqdır. Bu istiqamətdə xüsusi treninqlər də həyata keçirilir. Bu yolla qadınlar hüquqları haqda daha ətraflı maariflənir, müəyyən peşə sahibi olur, maddi asılılıqdan qurtulmanın yolunu tapır. Beləcə öz hüquqlarından xəbərdar olan qadınlar başa düşürlər ki, heç kəs onları erkən nikaha girməyə məcbur edə bilməz. Bu cür tədbirlər gələcəkdə daha bilikli, hərtərəfli anaların sayının artmasına xidmət edir. Savadlı, hüquqları haqda maarifli olan, maddi asılılığı olmayan ananın övladının gələcəyi də işıqlı olacaq".
Maddi asılılığın olmamasının qadına hər zaman yardımçı olduğunu deyən sosioloq bunun gələcək faydaları haqda da danışır: "Dünyanın gedişatından heç kəsin öncədən xəbəri ola bilməz. Ola bilər ki, sabah bu qadının həyat yoldaşı dünyasını dəyişsin, ya başına nəsə dəhşətli bir hadisə gəlsin. O zaman özünü təmin edə bilən, heç kəsdən maddi asılılığı olmayan qadın 2-3 övladı ilə başına çarə qılacaq. Belə qadın nə övladını internata vermək məcburiyyətində qalmayacaq, nə də ki ata evinə qayıtmayacaq. Erkən nikahlara birdəfəlik son qoymaq olmaz. Tədricən valideynlər, qızlar maarifləndikdən sonra erkən ailə həyatı qurmaqdansa özlərini maddi cəhətdən təmin etməyə çalışacaqlar". Erkən yaşlarda nikaha girən qızların böyük əksəriyyətinin hüquqlarından bixəbər olduğunu deyən L.Mehralı şəxsi təcrübəsinə əsaslanaraq hələ uşaq ikən ailə həyatı quran ata nənəsi haqda danışır. L.Mehralı erkən yaşda nikaha girən, zifaf gecəsinin belə nə olduğunu anlamayan qızların hərtərəfli zərbə aldığını deyərək onlarda əks cinsə qarşı münasibətlərin daha da gərginləşdiyini söyləyir: "Erkən ailə həyatı quran qızların böyük əksəriyyəti hüquqlarından xəbərsizdir. Atamın nənəsi özündən qat-qat böyük birisi ilə ailə həyatı qurarkən yetkinlik yaşına çatmadığı üçün 2 il qaynanası ilə birgə yatmalı oldu. O dövrdən fərqli olaraq yetkinlik yaşına çatmayan qadını toy gecəsi əri ilə birgə olmağa vadar edirlər. Həmin o toy gecəsi qadına psixoloji sarsıntı da yaşadır. O gecənin mənasını dərk etməyən gənc xanım üçün bu dəhşətlidir. O əks cinsə qarşı hər zaman çəkingən olur. Qızların erkən nikaha girməsində valideynlərin məsuliyyətsizliyi rol oynayır. Gəlinlik, müəyyən geyimlər alaraq onu toy üçün həvəsləndirilir. Qır-qızıla, pal-paltara aldanaraq erkən ailə həyatı quran qadınlar övladları böyüdükcə özlərini güvənsiz, hüquqsuz hiss etdikləri üçün daha çox əzab çəkirlər. 15 yaşında uşaq ikən tərbiyə almayaraq ailə həyatı quran qadın övladına da lazım olan biliyi, tərbiyəni verə bilmir". Bu cür ailələrin təməllərinin möhkəm olmadığını deyən L.Mehralı tərəflər arasında yarana biləcək münaqişələrin də vazkeçilməz olduğunu söyləyir: "Belə ailələrin təməli möhkəm olmayacaq. Uşaq düşüncəsi ilə ailə həyatı quran gənclər bir-birlərini yola verməyəcək, nədəsə güzəştə getməyəcəklər. Ailədə həmrəylik mütləqdir. Sağlam ailənin qurduğu sağlam cəmiyyət sağlam dövlətin təməlini qoyur. Sağlam ailə, həmrəylik, söz, fikir, maddi birlik ailənin əsas sütununu təşkil edir.Ailə özü də kiçik dövlətdir. Ailənin dövlət kimi öz qanunları, yazılmamış dəyərləri var. Həyatı dərk etməyən bir yeniyetmə ailə məsuliyyətini necə daşıya bilər? Belə ailədə heç bir möhkəmlikdən söhbət belə gedə bilməz". 22 yaşlı qızın Azərbaycan reallığında bir çox hallarda evdə qalmış kimi qəbul edilməsi məsələsinə toxunan sosioloq qohumluq münasibətləri üzərində qurulan erkən nikahlar məsələsinə də toxunub: "Bəzi valideynlər qızlarını tez ərə verdikləri üçün başqasının 22 yaşlı qızına lağ edir, onun evdə qaldığını deyir. 22 yaşlı qız evdə qalmış hesab edilir. Oğlan evi də bir çox hallarda qızlara erkən yaşda, məktəbi bitirər-bitirməz elçi düşür ki, sabah onun qapısına gələnləri qabaqlasın. Şəki tərəflərdə bu düşüncə geniş yayılıb. Valideynlər daha çox qohumluq münasibətləri olan birisinə qızını verməyi daha üstün tutaraq bu yolla övladlarının təhlükəsizliyini təmin etdiklərini düşünür. Çünki düşünürlər ki, qohum ətini yesə də sümüyünü atmayacaq. Lakin bu münasibətlərdən dünyaya gələcək xəstə körpənin taleyi haqda öncədən heç kəs düşünmür. Heç bir valideyn düşünmür ki, o övladını erkən nikaha vadar etdiyi, qohuma verdiyi üçün bu cür fəsadlarla qarşılaşıb". L.Mehralı boşanmaların sayının artmasında da erkən nigahların rolunun böyük olduğunu vurğulayır: "Onlar bir-birlərini başa düşmədikləri üçün boşanmaya əl atırlar. Ən çox qadınlar boşanmaya meyilli olur. Bunun da səbəbi milli mentalitetdir. Kişi bir çox hallarda özü belə boşanmaq üçün istəsə qadını boşanmaq məhkəməyə sənəd verməyə vadar edir. Kişi düşünür ki, əgər o bu addımı atarsa el arasında yaxşı qarşılanmaz, namusunu qorumuyan birisi kimik qələmə alınar". Ötən il boşanmaların sayına görə Gəncənin lider olduğunu söyləyən sosioloq burda hər beş ailədən üçünün ən geci iki il ərzində boşandığını vurğulayaraq bunun da əsas səbəbi kimi erkən nikahların artmasını göstərir: "Ötən il boşanmaların sayına görə Gəncə lider idi. Gəncədə ailə həyatı quran hər beş ailədn üçü boşanırdı. Boşanan ailələrin böyük əksəriyyəti cəmi iki il birgəlik sürüblər. Sosiloqların da fikrinə görə Gəncədə boşanmaların böyük əksəriyyətinə erkən nikahlar səbəb olub". Erkən nikahların sayının azalmasında təşkil olunan treninqlərin, müəyyən tədbirlərin mühüm rol oynaya biləcəyini deyən sosioloq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu istiqamətdəki fəaliyyəti haqda danışıb: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müxtəlif bölgələrdə mərkəzləri fəaliyyət göstərir. Düşünürəm ki, komitə bu istiqamətdə nəinki qadınlar arasında, hətta kişilər arasında maarifləndirmə tədbirləri təşkil etməlidir. Erkən nikahların, qohum nikahların zərərləri haqda bu yolla valideynlərə lazımi informasiya vermək olar. Əks halda bizi gələcəkdə aşınmaya məruz qalan nəsil gözləyəcək. Müəyyən video çarxlar, bukletlər hazırlamaqla valideynləri hərtərəfli məlumatlandırmaq olar. Bu video çarxlar nə qədər acınacaqlı formada təqdim edilsə bir o qədər yaxşı nəticə vermiş olar. Valideynlər övladlarını gözləyəcək bu dəhşətdən qorxsalar bu yoldan çəkinərlər. Nəvəsinin bir əli ya ayağı olmayanda, nitqində, yerişində qüsur olanda, əqli inkişafdan geri qalanda artıq bunu doğuran səbəblər haqda düşünmək gec olacaq. Yetkin olmayan bir bədəndən doğulan, qohum münasibətlərdən dünyaya gələn körpələrin böyük əksəriyyətini belə fəlakətlər gözləyir. Bu məsələdə nə körpənin, nə də ki onu dünyaya gətirən ananın günahı yoxdur. Əsas günahkarlar qızın valideynləridir. Nəyəsə aldanıb tezbazar qızını ərə verirlər. Bu gün 3 qoyuna belə qızını "satan"lar var". Gənclər üçün evlilik yaş həddinin Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi hesabatlara uyğun götürülməsinin vacibliyini qeyd edən L.Mehralı ailə həyatı qurmazdan öncə gənclərin bu məsuliyyəti dərk etməsinin də vacibliyini vurğulayır: "Ümumdünya Səhiyyə Təşkilatı qızlar üçün evlilik həddini 18, oğlanlar üçün isə 24 olaraq müəyyənləşdirib. 18 yaşı tamam olmayan bir qızın dünyaya gətirdiyi körpənin səhhəti sual altında olur. Oğlanlar üçün evlilik yaş həddinin 24 müəyyənləşməsinin səbəbi isə onların bu yaşacan məsuliyyəti dərk etməməsidir. Oğlan ailə həyatı qurarkən heç kəsdən asılı olmadan ailəsini dolandıra biləcəyini, onun hər yükünü daşıya biləcəyini dərk etməlidir. Maddi tələbatlarla yanaşı ailənin mənəvi tələblərini də ödəmək lazımdır. Ailə həyatı quran oğlan bir ata və ər kimi yetərli olmalıdır". Psixoloq Elnur Rüstəmli erkən nikahların həm tibbi, həm də psixoloji fəsadlar yaratdığını deyir: "Erkən nikahların yaratdığı fəsadlara müxtəlif aspektlərdən həm tibbi, həm də psixoloji aspektlərdən yanaşmaq olar. Fizioloji baxımdan erkən ailə həyatı quran qızların bir çoxu ana olmağa hazır olmur. Digər qismi isə uşaqla davranışda, onu necə böyüdüb-boya başa çatdırmaqda problemlər yaşayır. Özləri uşaq olduğu üçün körpəyə baxmaq, onun qayğısına qalmaq belə valideynlər üçün çətin olur. Buna görə də bir çox hallarda nənə-babalar körpəyə baxmağı öz ixtiyarlarına götürürlər". Erkən nikahların fəsadları haqda danışan psixoloq tərəflər arası münasibətlərin gərginləşməsində də bu amilin mühüm rol oynadığını deyir: "Erkən nikaha girən şəxslər bir-birlərini anlamada da çətinliklər yaşayırlar. Yeniyetməlik dönəmində gənclər tam olaraq formalaşmadığı üçün onların ailə həyatı qurması bir sıra fəsadlara yol aça bilər. Erkən ailə həyatı quran gənclərin böyük əksəriyyətində bunun şahidi ola bilərik. Problemin kökündə duran fakt isə onların hələ də evliliyə hazır olmamaları ilə bağlıdır. Bu kimi halların qarşısını qismən də olsa almaq üçün nikaha girən şəxsləri həm tibbi, həm də psixoloji müayinədən keçirtmək lazımdır". Yeni mühitə adaptasiya olunmağının da nəticədə bir sıra problemləri ortaya qoyduğunu deyən psixoloq qızların erkən nikaha meyilli olmasının səbəblərindən danışır: "Əksər hallarda valideynlər deyil, qızlar özləri erkən nikaha girməyə meyil edirlər. Bunun da səbəbi böyüdüyü ailədə valideynləri arasında münasibətlərin normal olmamasıdır. Bu cür sarsıntılardan yaxa qurtarmağa çalışan gənc çıxış yolunu erkən ailə həyatı qurmaqda görür. Bəzən də ali məktəbə daxil ola bilmədiyi üçün qız həyatında nəsə yenilik etmək məqsədi ilə nikaha daxil olur. Belə ailədə böyüyərək sonradan münaqişə yaşayan qız çıxış yolunun boşanmada görərək məhkəməyə müraciət edir. Azyaşlı qızlar üçün yeni bir ailəyə alışmaq çətin olduğundan onlar müəyyən problemlərlə qarşılaşır. İstər xanımlar olsun, istərsə də bəylər yeniyetməlik dövründə yaxşı olardı ki, bu dövrdə diqqətlərini təhsillərinə ayırsınlar, daha faydalı işlə məşğul olsunlar".
Boşanmalarda da erkən nikahların özünəməxsus çəkiyə malik olduğunu deyən psixoloq da Lalə Mehralının fikirləri ilə razılaşaraq arzuolunmaz olayların baş verməsinə əsas səbəb kimi tərəflərin bu yaş həddində bir-birini anlaya bilməməsini göstərir: "Yeniyetmə bu dövrdə daha çox gəzmək, vaxtını əyləncəli keçirmək istəyir. Buna görə ailənin maddi durumunu düşünmək, yaranan problemləri həll etmək onun üçün arxa planda qalır. Yeni mühitə, təzə həyata adaptasiya oluna bilməyən gənclər arasında buna görə boşanma faktları daha çox qeydə alınır".
Psixoloqun erkən yaşlarda ailə həyatı qurmağa hazırlaşan şəxslərə məsləhəti isə belə oldu: "Gənclərə məsləhətim odur ki, ailə həyatı qurmaq xətrinə erkən nikaha girməsin. Və düşünsünlər ki, ideal ailə deyə bir şey yoxdur. Hər ailənin öz daxilində fərqli-fərqli problemləri olur. Hər şeyin həlli yolunu boşanmada görməsinlər. Nikaha girən şəxslər ailənin məsuliyyətini dərk etməlidir. Valideynlər də erkən nikaha girmək istəyən övladlarının addımının əsas səbəbini öyrənməlidir. Qızı sevib ailə qurur, yoxsa ailədaxili münasibətləri pis olduğu üçün valideynlərindən ayrılmaq məqsədi ilə ailə həyatı qurur. Bir sıra nüansları nəzərdən keçirdikdən sonra sağlam ailə həyatı qurmaq mümkündür".
Nigar Məhərrəm
P.S. Qohumluq münasibətlərinin yarada biləcəyi fəsadlara növbəti mövzularda toxunacağıq.