Bazarlarda qiymətlər süni şəkildə şişirdilir - AKTUAL

Hazırda ölkənin əksər ticarət mərkəzlərində qiymət artımı davam edir. Baş verən bahalaşma demək olar ki, bütün istehlak məhsullarında müşahidə olunmaqdadır. Tikinti materiallarından tutmuş ərzaq və kənd təsərrüfatı məhsullarına qədər əksər növ mallar ikiqat bahasına satılmaqdadır. Ekspertlərin qənaətinə görə, hazırda qeydə alınan qiymət artımı heç bir iqtisadı bazisə söykənmir. Yəni bazarlardakı bahalaşma süni amillərlə bağlıdır. O amillər ki, onların hamısı nəzarət orqanlarına bəllidir, lakin onun qarşısını almaqda acizlik nümayiş etdirirlər. Başlayaq, elə kənd təsərrüfatı məhsullarının qiymətlərindən. Xatırladaq ki, iqtisadi amillərə əsasən yay mövsümü ilə əlaqədar indiki şəraitdə bütün növ məhsulların qiymətində artım yox, ucuzlaşma baş verməlidir. Çünki Azərbaycanın coğrafi mövqeyi və iqlim qurşağı imkan verir ki, ölkədə mövsümlə əlaqədar olaraq bostan və bağ məhsullari əhalinin tələbatından artıq istehsal edilsin. Bu il də həm rəsmi qurumlar, həm də fermerlər bəyan ediblər ki, ölkə məhsul qıtlığı ilə üzləşməyəcək, kifayət qədər məhsul tədarük edilib. Üstəlik xarici ölkələrdən də kifayət qədər məhsul idxalı həyata keçirilir ki, bu da dolayısı ilə qiymətlərin aşağı düşməsinə təsir edən amillərdən hesab olunur. Belə halda, bazarlarda qiymətlərin günü-gündən artmasına səbəb olan amillər hansılardır?

Bazarlardakı real vəziyyətə nəzər salsaq bəlli olar ki, qiymətlər əvvəlki illərlə müqayisədə xeyli dərəcədə artıb. Statistika Komitəsinin məlumatına görə, yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.3 faiz bahalaşıb. Konkret olaraq qeyri-ərzaq mallarının qiymətlərində 0.1 faiz bahalaşma qeydə alınıb. İndi isə konkret məhsullar üzrə qiymətlərə nəzər salaq ki, baş verən bahalaşmanı konkret faktlarla izah edə bilək. Hazırda bazarlarda mövsümi məhsullardan olan pomidor-xiyarın qiyməti 1 manata qədər yüksəlib ki, cəmi 10-15 gün əvvəl onların qiyməti 40-60 qəpik arasında dəyişirdi. Soğan, kartofun qiyməi 40 qəpikdən 80-90, badımcan, lobiyanın qiyməti isə 50 qəpikdən 90 qəpiyə qalxıb. Eləcə də meyvə-tərəvəzlərdə qiymətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, indi bazarlarda gilas, şaftalı, armud iki dəfə bahasına təklif edilir. Alça ilə qarpızın qiyməti isə kəlləçarxa çıxıb. Alçanın qiyməti 4-6 manat, qarpızın kiloqramı isə 50 qəpiyə satılır. Halbuki hər il bu vaxt qarpızın "sezonu" olduğundan onun kiloqramının 15-20 qəpiyə satılması müşahidə olunub. Onu da xatırladaq ki, bu qiymət artımı məhsul istehsalının dəfələrlə artdığı şəraitdə baş verir. Məsələn, rəsmi statistik məlumata görə, cari ilin beş ayı ərzində ötən illə müqayisədə 5.2 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunub. İqtisadi qanunauyğunluğa görə, məhsulun istehsal həcmi artdıqca qiymətlər aşağı düşməlidir. Azərbaycanda isə məhsul istehsalı paralel olaraq qiymət artımına da rəvac vermiş olur. Maraqlıdır, hansı səbəbdən məhsul istehsalının artdığı şəraitdə qiymətlər də yüksəlir?

Ekspertlərin fikrincə, bazarlarda qiymət artımı ən çox süni amillərlə bağlıdır. Həmin amillərdən ən təhlükəsi və dərin kök salanı inhisarçılıq və nəzarət sisteminin olmamasıdır. Ölkədə liberal iqtisadiyyatın olması o demək deyil ki, satışa çıхarılan məhsulları istənilən fantastik qiymətə satmaq olar. Satışa çıхarılan məhsul əhalinin alıcılıq qabiliyətinə və vətəndaşların ailə büdcəsinə uyğun olmalıdır. Çox təəssüf ki, bunun əksinə olaraq istər yerli, istərsə də xaricdən idxal edilmiş kənd təsərrüfatı məhsulları əhaliyə fantastuk qiymətlə təklif olunur. Belə halların müşahidə olunması doğrudan da kənd təsərrüfatı məhsulları üzərində inşisarçılığın mövcudluğunu təsdiq edir. Nəzarət orqanları isə yalnız qeyri-müəyyən açıqlamaları ilə əhalinin başının aıtına yastıq qoymaqla məşğuldur. Əgər belə olmasaydı, hətta üzərində qiymətləri dərc olunmuş sərinləşdirici içkilər və ya mobil telefon konturları baha qiymətə satılmazdı. Qablaşdırılmış sərinləşdirici suların üzərində 20 qəpik yazılmasına baxmayaraq açıq-aşkar 40 qəpiyə satılır. Telefon konturlarının üzərində 1, 3, 5 manat yazıldığı halda 20 qəpik bahasına təklif olunur.

Qiymət artımına təsir edən digər bir amil inhisarçılıqla bağlıdır ki, belə vəziyyət fermerlərin sərbəst şəkildə bazara çıxışını bağlayıb. Bazara çıxış ımkanı olmayan sahibkar məcbur olur ki, məhsulunu alverçilərə ucuz qiymətə versin, alverçilər isə sövdələşərək bazarlarda qiymətləri özləri müəyyən edir. Bunun üzərinə yer pulu, rüsum pulu kimi digər "rasxodları" da əlavə etsək, təbii ki, qiymətlər fantastik həddə yüksəlir. Daha dəqiqi fermerlərdən 15-20 qəpiyə qlınan məhsullar son nəticədə bazarlarda 1 manata satılır. Qiymət artımına həm də qanunsuz tətbiq edilən rüsumların təsiri danılmazdır. Sirr deyil ki, hazırda ölkə üzrə irili-xırdalı bütün ticarət mərkəzlərinin qeyri-qanuni rüsumları var ki, həmin vəsait yalnız "nəzarət orqanlarının" ciblərə axır. Nəzərə alaq ki, qeyri-qanuni rüsumların tətbiqində hər bir qurumin öz haqq-hesabı var. Onu da qeyd edək ki, bir tərəfdən bazar "işbazları", digər tərəfdən nəzarət orqanlarının qeyri-qanuni müdaxiləsi qiymət artımına təsirsiz ötüşmür. Halbuki onların heç birinin qiymət məfhumu ilə heç bir əlaqəsi yoxdur. Əksinə nəzarət orqanları bazarlarda məhsulun keyfiyyət və qiymət prosesininin tənzimlənməsində yardımçı olmalıdır. Lakin vəziyyət o dərəcədə ağırlaşıb ki, hətta mütəmadi olaraq təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları qiymətlərin enməsinə yardım etmək əvəzinə, bahalaşmaya rəvac verir. Təsadüfi deyil ki, əhali aylıq gəlirinin 70 faizindən artığını ərzaq məhsullarına xərcləyir. Bu isə insanların sosial vəziyyətinin daha da ağırlaşmasına təsir edən amillərdən hesab olunur.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31