“Daha da dəhşətli olaylar baş verəcək” - AKTUAL

Mehman Kərimov: “Ölkəmizdə qadına daha çox hüquqsuz, ev əşyası kimi baxılır”

Əhməd Qəşəmoğlu: "Kişilərin bu qədər aqressiv olmasına səbəbkar da qadınlardır"

Birinin başı kəsilir, birinin bədəni tikə-tikə doğranılır, digərinin isə saçı qırxılır...Baş verən olaylara nəzər yetirərək bu siyahını artıra da bilərik. Bu gün Azərbaycanda ən çox zorakılığa məruz qalan tərəf olan qadınlar mütəmadi olaraq bu cür şiddət, qəddar əməllərin qurbanına çevrilirlər. Hüquqları anbaan əks cinsin nümayəndələri tərəfindən tapdalanan qadınların hüquq və azadlıqlarından söhbət belə gedə bilməz. Qanunvericilik bir çox maddələrdə qadınların hüquqlarını qorusa da buna məhəl qoyan yoxdur. Təəssüflər olsun ki, qanunvericiliklə nəzərdə tutulan maddələr olayın baş verməsindən sonra tətbiq edilə bilər. Beyni qanlı olan şəxs yəqin ki,cinayətə əl atarkən qanunvericiliyin hər hansı bir maddəsi haqda da düşünmür. Buna görə, demək olar ki, qanunvericilik bu cür bədbəxt hadisələr baş verdikdən sonra öz missiyasını yerinə yetirir. Bu zaman isə iş-işdən keçmiş olur. Birinin başı kəsildikdə, biri tikə-tikə doğranıldıqda qanunvericilik müvafiq işlər görməklə qətl törədən şəxsi cəzalandırır. Amma günahsız yerə ölən qurbanları geri qaytarmaq olmur. Deməli məsələnin kökü heç də qanunvericilkdə hansısa boşluğun olub-olmamamsı ilə bağlı deyil. Ailə-məişət zəminində baş verən cinayət hadisələrinə nəzər yetirdikdə məsələnin əsas kökünün illər öncə paslanıb qalmış, düşüncələrimizdə və milli-mentalitet adlandırdığımız dəyərlərdədir. "Gəlin qaynananın süpürgəsidir...", "Qızını döyməyən dizinə döyər" kimi yalnız bizə məxsus olan bu deyimlər də qadınların hələ illər öncə hüquqlarının tapdalandığını göstərir. Milli mentalitetimizin dəyərlərinə görə kişidən fərqli olaraq qadına demək olar ki, bir çox sahələrdə məhdudiyyətlər var.
Dəfələrlə qəddar əməllər törədərək məhbus həyatı yaşanlar bu həyatı bir dəfə yaşadıqdan sonra, görəsən niyə ikinci dəfə də yaşamaq istəyir? Nə zamansa baş verən qəddarlıqlara son qoyulacaqmı? Bu gedişlə bir çox mütəxəssislərin də dili ilə desək daha betər olaylar baş verəcək. Azərbaycanda qadına qarşı zorakılığın artmasının səbəbləri haqda danışdıqda sözsüz ki, ilk öncə erkən nikahların bu istqamətdə törədə biləcəyi fəsadları qeyd etməliyik. 17-18, bir çox hallarda isə daha erkən yaşlarda qızlar valideynlər tərəfindən ailə həyatı qurmağa məcbur edilirlər. Orta təhsilini belə tam yekunlaşdırmayan, yaşadığı evdən başqa dünya-aləmdən xəbərsiz olan, hüquqlarını bilməyən bir qızın ailə həyatı qurması bir çox hallarda onun həyat yoldaşı tərəfindən kölə halına salınması ilə sonuclanır. Nəticədə canlı əşya rolunu oynayan qadınlar ərinin sərt rəftarına bacardığı qədər dözməyə məcbur olur.

Ekspert Mehman Kərimov bu cür olayların ucqar rayonlarda daha çox üstünlük təşkil etməsinin səbəbini milli dəyərlərlə izah edir: "Dəyərlərimiz patriarxaldır. Vaxtilə Məhəmməd Əmin Rəsulzadə Şərq dəyərlərini Qərb dəyərləri ilə müqayisə etdikdə əslində bu anlayışların doğru olmadığını söyləmişdi. Bir var müasir, bir də var feodal dəyərlər. Azərbaycanda bir çox sahələrdə, həmçinin alə-məişətdə feodal-patriarxal dəyərlər üstünlük təşkil edir. Konstitusiya qadın və kişilərin hüquqlarının bərabər olduğunu özündə ehtiva etsə də, biz gerçəklikdə bunu müşahidə edə bilmirik. Kişi qeyri-fəal olmasından asılı olmayaraq hüquqi şəxs hesab edilir. Ucqar rayonlarda kişilərin hegemonluğu daha çox olduğundan zorakılığa məruz qalan, tabe olunması tələb olunan tərəf isə qadınlardır. Ucqar rayonlarda bu halların üstünlük təşkil etməsinini səbəbi maarifçiliyin zəif olmasıdır. Bunun nəticəsidir ki, bu gün ucqar rayonlarda qızların təhsildən yayınma halları kütləviləşir. Təhsilsiz, məlumatsız qadın ailə həyatı qurduqdan sonra zorakılığa məruz qalaraq həmişə tabe olan tərəf olaraq qalır". Qadınların hüquqlarının tapdalanmasında iqtisadi asılılığından rolunun olduğunu deyən ekspert kişilərin "sərəncamverici" rollarından danışır: "Əksər hallarda ailəni kişi dolandırdığı üçün qazanc da daha çox onların əməyindən asılı olur. Kişilər iqtisadi üstünlüyü ələ aldıqları üçün ailədə sərəncamverici "hüquq"a malik olurlar. Mən baş verən olayların əsas səbəbini ictimai şüurumuzla bağlayıram. Tarixdən gətirdiyimiz və müasirləşdirə bilmədiyimiz dəyərlər. Gender assimetriyası anlayışına görə, qadın və kişinin hüquqları bərabər olan ölkələrdə sosial problemlər az olur. Belə ölkələrdə korrupsiya halları da az müşahidə edilir".

-Etiraf edək ki, hələ də həyat yoldaşına canlı əşya kimi baxan kişilər az deyil. Onların təfəkkürü ilə desək qadının vəzifəsi qab yumaq, ev süpürmək və s. bu kimi işlərlə yanaşı kişinin tələbatlarını ödəməkdir...

-Drayzer qadını kişinin müqəddəs mülkiyyəti hesab edirdi, amma ölkəmizdə qadına daha çox hüquqsuz, ev əşyası kimi baxılır. Bu cür yanlış düşüncələrin dəyişilməsi üçün təhsil və təbliğatın mühüm rolu var. Ailə zorakılığına qarşı bir sıra qanunlar qəbul edilib. Bu qanunların təbliğinə nəzər yetirdikdə isə çoxsaylı problemlər aşkarlaya bilərik. Deməzdim ki, böyük əksəriyyət bu qanunlardan xəbərdardır.

Sosioloq Əhməd Qəşəmoğlu cəmiyyətdə baş verən gərginliklərin qadın-kişi münasibətlərində də əksini tapdığını deyir: ""Tərəqqiyə Elmi Dəstək" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dəstək Şurasının bu sahədə qrand layihəsini həyata keçirərək müxtəlif araşdırmalar aparır. Cəmiyyət son dövrlər get-gedə mürəkkəbləşir, buna görə də qadın-kişi arasında münasibətlər daha da gərginləşir. Əslinə qalsa bu gün ölkəmizin istənilən bölgəsində, istənilən Azərbaycan ailəsində 30-40 ildən fərqli olaraq qadın-kişi münasibətlərində gərginlik daha da artıb. Qloballaşmanın, ölkə daxilində baş verən müxtəlif iqtisadi, siyasi, sosial və psxioloji hadisələr fonuda bu problemlərin, münaqişələrin səbəblərini izah etmək olar. Elm və texnologiyanın inkişafı, telekanallarda qadınlar haqda müxtəlif proqramların hazırlanması artıq zərif cinsin nümayəndələrində də müəyyən dəyişikliklər formalaşdıra bilər".
 

-Bəs, ucqar rayonlarda arzuolunmaz halların günü-gündən artmasının səbəbini nədə görürsünüz?

-Bu gün şəhər tipli ərazilərlə yanaşı ucqar rayonlarda da qadınların hüquqları pozulur. Biz daha çox olayın ən dəhşətli məqamı haqda məlumatlanırıq. Amma inanın ki, bıçaq qalxıb qadına dəyənədək o dəfələrlə əri tərəfindən psixoloji zorakılığa məruz qalıb. Heç vaxt kişi birbaşa bıçağa əl atmır. O vaxtadək söz-söhbətlər böyüyür, son nəticədə kişi bıçağa əl atır. Xaraktercə fərqli olduqlarından və fiziki gücə daha çox kişi sahib olduğundan bu qan tökülür. Kişilərin bu qədər aqressiv olmasına səbəbkar da qadınlardır. Onlar dəfələrlə həyat yoldaşlarını əsəbləşdirir.

-Milli-mentalitet dəyərlərinə sadiq qalmaq necə, baş verən olaylarda rol oynayırmı?

- Şəhərdə kişilər yeni cəmiyyətə daha çox kökləndiyi üçün belə hadisələr daha çox ucqar rayonlarda baş verir. Bu cür hadisələrin ucqar rayonlarda daha çox müşahidə edilməsinin səbəbi isə kənd kişisinin adət-ənənələrə şəhərlilərdən daha çox sadiq qalmasıdır. Kişilərin köhnə adət-ənənələrə sadiq qalması, qadınların isə informasiya mübadiləsi nəticəsində əldə etdikləri imkandan yararlanaraq sərbəstliyə meyl göstərmələri gərginliyi daha da artırır. Qadınların ətraflarında baş verən olaylar haqda məlumatlanması onlarda müəyyən fikir dəyişiklikləri yaradır. Onlar informasiyaya daha həssasdı. Azərbaycan qadınına qadağalar, məhdudiyyətlər çox qoyulub. Hansı ki, bu məhdudiyyətlərin heç bir izahı olmayıb. Baş verən olaylar, müxtəlif informasiyaların əldə edilməsi birdən-birə qadına bu cür məhdudiyyətlərdən yaxa qurtarmaq üçün imkan yaradır.

-Qadınların müasirliyə meyilli olması, fərqli düşüncə tərzlərini formalaşması da belə hadislərin sayının artmasına səbəb olur...

-Bəlkə də qadınların belə sürətlə dəyişməsi məsləhət deyil. Dəyişiklik ailənin sağlamlığına, mənəvi zənginliyinə xidmət etməlidir. Demokratiya və sərbəstlik adı altında hər addımı müsbət qiymətləndirmək olmaz. Buna görədeyə bilərəm ki, qadınların maariflənməsi istənilən səviyyədə getmir. Maariflənmə ailə institutunun sütunlarını bərkitməli, onu boşaltmamalıdır. Amma istənilən halda maariflənmənin xaotik səviyyədə getdiyini müşahidə edə bilirik.

Mehriban Zeynalova qadınların öncələr də bu cür zoarkılıqlara məruz qaldığını deyərək son dövrdə ölkəgündəmində bu cür hadisələrin ddaha çox diqqət çəkməsinin səbəbini belə izah edib: "Ola bilər ki, öncələr bu istiqamətdə araşdırmaların aparılmaması, qadınların zorakılıq problemləri ilə məşğul olan qrumların yoxluğu bizə bir çox hallarda belə fikir səsləndirməyə əsas verir. Düşünürəm ki, qadınlar öncəki illərdə də ailə-məişət zəmnində zorakılığa məruz qalıblar. İctimai qınaq indikindən fərqli olaraq öncələr daha çox idi. Belədə zərəçəkmişlər ictimai qınağı nəzərə alaraq müraciət etməkdən çəkinirdilər. Bu gün təbliğat yanlış formada aparılsa belə, insanlar bu haqda məlumatlı olduqları üçün hətta ən mənasız bir halla əlaqədar qrumlara müraciət edirlər. Dövlət qrumlarının bu məsələyə həssas yanaşması, qarşı tərəfi dinləməsi, ona düzgün yol göstərməsi önəmlidir. Bir çox hallarda dövlət qrumları bu işlə məşğul olmağa vaxtlarının olmadığını deyir. Baş verən bu arzuolunmaz olaylar son deyil. İnsanlar bu haqda mütəmadi olaraq maraqlandıqları üçün düşünürəm ki, bundan da dəhşətli hadisələr baş verəcək.

-Bu cür olaylara səbəb olacaq digər amillər hansılardır?

Sterotiplərin çox olması, dövlət qurumlarının qadınlarla bağlı problemlərə həssas yanaşmaması, savadsızlığın bu kimi hadisələrin baş verməsində özünəməxsus çəkisi var. Digər Avropa ölkələrində qız uşaqları müxtəlif problemlərlə əlaqədar hara müraciət edə biləcəkləri haqda erkən yaşlarda məlumatlandırılır. Təəssüf ki, ölkəmizdə belə deyil. Qadınlarımızın hüquqları haqda lazımi səviyyədə məlumatlı olmaması bu cür arzuolunmaz nəticələr doğurur.

-Şiddət və zorakılığın qarşısının alınmasında telekanalların da fəaliyyəti mühüm rol oynaya bilər. Təəssüf ki, telekanallarda yayımlanan cinayət xəbərlərində bu cür olaya gələcəkdə meyilli ola biləcək şəxslər üçün heç bir maarfiləndirici funksiya yerinə yetirilmir. Gələcəkdə cinayət törədə biləcək şəxs yalnız cinayətin sirrləri, məsələn oğurluq necə edəb ilər, birini necə öldürə bilər kimi məluçmatlarla "maariflənir"...

-İnsanların maariflənməsi əsasən televiziyaların boynuna düşən öhdəlikdir. Təəssüf ki, bu gün telekanallar bu öhdəliklərini lazımi səviyyədə yerinə yetirə bilmir. Qanunverici orqanların vəzifələri müvafiq qanunvericilik yaratmaqla onun tətbiqinə şərait yaratmaqdır. Qanunların tətbiqi üçün düşünürəm ki, kadr boşluğu da var.
 

Nigar Məhərrəm

P.S. Qızların erkən yaşlarda nigaha daxil olmasının, bu gedişlə hüquqlarından bixəbər olmasının da baş verən olaylarda xüsusi çəkisi olduğunu nəzərə alaraq növbəti mövzuda erkən nikahın fəsadlarından danışacağıq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31