İstehlakçıların hüquqları hər addımbaşı pozulur - ARAŞDIRMA
İstehsalçılar və satıcılar isə məmnun görünür
3 İyul 2013 14:24 ProblemAzərbaycan müstəqillik əldə etdikdən sonra ticarət əlaqələri də genişlənib. Rəsmi statistik məlumata görə, ölkəmiz artıq dünyanın 150-dən artıq ölkəsi ilə ticarət dövriyyəsində olur. Artıq Azərbaycanın xarici ticarət dövriyyəsi milyardlarla ölçülür. Bu isə o deməkdir ki, ölkəmizə xarici dövlətlərdən bir çox mallar idxal edilir ki, bunlar arasında ərzaq, geyim, parfümeriya, oyuncaqlar, dərmanlar və digər həyati əhəmiyyətli mallar yer alır. İstehlakçılar isə hər bir malın xassələri, istehsal tarixi, tərkibi və s. haqqında ətraflı məlumata malik deyillər. Belə bir məqamda istehlakçıların hüquqlarının müdafiəsi məsələsi meydana çıxır. Elə isə Azərbaycanda istehlakçıların hüquqları hansı səviyyədə qorunur?
Ekspertlərin qənaətinə görə, Azərbaycanda istehlakçıların hüquqları olduqca aşağı səviyyədə qorunur. Baxmayaraq ki, 1995-ci ildə bu məqsədlə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun qəbul edilib, ancaq reallıqda sözügedən qanunun bir sıra müddəalarının icrası hələ də mümkün olmayıb. Elə bu səbəbdən də istər idxal məhsulların, istərsə də yerli istehsal malların istehlakı zamanı vətəndaşlar aldadılır. Məsələn, sirr deyil ki, ölkəmizə idxal edilən məhsulların əksəriyyətinin üzərində məlumatlar çox vaxt əcnəbi dillərdə olur. Vəziyyət o həddə çatıb ki, hətta dərman preparatları üzərindəki məlumatlar əcnəbi dillərdə yazılır. Bu səbəbdən də istehlakçılar həmin məhsul barədə məlumatsız qalır. Nəticədə belə məhsulların idxalı zamanı həm qanunvericilik pozulur, həm də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaranmış olur. Mövcud qanunvericiliyə görə, isə ölkəmizə idxal edilən xarici malın xassələri barədə məlumat onun üzərində Azərbaycan dilində göstərilməlidir. Eyni zamanda,
satıcı istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Yəni, istər idxal məhsul olsun, stərsə də yerli məhsul, onların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Çox təəssüf ki, praktikada bu qaydalara riayət edilmədiyindən istehlakçıların hüquqları kobud şəkildə pozulmuş olur. Onu da qeyd edək ki, ərzaq mallarının tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarının göstərilməməsi, yaxud bu göstəricilərin düzgün qeyd edilməmısi daha təhlükəli məqamlardan xəbər verir. Məhz bu kimi halların nəticəsidir ki, son zamanlar ölkədə kütləvi zəhərlənmə hallarının sayında artım müşahidə olunur. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı 450 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. Məsələ orasındadır ki, istifadəyə yararsız ərzaq məhsulları təkcə paytaxt Bakıda deyil, bütövlükdə ölkəni əhatə edib. Monitorinqlər zamanı Bakının Suraxanı rayonunda, Bülbülə qəsəbəsi, Aeroport yolunda Mehriban Vəliyevaya məxsus mağazada; Sumqayıt şəhərində, 19-cu məhəllə, ev 17/138 ünvanında Müşviq Novruzova məxsus mağazada; H.Z. Tağıyev qəsəbəsində Samir Şükürova məxsus mağazada; 9-cu mikrorayon, Koroğlu və Ü.Hacıbəyov küçələrinin kəsişməsində Lalə Səfərovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar edilib. Həmçinin Kürdəmir şəhərində, H.Əliyev prospektində Qasım Qasımova və Tahir Məmmədova məxsus mağazalarda; Bakı prospektində Füzuli Məmmədova məxsus mağazada; Bazar ərazisində Nazim Babaşova məxsus mağazada; Gəncə şəhərində, H.Əliyev prospekti, ev 48C ünvanında Firudin Quliyevə məxsus mağazada; C.Rəfibəyli küçəsində Rauf Babayevə məxsus mağazada; Nizami küçəsində İlham Qurbanova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Düzdür, qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati tədbirlər görülüb, ancaq etiraf edilməlidir ki, yalnız inzibatı tədbirlərlə belə halların qarşısını almaq qeyri-mümkündür.
Digər bir məsələ istehlakçıların çaşdırılması halları ilə bağlıdır ki, bu istiqamətdə aparılan mübarizə tədbirləri də elə bir ciddi nəticə verməyib. Hələ də ölkədə istehlakçıların yalançı reklamlarla aldadılması, saxta məhsulların satışa çıxarılması, eləcə də saxta "kompaniyaların" elanı ilə çaşdırılması halları davam etməkdədir. Belə ki, sözügedən xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev ev, 119 ünvanında yerləşən tam xarici investisiyalı "Barakalı Ltd" MMM-ə məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib. Belə ki, mağazanın giriş hissəsində satışda olan mallara endirim tətbiq olunması barədə "Endirim" və "Türkiyə qiymətləri ilə satış" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi müəyyən olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və müəsissə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Xatırladaq ki, belə saxta reklamlar və kompaniyalara paytaxt üzrə addımbaşı rast gəlmək mümkündür. Belə faktlar deməyə əsas verir ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması sahəsində aidiyyati qurumlar üzərlərinə düşən vəzifələrin icrasına laqeydlik göstərirlər. Çünki təkcə yalnız mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri qanunvericiliyin tələblərinə uyğun olmayan malların satışdan çıxarılması ilə problemin bütövlükdə həllinə nail olmaq qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, istehlakçılara keyfiyyətsiz və vaxtı ötmüş malların təklif edilməsində təkcə ticarət mərkəzləri məsuliyyət daşımır. Bu məsələdə istegsalçıların da məsuliyyəti danılmazdır. Əslində gizli, nəzarətdən kənar sexlərdə istehsal edilən ərzaq məhsullarının tərkibi qeyri-müəyyən olduğundan onun üzərinə saxta etketlər vurulur. Hətta, satışa çıxarılan məhsulların üzərində istehsal müddətinin bir neçə gün əvvəlki tarixin qeyd edildiyi etketlərə də rast gəlmək mümkündür.
Qeyd edək ki, istehlakçıların hüquqlarının pozulması halları təkcə istehsal sahəsində deyil, həm də xidmət sahələrində də müşahidə olunmaqdadır. Məsələni qəlizləşdirən daha bir maqam istehlakçıların baş verənlərə biganə qalmasıdır. Çox qəribədir ki, istehlakçılar aldadıldıqlarını bildikləri halda belə öz hüquqlarının müdafiəsindən vaz keçirlər. Bu isə həm istehsalçılara, həm də satıcılara sərfəli variantdır.
Alim