Qadın niyə zorakılığa məruz qalır? - ARAŞDIRMA

Son illər qadınlara qarşı ailədaxili zorakılıq faktlarının sayı durmadan artmaqda davam edir. Əfsuslar olsun ki, bu gün fiziki zorakılıqla yanaşı qadınlar həm də mənəvi, psixoloji, iqtisadi və seksual zorakılığa məruz qalır. Bu zorakılıqların baş verməsində zərərçəkmişlərin cəmiyyətdə hüquqlarını bilməməsi, baş verən hadisələrə laqeyd yanaşması da mühüm rol oynayır. Zorakılığa, qadın hüquqlarının tapdalanmasına qarşı bir çox qanunlarda müəyyən maddələr yer alır. 1979-cu ildə BMT qadınlara qarşı zorakılığın, hər cür ayrı-seçkiliyin aradan qaldırılması üçün konvensiya qəbul etdi. 1995 -ci ildə isə Azərbaycan da bu konvensiyaya qoşuldu. 30 maddədən ibarət konvensiyanın 10 maddəsi qadın hüquqlarından bəhs edir. 1998-ci ildə qadın hüquqlarının qorunması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Zorakılıq Azərbaycanda olduğu kimi digər xarici ölkələrdə də çoxluq təşkil edir. Aparılan araşdırmalar nəticəsində dünyada hər 3 qadından birinin nə vaxtsa zorakılığa məruz qalması, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülməsi məlum olub. Dünyada hər 5 qadından biri ömür boyu seksual zorakılığın və ona cəhdin qurbanı olur. Hər il dünyada 3-4 milyon qadın öz həyat yoldaşı tərəfindən döyülür. Ailə zorakılığının 95% qurbanı qadınlar olur. Hadisələrin 80% kişilər tərəfindən törədilir. 2010-cu ildə ailədaxili zorakılıq zəminində 109 nəfər, 2011-ci ildə isə 135 qadın qətlə yetirilib. Müstəqil araşdırmalara görə bu ilin 5 ayı ərzində 28 qadın ailə münaqişələri zəminində öldürülüb. Baş verən hadisələrə nəzər yetirdikdə qadınların daha çox həyat yoldaşları tərəfindən qətlə yetirildiyini görə bilərik. Həmsöhbətimiz, "Təmiz Dünya Qadınlara Yardım" İB-nin sədri Mehriban Zeynalovanın sözlərinə görə, öldürülən qadınların böyük hissəsi xüsusi amansızlıqla qətlə yetirilir. M.Zeynalova arzuolunmaz faktların sayının artmasını qadınların öz hüquqlarını bilməməsi və müvafiq qurumlara müraciət etməkdən çəkinməsi ilə izah edir.
-Qadınlara qarşı zorakılıqların sayı günü-gündən artmaqdadır...
- Son zamanlar qızların ata, qardaş və qanqohumluğu olan şəxslər tərəfindən zorlanması haqda mütəmadi olaraq məlumatlar alırıq. Lakin zorlama faktları ilə bağlı bir çoxları məlumat verməkdən imtina edir. Bunun da səbəbi qadına qarşı ictimai qınağın olmasıdır. Belə hallarla qarşılaşan valideynlər əksər hallarda öz övladını günahkar bilir. Zərərçəkmişlər üçün xüsusi sığınacaqların olmaması bu sahədə vəziyyəti bir az da gərginləşdirir. Nədənsə daha çox qadınların fiziki zorakılığa məruz qalmaları haqda müzakirələr aparılır. Təəssüflər olsun ki, bu gün Azərbaycan reallığında fiziki zorakılıq faktları ilə yanaşı iqtisadi və psixoloji zorakılıq faktlarının sayı get-gedə artmaqdadır. Lakin heç bir hüquq mühafizə orqanlarına bu problemlə əlaqədar müraciətlər daxil olmur. Baş verən hadisələr Azərbaycanda qadınlara, azyaşlı qızlara qarşı ailədaxili zorakılıq faktlarının olduğunu bir daha göstərir.
-Konkret olaraq bu gün nə qədər qadının ailədaxili zorakılığa məruz qaldığını deyə bilərik?
-Konkret statistika göstərmək istəyiriksə ilk növbədə hamilə qadınların qız övladı dünyaya gətirəcəkləri halda aborta meyilləndirllməsini qeyd etməliyik. Azərbaycan əhalisi arasında hər zaman qadınlar daha üstün faizə malik olublar. Qadınlar 51 %, kişilər isə 49 % olub. Lakin bugünki rəqəmlərə nəzər yetirdikdə kişilərin say göstəricisinin 57 %, qadınların isə daha az olduğunu görə bilərik. Öncəki illərdən fərqli olaraq kişilərin qadınlardan daha Azərbaycanda qadına qarşı zorakılığın get-gedə artdığını göstərir. Gündəlik olaraq sosial şəbəkələr, qəzet, televiziya, radio vasitəsilə qadınlara qarşı zorakılıqlardan xəbərdar oluruq. Qadın öldürülür, zorakılığa, işgəncəyə məruz qalır, ya da ki intihar etməli olur. Azərbaycanda qadına qarşı zorakılığın dinamikası hələ ki azalmır, əksinə artmaqda davam edir.
-Təxminən 10 ailədən neçəsində iqtisadi zoarkılığın olduğunu söyləmək olar?
-10 ailədən doqquzunda iqtisadi imkanların kişinin əlində olduğunu deyə bilərik. Lakin konkret olaraq nə qədər qadının iqtisadi zorakılığa məruz qaldığını söyləmək çətindir. Seksual zorakılıqla bağlı ümumiyyətlə müzakirələr getmir. Gün ərzində işləyən qadın öz istəyindən asılı olmayaraq gecə kişinin bütün tələbatlarını ödəməlidir. Təhsil və iqtisadi asılılıq qadınların zorakılığa məruz qalmasında mühüm rol oynayır
-Təmsilçisi olduğunuz qurum tərəfindən bu istiqamətdə hansı işlər aparılır?
-Gündəlik mətbuatın monitorinqini təşkil edərək baş verən hadisələrlə bağlı araşdırmalar aparırıq. "Qaynar xətt" xidmətimizə isə zorakılığa məruz qalan qadınlar zəng edərək şikayətlərini bildirirlər. Bundan başqa maarifləndirmə işləri apararaq psixoloji yardımlar göstəririk.
-Təxminən hər ay nə qədər qadın "Qaynar xətt"ə müraciət edir?
- Hər ay qadın zorakılığı ilə bağlı "Qaynar xətt"imizə 350-360 zəng daxil olur.
-Qanunda bu istiqamətdə müəyyən boşluqların olduğunu demək olarmı?
-Qanunda bu istiqamətdə ciddi boşluqlar var. İlk növbədə bu sahədə müəyyən işlərin görülməsinə ehtiyac görürəm. Qız uşaqlarının erkən ərə getmələri ilə bağlı qanunda cərimələr nəzərdə tutulsa da hələ ki, Azərbaycanda kiminsə buna görə cinayət məsuliyyətinə cəlb edildiyini görməmişik. Baş verəcək qanun pozuntuları ilə əlaqədar polisin də rolu müəyyən edilməyib. Məsələn, kimsə psixoloji, ya iqtisadi zorakılığa məruz qaldığı üçün müraciət etdikdə, polis heç bir zədə olmadığı üçün şikayət etdiyiniz şəxsi məsuliyyətə cəlb etməkdən imtina edəcək. Döyməyə görə cəzanın tətbiq edilməməsi də bu sahədə vəziyyəti daha da acınacaqlı edir. Bu gün istənilən şəxs cəza olmadığı üçün həyat yoldaşını döyə bilər. Bunun müqabilində yalnız cərimə ödəyən kişi ödədiyi pula, həm də həyat yoldaşının polisə müraciət etməsinə görə onu yenidən döyəcək.
-Bu sahədə vəziyyəti dəyişmək üçün hansı tədbirlərin həyata keçməsinə ehtiyac görürsünüz?
-BMT-nin qadınlara qarşı ayrıseçkiliyi aradan qaldırmaq üçün qəbul etdiyi konvensiyası da ölkələrin steorotipləri və mövhumatçılığı aradan qaldırmaq üçün müəyyən tədbirlər həyata keçirməsini məqsədəuyğun hesab edir. Mövcud mövhumatçılığı aradan qaldırmaq üçün tədbirlərin həyata keçirilməsinə ehtiyac var. İqtisadi və sosial istiqamətdə hər hansı tədbirlər həyata keçirilərsə steorotipləri aradan qaldırmaq mümkün olar. Təəssüflər olsun ki, Azərbaycanda hələ də bu istiqamətdə işlər aparılmır.
Ölkəmizdə abortların sayının artması da qadın zoraklığının bir forması hesab edilir. Azərbaycanda abortlar qanuni sayılır. Statistikaya nəzər saldıqda bu gün ölkəmizdə doğulan hər 112 oğlan uşağına 100 qız düşdüyünü görə bilərik. 2003-cü ildə abort edənlərin sayı 16 912 idisə, 9 il ərzində bu rəqəm ən azı 11 min artıb. 2011-ci ildə Azərbaycanda 27 790 qadın abort etdirib. 2010-cu ildə isə bu rəqəm 26 801 olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən qeyri- rəsmi statistikaya görə hər il ölkəmizdə 100 hamilə qadından 30-u abort etdirir.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, Azərbaycan doğulan oğlanların qızlardan çox olması faktına görə dünyada 2-ci yerdədir. Azərbaycan və Ermənistanda hər doğulan 100 qıza 112 oğlan düşür.
Azərbaycan Respublikası (AR) prezidenti 2000-ci il martın 6-da "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman verib. "Gender (kişi və qadın) bərabərliyinin təminatı haqqında" Azərbaycan Respublikası qanunu 2006-cı ildə qüvvəyə minib. Qanunun qəbulundan 6 il keçsə də bu sahədə həllini tapmayan problemlər müşahidə olunur. Rayon və kəndlərimizdə qadınların hüquqlarının daha çox pozulması diqqət çəkir.
Bu gün Azərbaycanda ictimai-siyasi vəzifələrdə qadınların rolu artmaqdadı. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən əldə etdiyimiz statistik rəqəmlər bizə bu fikri söyləməyə əsas verir. Parlament sədrinin 3 müavinindən biri, 125 deputatından 19-u (15,2% -i), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, TQDK sədri, üç nazir müavini, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabinetinin sədr müavini, Naxçıvan MR-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili, İnsan Hüquqları üzrə müvəkkil, Ali məhkəmədə işçilərin 15 faizi, ümumi məhkəmələrdə isə 9 faizi, Konstitusiya Məhkəməsinin sədr müavini və bir hakim, 4137 nəfər (26,5%) bələdiyyə üzvü, 302 nəfər (17,7%) bələdiyyə sədri, AMEA-nın , Dövlət Neft Şirkətinin vitse prezidenti, AR-in 85 rayon üzrə 35 İH müavini qadındı. Lakin nədənsə qadının yükək vəzifədə çalışması, cəmiyyətdə aparıcı mövqeyə sahib olması bəzi həyat yoldaşları tərəfindən qəbuledilməz fakt hesab edilir.

 

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31