Qeyri-çimərlik sahələri ölüm kabusuna çevrilib - AKTUAL PROBLEM
1 İyul 2013 15:23 ProblemArtıq bir neçə gündür ki, Azərbaycanda çimərlik mövsümünə start verilib. Ancaq etiraf edilməlidir ki, çimərlik mövsümü bəzi hallarda insanların həyatı hesabına başa gəlir. Elə mövsümün ilk günlərində dənizdə boğulma, yaxud boğulma təhlükəsi ilə üzləşmə xəbəri insanları sarsıtdı. Deməli, hər il ölduğu kimi bu ildə də dənizdə boğulan, yaхud batma təhlükəsi ilə üzləşən insanların olacağı istisna deyil. Bu kimi faciələrdən uzaq olmaq məsuliyyəti isə insanların öz üzərinə düşür. Məlumat üçün qeyd edək ki, Azərbaycanda mövcud olan çimərliklərin heç də hamısı istifadə üçün yararlı deyil. Yəni bir neçə çimərlik var ki, onda da insan həyatı üçün təhlükəli olan bağırsaq çöpləri aşkar edilib ki, bu da həmin çimərlikləridən istifadəni qeyri-mümkün edir. Mövsümün əvvəlində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib ki, aparılan analizlərin nəticələrinə görə, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zuqd, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Qaradağ rayonu ərazisi ilə Səbail rayonu ərazisində yerləşən "Sahil" və "Şıx" çimərliklərində, eləcə də Sumqayıt çimərliyində isə bakterioloji çirklənmə müşahidə olunub. Həmin çimərliklərin istifadəsinə qadağa qoyulması ilə bağlı qərar isə bu il də qüvvədə qalır.
Niyə məhz "Sahil" və "Şıx"?
Qeyd edək ki, artıq bir neçə ildir ki, "Sahil" və "Şıx" çimərliklərinə əhalinin istirahəti üçün qadağa qoyulur. Və bu qadağa sözügedən çimərliklərdə bağırsaq çöplərinin normadan artıq olması ilə şərtləndirilir. Olduqca müəmmalı bir məsələdir ki, neçə illərdən bəri sözügedən çimərliklər barədə eyni məlumatın verilməsinə baxmayaraq, əhalinin ən çox istifadə etdiyi çimərlikdə heç bir profilaktik tədbir həyata keçirilmir, çimərliyə giriş qadağan edilmir. Əgər doğrudan da həmin çimərliklərdə bağırsaq çöpləri varsa və bu insanların kütləvi yoluxması ilə nəticələnə bilərsə, müvafiq qurumlar öz işlərini sadəcə xəbərdarlıq etməklə bitirə bilrməzlər. Çünki belə biganəlik hökumətin öz vətəndaşlarının sağlamlığına qarşı laqeyidlik kimi dəyərləndirilə bilər. Məsələnin görünən tərəfi ondan ibarətdir ki, Hövsan çimərliyinə birbaşa kanalizasiya sularının axması səbəbindən Sahil" və "Şıx"la müqayisədə dəfələrlə çirkli olmasına baxmayaraq orada istifadəyə qadağa qoyulmur. Hansı ki, hamıya bəllidir ki, Hövsan kanalizasiyası birbaşa dənizə axıdılır, nəticədə çimərlik iyrənc hala düşür. Amma nədənsə, "Sahil" və "Şıx" çimərlikləri istifadəyə yararsız hesab olunur. Lakin sözügedən çimərliklərdən istifadənin rəsmi qaydada qadağan olunması barədə ərazidə хəbərdarlıqedici lövhələrin yerləşdirilməsinə baхmayaraq həmin çimərliklərdən istifadənin qarşısını almaq heç bir halda mümkün olmayıb. İsti yay günlərində sərinləşmək arzusunda olan insanlar, хüsusən də bu ərazilərdə yaşayan vətəndaşlar elə istifadəsi qadağan olunmuş çimərliklərə üz tuturlar. Özü də giriş haqqı ödəməklə.
Çimərliklərdə spirtli ickilərin satışına nəzarət yox dərəcəsindədir
Çimərliklərdə boğulma hallarına səbəb olan amillərdən biri də vətəndaşların sərxoş halda dənizə üz tutmasıdır. İnsanlar sərinləşdirici içkilər əvəzinə spirtli içkilər və ya pivə qəbul edərək çimməyə üstünlük verirlər. Yeri gəlmişkən qeyd edək ki, son illər qadınlar və azyaşlılar arasında da belə həalların sayının artması müşahidə olunur. Çimərlik ərazisində fəaliyyət göstərən restoran və kafelər isə sanki buna susamış kimi şıdırğı alverlərini davam etdirirlər. Heç bir nəzarət mexanizminin olmamasından sui-istifadə edən bu iaşə obyektləri hətta azyaşlı uşaqlara spirtli içki satmaqdan çəkinmirlər. İnsanlar isə özləri öz həyatlarına qənim kəsilərək sərхoş halda dənizə grirlər. Özü də belə hallar axşam saatlarında daha çoxluq təşkil edir. Bunun nəticəsində çimərliklərdə bədbəxt hadisələrin sayı artmaqda davam edir. Demək olar ki, mövsüm ərzində hər gün dənizdə bir neçə nəfər boğulur və ya batma təhlükəsilə üzləşir. Fövqəladə Hallar Nazirliyinin çimərliklərdə xilasetmə postlarının olmasına və bu ərazilərə nəzarət etməsinə baxmayaraq problemin qarşısını almaq mümkün deyil. Etiraf edilməlidir ki, çimərliklərdə bədbəхt hadisələrin baş verməsində vətəndaşların öz günahları da az deyil. Belə ki, çimərliyə istirahət etməyə gələn insanlar rəsmi dövlət strukturları tərəfindən qoyulmuş qadağalara riayət etmədiklərindən təhlükə ilə üzləşməli olurlar. Xüsusən, dənizdə çimmək, istirahət etmək əvəzinə sanki qadağanedici işarələrlə məzələnirlər. Demək olar ki, artıq belə hal çimərlik "əyləncəsinə" çevrilib. Nəzərə almırlar ki, bu həm onların öz həyatları üçün təhlükəlidir, həm də xilasedicilərin öz vəzifələrini yerinə yetirməyə mane olurlar. Dərk etmirlər ki, çımərlikdə təhlükəsizlik qaydalarına riayət etməklə öz həyatlarını bədbəxt hadisələrdən хilas edə bilərlər. Rəsmi qurumların verdiyi məlumata görə, suda boğulma halları daha çox qeyri-çimərlik sahələrində baş verir. Bu isə o deməkdir ki, boğulma və batma halları çimərlik ərazilərində baş versə də, əksər hallarda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri köməksiz vəziyyətdə qalanları xilas edə bilirlər. Amma qeyri-çimərlik sahələrində baş verən hadisələrin əksəriyyəti ölümlə sonuclanır. Çünki, həmin ərazilər qeyri-çimərlik sahəsi hesab olunduğundan burada nəzarət də zəif olur. Daha dəqiq, xilasedicilər həmin ərazilərə yalnız "çimmək qadağandır" işarəsi qoymaqla ərazini tərk edirlər.
İnsanlar niyə qeyri-çimərlik sahələrinə üz tuturlar?
Məlumat üçün qeyd edək ki, çimərliklərdə boğulma hadisələrin baş verməsi bir neçə amillə əlaqəlidir ki, onlardan biri də baş verə biləcək təhlükə ilə bağlı vətəndaşlar arasında lazımi maarifləndirmə tədbirlərinin aparılmamasıdır. Yəni, vətəndaşlara yalnız "çimmək qadağandır" demək onun maariflənməsi üçün kifayət deyil. Bunun üçün aidiyyəti qurumlar qabaqlayıcı tədbirlər barədə lazımı addımlar atmalı, xüsusən də qeyri-çimərlik sahələrinə nəzarəti gücləndirilməlidir. Ekspertlərin fikrincə, çimərlik və qeyri-çimərlik sahələrinə xüsusi adamlar təhkim edilə bilər ki, ərazilərə nəzarət etsin. Yəqin ki, aidiyyəti qurumların çimərlik mövsümündə belə bir addım atmağa imkanları var. Cəmi 3 aylıq çimərlik mövsümü üçün belə bir tədbirlər həyata keçirilməsi həmin qurumlar üçün heç bir problem yaratmaz. Amma nədənsə hələ ki, bu istiqamətdə lazımi addım atılmır. Təhlükəsizlik tədbirləri əvəzinə yay mövsümü başlanan kimi dənizın kənarları sahibkarlar tərəfindən zəbt edilir, ərazidə yalnız biznes imkanları üçün şərait yaradılır. Çimərlik sahələri hasarlanır, kənar şəxslər çimərlik sahələrinə buraxılmır, çimərliklərə sadə vətəndaşların girişinə qadağa qoyulur. Əslində çimərlik sahələri pulsuz olsa da, bəzi işbazlar müəyyən dairələrlə şifahi razılaşmaqla bu əraziləri zəbt edir və həmin ərazidən yalnız qazanc mənbəyi kimi istifadə olunur. Həmin ərazilər rayon icra hakimiyyətlərinin göstərişi ilə xüsusi şəxslərə icarəyə verilir, onlar isə nəzarətlərində olan əraziyə girişi qadağan edirlər. Nətizədə insanlar qeyri-çimərlik ərazilərinə üz tuturlar. Onu da хatırladaq ki, çimərliklərdə təhlükəsizlik tədbirləri görmək çimərlik sahiblərinin borcu olsa da, ərazidə təmizliyə riayət etmək vəzifəsi vətəndaşların üzərinə düşür. Məsələ orasındadaır ki, belə vəziyyət həm vətəndaşların, həm də müvafiq qurumların gözü qarşısında baş verir. Prosesə nəzarət etməli orqanlar isə hansı yolla olursa olsun yalnız "qaz vurub qazan doldurmaq" barədə düşünürlər.
Alim