“Satıcılar əksər hallarda keyfiyyətsiz geyimləri alıcılara “sırıyırlar”” - ARAŞDIRMA
“İki manatlıq geyimlər Azərbaycan gəncliyi üçün tələdir”
28 İyun 2013 17:03 ProblemSon dövrlər Azərbaycana xarici ölkələrdən tərkibi və mənşəyi müəyyən edilməyən, ucuz, keyfiyyətsiz, müxtəlif yoluxucu xəstəlik daşıyıcısı olan geyimlər gətirilir. Daxil olduğumuz mağazaların böyük əksəriyyətində 2 manatdan yuxarı olan geyimlərin üstünlük təşkil etdiyini görürük. Bazarlarda da 1-2 manata satılan geyimlərin qarşısında növbənin olması alıcıların sağlamlıqlarının qeydinə qalmaqdan daha çox ciblərinin qeydinə qaldığını göstərir. Alıcılar bir çox hallarda maddi maraqlarını güdərək iki-üç manata olan geyim almağı daha məqsədə uyğun hesab edir. İstehlakçılar səhhətlərindən çox ciblərinin qayğısına qalır. Alıcı-satıcı dialoquna kənardan nəzər yetirdikdə də bunu müşahidə edə bilərik. Alıcı üçün sonradan səhhətində yarana biləcək problemlərdən daha çox qiymətin aşağı olması, satıcı üçün isə cüzi də olsa həmin maldan əlavə gəlir əldə etmək maraqlıdır. "Aşağı qiyməti neçədir?" deyə satıcının canını boğazına dirəyən alıcılar onun tərkibi haqda heç maraqlanmırlar da. Nəticədə ucuz və keyfiyyətsiz mallara üstünlük verən alıcılar sonradan dərilərində yaranan müəyyən xəstəliklərdən şikayətlənərək geyim üçün xərcləmədiyi pulu həkimə verməli olur. "Second Hand" adı altında ikinci əl geyim mallarının, bu cür keyfiyyətsiz geyimlərin son dövrlər ölkə bazarında hökmranlıq etdiyini nəzərə alaraq ekspertlərin də bu istiqamətdə fikirlərini öyrəndik.
Sosioloq Əhməd Qəşəmoğlu alıcıların bu cür ucuz mallara meyilli olmasını meşşanlıq əlaməti hesab etdiyini deyərək sovet dövrü ilə müqayisədə xarici ölkələrdən gətirilən bu geyimlərin öncəki keyfiyyətə cavab vermədiyini vurğulayıb: "Alıcıların bu cür ucuz mallara meyilli olması meşşanlığın əlamətidir. İstehlakçılar bir çox hallarda parlaq, xarici malları almağı özlərinə şöhrət hesab edir. İndiki dövrdən fərqli olaraq sovet dövründə xaricdən gətirilən mallar yüksək standartlara cavab verirdi". İnsan səhhətinə zərərli geyimlərin bəzi iş adamları tərəfindən ölkəmizə gətirildiyini deyən sosioloq alıcıların da səhhətlərinin qeydinə qalmadığını söyləyib: "Bəzi işadamları maddi gəlir güdərək xaricdən keyfiyyətsiz mallar gətirirlər. Mənəvi səviyyə bu cür şəxslərə imkan vermir ki, onlar insan sağlamlığının qeydinə qalsın. Nəticədə bəzi işbazlar tərəfindən aldadılan alıcılar ucuz geyimə üstünlük verməklə 5-10 manat qabağa düşəcəyini götür-qoy edir". Ucuz və keyfiyyətsiz geyimlərin fəsadlarından danışan sosioloq dövlətin bu sahədə diqqəli olmasının önəm daşıdığını deyərək dünyanın müxtəlif ölkələrində olan işbazların insan səhhəti üçün zərərli hesab edilən belə geyimləri istehsal etməkdə maraqlı olduğunu da inkar etmir: "Bu gün satışda kifayət qədər keyfiyyətsiz alt paltarları görmək olar. Bu cür geyimlər onkoloji xəstəliklərlə yanaşı müxtəlif problemlərin yaranmasına da yol açır. Mütəxəssislər hesab edir ki, sintetik parçalardan hazırlanan, kimyəvi maddələrlə zəngin boyalarla rənglənən geyimlər, keyfiyyətsiz ayaqqabı və aksessuarlar allergiyaya, müxtəlif xəstəliklərə səbəb olur. Ucuz çin geyimlərini alan şəxslərin dərilərində sonradan müxtəlif problemlər ortaya çıxır. Dəfələrlə həkimlər bu cür halların şahidi olub. Problemin qarşısını almaq üçün dövlətin də bu istiqamədə müəyyən işlər görməsi gərəkir". İkinci əl geyim mallarını insan səhhəti üçün təhlükə hesab edən sosioloq alıcıların ucuz olduğundan belə geyimlərə üstünlük verdiyini söyləyir: "Bir çox hallarda əcnəbi ölkələrin vətəndaşları xeyriyyə məqsədi ilə geyimlərini xarici ölkələrə yollayır. Bəzi işbazlar isə bu geyimlərin xarici ölkələrdə satışını təşkil edərək müəyyən gəlir əldə edirlər. Alıcılar isə ucuz olduğu üçün bu geyimlərə üstünlük verir. İkinci əl geyim mallarının ölkəmizə gətirildikdən sonra gigiyenik tələblərə nə dərəcədə cavab verməsi də sual altındadır. Çünki biz onun nə cür təmzilənməsindən, kimin geyinməsindən xəbərsizik. Bilmək olmaz bəlkə də bu geyimi geyən şəxs hər hansı virusun daşıyıcısı olub".
-Bu cür geyimlərin böyük əksəriyyəti məhz Çindən gətirilir. Bir zamanlar çinli işbazlar qida qalıqlarını zibilliklərdən yığaraq müxtəlif məhsullar hazırladı. Bu məhsullar sırasında geyimlərin də adını çəkmək olar...
-Çinlilər bütün ölkələrdən yığılan zibillərdən müxtəlif məhsullar hazırlayaraq xarici ölkə bazarlarına gözəl görünüş verərək təqdim edir. Bu gün bazarlarda Çindən gətirilən ucuz və keyfiyyətsiz mallar üstünlük təşkil edir. İki manatlıq geyimlər Azərbaycan gəncliyi üçün tələdir. Bu cür geyimlər bədəndə müəyyən şüalanmaların da yaranmasına yol açır. Bədəndə enerji balansının pozulması nəticəsində müxtəlif onkoloji xəstəliklər yaranır.
-Bu cür geyimlər Avropa bazarında ölkəmizdə olduğu kimi hökmranlığı ələ ala bilmir. Demək olarmı ki, belə keyfiyyətsiz geyimlər ən çox inkişafda etməkdə olan ölkələrə satılır?
-Almaniyada səfərdə olanda nəvəm üçün geyim almışdım. Evə gələndə aldığım keyfiyyətli geyimin Çində istehsal olunduğunu görəndə sözün əsl mənasında təəccübləndim. Almaniyaya göndərilən çin malı ilə Azərbaycana gətirilən geyimlər arasında böyük fərqlər var. Türkiyəli istehsalçılardan biri mənlə danışanda da məhsulu üç cür-öz ölkəsi, Avropa və Azərbaycan kimi ölkələr üçün istehsal etdiyini demişdi. Eyni fabrikdə eyni adla istehsal olunan geyimlərin keyfiyyət göstəricisi fərqlidir. Belə keyfiyyətsiz geyimlər Avropa bazarına girə bilməsə də yerli məkanlardan üstünlük təşkil edir. Hər şeyi dövlətdən gözləmək də düzgün deyil. Hər birimiz bu işdə müəyyən qədər təşəbbüskar olmalıyıq. Əhalinin mədəniyyəti, istəyi buna imkan verməsə dövlətin bu sahəyə ayırdığı diqqətlə müsbət nəticə əldə etmək olmaz.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xaricdən ölkəmizə gətirilən geyimlərin tərkibinin qənaətbəxş olmadığını deyərək belə sənaye məhsullarının daha çox uşaq səhhətinə zərərli olduğunu vurğulayıb: "Azərbaycanda satılan geyim mallarının təxminən 40 faizindən çoxu pambıq deyil, qarışıq tərkibə malikdir. Bu cür keyfiyyətsiz geyimlərin bir hissəsi neft məhsullarından, ətraf tullantılardan hazırlanır. Bəzən uşaq geyimləri də bu cür keyfiyyətsiz formada istehlakçıya təqdim edilir ki, bu zaman vəziyyət daha da ciddiləşir".
Alıcıların hüquqları haqda danışan ekspert istehlakçıların alacaqları sənayə məhsulunun sertifikatını tələb etmək, onu 14 gün ərzində geri qaytarmaq hüququna malik olduğunu deyən E.Hüseynov "second hand" adı altında tanınan ikinci əl geyim malları haqda məlumat verərək belə məhsulların daha çox Azərbaycan kimi ölkələrə satıldığını söyləyib: "İnkişaf etmiş ölkələrdə hər ay insanlar köhnəlmiş, istifadədən imtina etdiyi geyimi xüsusi yerlərə atırlar. Xarici dövlətlər də belə geyimləri Azərbaycan kimi ölkələrə satır. Monitorinqlərimizin nəticələri də ikinci əl geyim mallarının ölkəmizdə 15-20 dəfə baha satıldığını göstərir. İkinci əl geyim malları arzuolunmaz mallar hesab edilir. Buna görə belə geyimlər alarkən istehlakçılar diqqətli olmalı, ilk öncə onu yaxşıca qaynatmalıdırlar. İkinci əl malları dünyada böyük problemə çevrilib". Mütəxəssis bu cür geyimlərin əsasən Mərkəzi Avropa ölkələri və Kanadadan gətirildiyini vurğulayıb.
Bu cür geyimlərin ilk olaraq dəridə fəsadlar yaratdığını nəzərə alaraq həkim-dermotoloq Əli Hətəmovun da mövzu haqda fikirlərini öyrəndik. Ə.Hətəmov istehlakçılara bu cür arzuolunmaz hallarla qarşılaşmamaq üçün məsləhətlərini verib: "Nə cür geyim almağımızdan asılı olamayaraq onu yuyub sonra geyinməliyik. Birbaşa geyinmək məsləhət görülmür. Bu təkcə ikinci əl geyim mallarına aid deyil. Geyim alarkən onun pambıqdan hazırlanmasına da diqqət yetirmək lazımdır. Bu zaman dəri xəstəliklərinin yaranma səviyyəsi aşağı enir. Alıcılar çalışmalıdırlar ki, bədənə yapışan geyimlər almasınlar. Geyimlərin dəridə müəyyən fəsadlar yaratmaması üçün etiketdə göstərilən tələblərə də riayət edilməsi tövsiyə edilir". Dəridə yaranan xəstəliklərdə yuyucu tozun lazımınca təmizlənməməsinin mühüm rola malik olduğunu deyən dermotoloq boya maddələrdən hazırlanan geyimlərin də müəyyən fəsadlar törədə biləcəyini vurğulayıb: "Paltar yuyarkən onun yuyucu tozdan lazımınca təmizlənməsi məsləhət görülür. Əks halda orqanizmdə müəyyən fəsadlar yarana bilər. Yuyucu toz seçimi edərkən də ən keyfiyyətlisinə üstünlük vermək lazımdır. Allergiyaya meyilli insanlar xüsusi ilə bu amilə diqqətlə yanaşmalıdır. Yuyucu tozlarla yanaşı rəngləyici, yapışqan maddələr də müəyyən dəri xəstəliklərinin yaranmasına səbəb olur. Alıcılar tünd rəngli geymlər alarkən də diqqətli olmalıdırlar. Bir çox hallarda bu rənglər yapışqan halda olduğu üçün dəridə müəyyən xəstəliklərin yaranmasına yol açır". İkinci əl geyim mallarının yenidən alınmasını məsləhət görməyən ekspert bu cür məhsulların virus daşıyıcısı ola biləcəyini də deyir: "İkinci əl geyimlərin öncələr istifadəsini nəzərə alaraq onun yenidən alınmasını məsləhət görmürük. Ola bilər ki, öncə bu geyimi geyən şəxs müəyyən virus daşıyıcısı olub. İkinci əl geyim malları müəyyən qaşınmalar, qoturluq xəstəliyi və bir sıra keçici dəri xəstəliklərinin daşıyıcısı olur". Ə.Hətəmov dəri xəstəliklərinin təkcə geyimlərlə deyil, metaldan hazırlanan müəyyən əşyalar vasitəsi ilə də keçə biləcəyini deyib: "Bəzi hallarda geyim deyil, onun üzərində olan metallardan hazırlanan müəyyən aksessuarlar da müxtəlif dəri xəstəlikləri, allergiya yarada bilir". Dermotoloq geyim mağazalarında eyni geyimi müxtəlif alıcılar tərəfindən geyilməsindən şikayətlənərək bu yolla da müxtəlif virusların yayıla biləcəyini söyləyib: "Paltar seçimi edərkən satıcılar alıcılara icazə verir ki, müştəri bəyəndiyi geyim geysin. Bu düz deyil. Öncəki müştəridə müəyyən viruslar var idisə növbəti dəfə geyildikdə o digər müştəriyə də keçir". Alıcılarla söhbət etdikdə isə onların böyük əksəriyyətinin heç bir gigyenik amillərə riayət etmədiyini, məhsulun üzərində göstərilən tələblərə riayət edilmədiyini, daha çox ucuz mala üstünlük verdiyini müşahidə etdik. Elə alıcı Samirə Zeynalova kimi. O, da digər alıcılar kimi daha çox maddi marağın onun üçün önəmli olduğu deyərək ucuz mallara üstünlük verdiyini söyləyir. Digər həmsöhbətimiz Suğra Əliyeva isə ucuz geyimlərlə yanaşı ikinci əl geyim mallarına da üstünlük verdiyini söyləyir: "İndicə ikinci əl geyim mallarından almışam. Həm özümə, həm də övladlarıma alıram. Cibimə isə sərfəlidir. Keyfiyyətsizliyə qalsa digər geyimlərin hansı keyfiyyət göstəricisinə cavab verməsi onsuz da bizə məlum deyil. Bahalı keyfiyyətsiz maldansa cibimə uyğun ucuz geyimlər daha münasibdir". Satıcı ilə qiymət davası edərkən suallarımızı da böyük məmuniyyətlə cavablandıran Mehriban Hüseynova heç vaxt geyimin üzərindəki etiketə fikir vermədiyini, məhsulun tərkibi ilə maraqlanmadığını deyir: "Heç vaxt fikir vermirəm. Pambıq adı ilə aldığım geyimin də sonradan sintetik tərkibə malik olduğunu öyrənirəm. Satıcılar əksər hallarda keyfiyyətsiz geyimləri alıcılara "sırıyırlar" ".
Nigar Məhərrəm
P.S-Geyim mağazalarında yalançı endirimlərin artması ilə əlaqədar növbəti dəfə bu istiqamətdə araşdırmalar apararaq ekspert rəyləri öyrənəcəyik.