Kriminalla açılan səhərimiz...
“Sən bizim boyumuzu yerə soxmaq istəyirsən? El-aləm bizə nə deyər? Deməzlər ki, filankəsin qızının əlində üzük olmadan oğlanla görüşə çıxıb?..”
27 İyun 2013 16:21 ProblemHər səhər olduğu kimi bu gün də belə xəbər aldıq: "İyunun 26-da Bakı şəhərinin Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Şüvəlan qəsəbəsi Əliheydər Qarayev küçəsində yaşayan 1958-ci il təvəllüdlü Bayramov Valeh Vaqif oğlu həyat yoldaşı, 1964-cü ildə anadan olmuş Bayramova Gülnarə Mürsəl qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, daha sonra evdə olan və hadisələrə şahidlik edən gəlini 1989-cu il təvəllüdlü Bayramova Sahilə Akif qızını da eyni üsulla öldürüb. Gənc qız evdən qaçaraq canını qurtarmaq istəsə də, V.Bayramov onu həyətdə tutub və amansızlıqla qətlə yetirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə iş başlanılıb. Hadisədən sonra ərazini tərk edən V.Bayramov tutularaq istintaqa təhvil verilib. O, ilkin ifadəsində hadisəni ailə münaqişəsi zəmində törətdiyini deyib. İşsiz olan 55 yaşlı kişi bildirib ki, həyat yoldaşı onu saymadığı üçün bu əməli törədib".
Ölkə gündəmində tez-tez yenilənən məlumatlardan biri də kriminal hadisələrlə bağlıdır. Hər gün bir neçə qadının əri tərəfindən vəhşicəsinə öldürüldüyü haqda məlumat alırıq. Heç bir statistik rəqəmlərə müraciət etmədən baş verən olayların əksər hallarda kişilər tərəfindən törədildiyini söyləyə bilərik. Bir çox hallarda qadını şəxsi əşyası hesab edən ər onu öldürməyi də özünə "borc" bilir. İstintaqı yekunlaşan kriminal hadisələrə nəzər yetirdikdə də problemin kökündə əslində o qədər də önəmli amilin dayanmadığını görə bilərik. Biri arvadını öldürdükdən sonra heç bir əsas gətirmədən ondan şübhələndiyini, digəri həyat yoldaşının onun sözünə baxmadığını, bir başqası içkili və hirsli olduğundan acığını yoldaşından çıxdığını deyir. Balta və bıçaqların Azərbaycan ailəsində kişilərin əsas silahına çevrilməsi gələcəkdə də arzuolunmaz hadisələrin artmasına səbəb ola bilər.
Bəs, görəsən ailədaxili münaqişələr əsasən hansı amillərdən qaynaqlanır? Dəfələrlə bu mövzuda mütəxəssis rəylərini təqdim etdiyimiz üçün ümumi nəticəyə gələrək bir sıra amilləri sadalaya bilərik. Məsələn, tərəflərin bir-birlərinin xasiyyətinə bələd olmadan ailə həyatı qurması və ya valideynlərin milli mentaliteti üstün tutaraq nikaha girməyə hazırlaşan cütlüklərin bir-birlərini tanımasına izin verməməsi bu məsələdə önəmli rol oynayır. Ona elçi göndərən şəxsin kimliyi, xasiyyəti haqda yetərincə məlumat almaq istəyən qız anasından həmin şəxslə görüşmək üçün izn aldıqda valideyn "sən bizim boyumuzu yerə soxmaq istəyirsən? El-aləm bizə nə deyər? Deməzlər ki, filankəsin qızının əlində üzük olmadan oğlanla görüşə çıxıb" deyə cavab verir. Düşüncələrin dəyişilməyəcəyinin fərqinə varan qız isə özünü valideynini haqlı hesab etmiş kimi göstərməyə məcbur edir. Bu gün bir çox valideynlər övladının xoşbəxtliyindən daha çox ictimai qınağı, öz imicini üstün tutur. Əslində bu valideynin övladının xoşbəxtliyini istəməməsi anlamını daşımamalıdır. 70-80-ci illərin düşüncəsi ilə yaşayan orta və yaşlı nəsil zəmanənin dəyişildiyinin fərqinə varmayaraq belə qənaətə gəlir. Dövr, zaman və onun tələbləri dəyişib. Öncələr kişilər yalnız sevdikləri qadına "səni sevirəm" deyirdisə bu gün hər yoldan ötənə bu sözü deyə bilir. "Atanla mən də nişandan sonra bir-birimizi görə bilmişik. Heç toya qədər düzəməlli görüşməmişik də. Biz necə, siz də elə. Bizə nə olub ki? Məgər yola getmirik, indi bir yerdə deyilik?" deyən valideynlər baş verən arzuolunmaz hadisələrdə də müəyyən qədər günah sahibi hesab edilir. Bu gün əksər ailələrdə valideyn-övlad arasında pərdənin deyil, böyük bir səddin olduğunu görə bilərik. Övlad dərdini, problemini deyəcək bir adam da tapa bilmir. Nəticədə isə intiharların sayı artmış olur.
Dəfələrlə valideynlərin tanımadığı, haqqında heç bir bilgi toplamadığı birisinə qızını ərə verdiyini də görmüşük. Erkən nikahların sayının artması da valideynlərin bir daha bu məsələdə diqqətsiz olmasını göstərir. "Mənim qızım üçün tez elçi gəldilər" deyə bəzi valideynlər yaşı ötmüş qzı analarına səslənərək ona acıq da verir. Canından-qanından olan övladının gələcək xoşbəxtliyini düşünmək niyə bəzi valideynlər üçün kiminləsə yarşıa girməkdən arxa planda qalıb?
Psixoloq Ramil Nəcəfli ailədaxili münaqişələrin yaranmasında rola malik olan amillərdən danışır: "Ailədaxili münaqişələrin yaranmasında kişilərin işsizliyi, qadının cəmiyyətdəki rolunun artması da böyük rol oynayır. Kişi artıq özünün maddi və mənəvi funksiyasının yerinə yetirə bilməyərək sosial statusunu itirir. Qadın məcburiyyət qarşısında işləyir. İşsiz olan kişi də özünü "qeyrətli" göstərərək müəyyən bəhanə ilə həyat yoldaşı ilə aqressiv davranır və bir çox hallarda bu, faciə ilə sonuclanır. Bəzi kişilər törətdikləri cinayəti namus və qeyrət adı altında pərdələyərək müəyyən mənada öz cinayətlərini ört-basdır edirlər. Bəzən insan psixoloji durumunun hansı vəziyyətdə olmasından xəbərsiz olur. Bu səbəbdən insan psixikasında ani baş verən hadisə onun üçün böyük fəlakətlərə səbəb ola bilər. Cütlüklərin ailə həyatı qurmazdan öncə bir-birini yaxından tanıya bilməməsi də münaqişələrin yaranmasına səbəb olur. Bunun bir səbəbi də milli mentalitetimizdir. Boşanmaların da ən böyük səbəbi ünsiyyətin düzgün qurulmaması, tərəflərin bir-birilə dil tapa bilməməsidir. Cəmiyyətimizdə yadlaşmanın, insanlar arasında soyuqluğun artması psixoloqların işini daha da artırır. Əvvəllər hər kəs bir-birilə fikirlərini bölüşür, get-gəl edirdi. Lakin indi insanlar sanki bir-birlərindən uzaqlaşıb. Bu tip hadisələrin baş verməsində daha çox kişilər günahkardır. Onlar işdəki problemlər və maddi sıxıntılar səbəbindən belə dəhşətli olaylar törədirlər".
Kriminal hadisələr törədən şəxlərin vaxtı ilə özlərinin də münaqişəli ailədə böyüdüyünü söyləyən mütəxəssislər baş verən hadisələrdə erkən tərbiyənin də önəm daşıdığını deyirlər. "Ümidli Gələcək" Gənclər Təşkilatının xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin rəhbəri Elnarə Hüseynova da mövzuya bu istiqamətdən yanaşaraq zorakılığa məruz qalan azyaşlının gələcəkdə zorakı şəxsə çevriləcəyini söyləyir: "Zorakılığa məruz qalan uşaqların problemlərinin böyük əksəriyyəti ailədən qaynaqlanır. Hər ay statistikalara nəzər yetirərək arzuolunmaz hadisələrin get-gedə daha da artdığını müşahidə edirik. Ailədaxili münasibətlərin sağlam qurulmaması, şəxsiyyətlərarası əlaqələrin konfliktli olması azyaşlıların da gələcəkdə zorakılığa meyilli olmasına səbəb olur. Zorakılığın qurbanı olan uşağı vaxtında reabilitasiyaya cəlb etmədikdə o da böyüyəndə zorakı şəxsə çevrilir. Belə uşaqlar zaman keçdikcə aqressivləşir, hər şeyə sərt münasibət bildirməyə başlayır. Apardığımız araşdırmalar zamanı da bu fikri təsdiqləyəcək nəticələr əldə etmişik. Zorakılığa məruz qalan uşağın ailəsi ilə tanış olduqda onu döyən atanın vaxtı ilə özünün bu şiddətə məruz qaldığını öyrənmişik. Atası zorakılıq qurbanı olduğundan övladını döyür. Bu zəncir vaxtında qırılmadıqda sonradan zəncirvari formada da davam edəcək. Hazırda işbirliyi qurduğumuz digər qurumlarla zorakılığa meyilliyinin qarşısını almağa çalışırıq. Çünki erkən yaşlarda gördüyü münasibətləri uşaqlar gələcək həyatlarında da tətbiq etməyə başlayır. Ola bilər ki, uşaq şəxsən zorakılıq qurbanı olmasın. O, adi bir zorakılığın şahidi olduqda belə yenə də şiddətə meyilli olur. Bu gün zorakılıq qurbanı olan şəxs sabah zorakı şəxs olur".
"Təmiz Dünya Qadınlara Yardım" İB-nin sədri Mehriban Zeynalovanın sözlərinə görə, öldürülən qadınların böyük hissəsi xüsusi amansızlıqla qətlə yetirilir. M.Zeynalova arzuolunmaz faktların sayının artmasını qadınların öz hüquqlarını bilməməsi və müvafiq qurumlara müraciət etməkdən çəkinməsi ilə izah edir. M.Zeynalovanın sözlərinə görə hər ay "Təmiz Dünya Qadınlara Yardım" İB-nin "Qaynar xətt"inə qadın zorakılığı ilə bağlı 350-360 zəng daxil olur.
M. Zeynalova qanunda da bu istiqamətdə boşluqların olduğunu deyir: "Qanunda bu istiqamətdə ciddi boşluqlar var. İlk növbədə bu sahədə müəyyən işlərin görülməsinə ehtiyac görürəm. Qız uşaqlarının erkən ərə getmələri ilə bağlı qanunda cərimələr nəzərdə tutulsa da hələ ki, Azərbaycanda kiminsə buna görə, cinayət məsuliyyətinə cəlb edildiyini görməmişik. Baş verəcək qanun pozuntuları ilə əlaqədar polisin də rolu müəyyən edilməyib. Məsələn, kimsə psixoloji, ya iqtisadi zorakılığa məruz qaldığı üçün müraciət etdikdə, polis heç bir zədə olmadığı üçün şikayət etdiyiniz şəxsi məsuliyyətə cəlb etməkdən imtina edəcək. Döyməyə görə cəzanın tətbiq edilməməsi də bu sahədə vəziyyəti daha da acınacaqlı edir. Bu gün istənilən şəxs cəza olmadığı üçün həyat yoldaşını döyə bilər. Bunun müqabilində yalnız cərimə ödəyən kişi ödədiyi pula, həm də həyat yoldaşının polisə müraciət etməsinə görə onu yenidən döyəcək".
Psixoloq Dəyanət Rzayev ailədaxili münaqişələrin baş verməsində genetik amillərin mühüm rola malik olduğunu deyərək erkən yaşlarda psixoloji zərbə alan uşaqların gələcəkdə çoxsaylı problemlərinin ola biləcəyindən xəbər verir: "Bu cür situasiyaların baş verməsində genetik amillərin də rolu var. Belə münaqişəli ailələrdə böyüyən uşaqlar ola bilər ki, zaman keçdikcə çox nümunəvi şəxs, həyat yoldaşı ola bilsin. Lakin uşaq vaxtı aldığı travmalar onu heç vaxt tərk etmir. Hər şeyin yaxşı olduğunu görən şəxs içində yaranan problemin nədən qaynaqlandığını da bilmir. Gələcəkdə yaranacaq problemlərin böyük əksəriyyəti uşaqlığımızdan qaynaqlanır".
Psixoloq Elnur Rüstəmov isə kriminal hadisələrin baş verməməsi üçün tərəfləri birgə müzakirəyə dəvət edir. O, problemin həllini öldürməkdə deyil, bir-birlərini anlamağa çalışmalarında gördüyünü deyir: "Sevsinlər, sevilsinlər, bir-birlərinin qədrini bilsinlər. Problem varsa həlli yolu da var. Həlli yolunu da düşünsünlər. Problem çözülməlidir. Əri pis olan qadın hər zaman ona qarşı iradlarını səsləndirir. Bu cür fikirləri dəfələrlə səsləndirməyə nə gərək var ki? Problemin həlli kimi önəmli nüanslar kənarda qala-qala tərəflər yenə də bir-birlərini nədəsə ittiham etməyə davam edirlər".
Ailədaxili qətllər haqda məlumat alarkən bu kimi hadisələrin ucqar rayonlarda, müxtəlif kəndlərdə üstünlük təşkil etdiyini müşahidə edirik. Bunun səbəblərini araşdırmaq üçün problemə bu istiqamətdən yanaşaraq mövzunu davam etdirəcəyik.
Nigar Məhərrəm
P.S-Baş verən olayların daha çox kəndlərdə və ucqar rayonlarda müşahidə edildiyini nəzərə alaraq mövzu ilə əlaqədar digər ekspertlərin də rəyini öyrənəcəyik.