Yası da toy kimi keçirənlər
Ölülərinə savab qazandırdıqlarını düşünürlər
27 İyun 2013 16:16 Problem(Vay o dirinin halına ki, ölü nəcabəti ilə fəxr edər.
A.A. Bakıxanov.)
Ötən yazımızda israfçılıq və onun gətirdiyi bəlalardan, milli toy adətlərimizin eybəcər hala salınmasından bəhs etmişdik. Bu dəfə dünyada analoqu olmayan yas mərasimlərimizdən, bu məclislərin az qala toy şənliklərinə bənzədilməsindən danışacayıq. Bu gün toyla yaz arasında fərq o qalıb ki, birincidə çalıb oynamaq, ikincidə ağlaşma olur (o da qadın məclisində), toyu tamada idarə edir, yası molla...Hə, bir də tamada arabir bəylə gəlinə müraciət edir, molla isə mərhumun şəklinə. O ki qaldı üstü bəzədilmiş süfrələrə, burda da bərabərləşmə çoxdan baş verib. Meyvələrdən tutmuş salatlara, şirniyyata qədər hər iki məclisin menyusu az qala təkrarlanır. Bircə spirtli içki çatışmır, vəssalam. Hətta pul siyahısı tutanların guşəsi də eynidir desək, yanılmarıq. Bu yaxında avtobusda iki kişinin söhbəti zamanı eşitdiyim sözlər isə məni lap mat qoydu. Heç demə, tanınmış bir iş adamı yaxın qohumunun yas məclisi üçün Moskvadan sifarişlə dondurma gətirdibmiş. Kişi yas məclisinda yeyib içdiklərindən vəcdlə danışandan sonra sözünü "allah qonşuma rəhmət eləsin, ömrümdə belə dadlı marojna yeməməşdim" cümləsi ilə bitirdi. Yac məclisində böyük vəsait sərf edib ehsan məclisi quranlar bununla itirdikləri əzizlərinə savab qazandırdıqlarını düşünürlər. Amma bu, yanlış düşüncədir. Daha dəqiq desək, cahilliyin göstəricisidir. Mərhum (və ya mərhumə) üçün nə bu dəbdəbəli yac məclisinin , nə də sadə qəbir daşı əvəzinə ucaltdıqları heykəllərin heç bir faydası yoxdur. İnsan dünyasını dəyişərkən özü ilə yalnız əməllərini aparır. Pis və yaxşı əməlləri isə hər bir kəs həyatda ikən qazanır. Heç ehsanda yeyib -içənlərin "rəhmət" kəlməsindən də ölənə bir xeyir dəymir. Amma insan itirdiyi əziz adamının xatirəsi üçün ehsan olaraq məclis qurmaq əvəzinə savab əməllərə imza atarsa, bir yetimin göz yaslarını qurudarsa, bir imkansıza dayaq olarsa, yol çəkib körpü salarsa o zaman ona savab qazandırmış olar. Lənəti də, savabı da qazandıran əməllərdir. Bəziləri toy şənlikləri kimi əndazəni aşan ehsan məclislərini də keçmişin "qalığı" kimi qələmə verməklə bu məsələdə milli adət-ənənələrimizi günahkar çıxarmağa çalışırlar. İnsaf dinin yarısıdır, deyərlər. 20-30 il əvvəl belə biabırçılıq görülmüşdümü? Mən doğulduğum kənddə başsağlığına gələnlərə xurma və ya qənd ilə çay paylanırdı, vəssalam. Günorta kənd camaatı evinə dağılışar, uzaqdan başsağlığına gəlmiş qonaqlar üçünsə süfrəyə kasalarda bozbaş, çörək və göy-göyərti qoyulardı. Yasa gələnlər özləri ilə çay-qənd gətirsələr də pul yazdırmaq söhbəti yox idi. Əslində 40 gün ölü sahiblərinin yanına gedib- gəlmək, onları tək qoymamaq xeyirxah niyyətdən irəli gəlirdi. Yaşından asılı olmayaraq hər bir ölüm hadisəsi yaxınları üçün acı itki, böyük sarsıntı deməkdir. İnsanların təsəllisi isə bu sarsıntıdan qurtulmaq üçün böyük mənəvi dəstəkdir. Yalnızlıq insanı intihara belə sürükləyə bilər. Amma indi gələnlərin axını varlılara şan-şöhrətini, varını göstərib lovğalanmaq üçün fürsət, kasıblar üçünsə gizli iztirab keçirmələrinə səbəbdir. Kasıb yazıq bir tərəfdən itirdiyinə ağlayır, digər tərəfdən də bu xərcin altından necə cıxacağını acı-acı düşünür. "Palaza bürünüb ellə sürünməyin"məntiqi sonluğu ağır borc yükünün altına düşməklə qurtarır. Evlənən cütlüklərin valideynlərinə qalan "qazanc" toy kaseti və bir ömür boyu ödəyəcəkləri borc dəftəri olur. Yəni bu borcu kredit kimi yavaş-yavaş ödəyirlər. Ölənin yaxınları isə bir günün içində qaçılmaz xərc yükü ilə üzbəüz qalırlar. Bu yaxınlarda həmin xərclərin ümumi dəyərini hesablamışdılar ki, adam baxandə gözləri qaralırdı. Məzar yeri, onun qazılması, ölünün yuyulması, molla xərci , üstəlik ehsan...Özü də cüməaxşamları, qırx və il mərasmləri də daxil olmaqla. İndi gəl ay kasıb, ölünü qoy, dirini ağla. Ödə bu xərci görüm necə ödəyirsən.
Nazilə Nəriman