“Atası zorakılıq qurbanı olduğundan övladını döyür” - PROBLEM

“...7-15 yaş arası olan uşaqların daha çox zorakılığa məruz qaldığını müşahidə etmişik”

Son illər uşaqlara qarşı zorakılıq hallarının getdikcə artdığını müşahidə edirik. Mütəmadi olaraq media vasitəsilə baş verən olaylar haqda məlumatlanırıq. Öncəki illərdən fərqli olaraq bu gün uşaq hüquqlarının bərpası, qorunması üçün bir çox QHT-lər fəaliyyət göstərərək daxil olan müraciətləri araşdırır. "Ümidli Gələcək" Gənclər Təşkilatının xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin rəhbəri Elnarə Hüseynova da uşaq zorakılığı haqda danışaraq qurumun bu istiqamətdəki fəaliyyəti haqda da informasiya verib: "Müxtəlif orqanlardan, xüsusilə də Uşaq Qaynar Xəttindən qurumumuza müraciətlər daxil olur. Valideynlər, zərərçəkən azyaşlılarla yanaşı bəzən baş verən olayın şahidləri də zəng edərək hadisə haqda məlumat verir. Müəyyən araşdırmalar apardıqdan sonra ilk olaraq sosial işçini işə cəlb edirik. Daha sonra hüquqi və sosial yolla yardımlarımızı göstərməyə çalışırıq".

-Zorakılığın əsasən hansı formaları üstünlük təşkil edir?

-Beynəlxalq səviyyədə zorakılığın fiziki, cinsi, emosional zorakılıq və etinadsız münasibət formaları tanınır. Ölkəmizdə isə daha çox zorakılığın fiziki və emosional formaları qeydiyyata alınır.
 

-Konkret statistikaya nəzər yetirdikdə faizlərin təsnifatını necə apara bilərik?

- Bu gün həm dünyada, həm də ki, ölkəmizdə cinsi zorakılıq halları artıb. Qurumumuz 2011-ci ilin avqustundan fəaliyyət göstərir. İki il ərzində reablitasiyaya cəlb olunan uşaqların sayı 120 olub. Bu uşaqlardan 42-si fiziki, 26-sı cinsi, 43-ü emosional, 7-si isə etinadsız münasibətə görə, digər iki uşaq isə o qədər də ciddi olmayan problemlə əlaqədar müraciət edib.
Statistikaya nəzər yetirdikdə fiziki və emosional zorakılığın 36 faizlə üstünlüyə sahib olduğunu görə bilərik. Zorakılıqla bağlı müraciət edənlər arasında cinslər üzrə təsnifata nəzər yetirdikdə isə qızların 61, oğlanların isə 49 faiz təşkil etidiyini görə bilərik. Apardığımız araşdırmalar, əldə etdiyimiz nəticələrə əsasən 7-15 yaş arası olan uşaqların daha çox zorakılığa məruz qaldığını müşahidə etmişik. Müraciət edən azyaşlıların 65 faizindən çoxu məişət zorakılığına məruz qalıb.

-Problemlərin böyük əksəriyyətinin nədən qaynaqlandığını deyə bilərik?

-Zorakılığa məruz qalan uşaqların problemlərinin böyük əksəriyyəti ailədən qaynaqlanır. Hər ay statistikalara nəzər yetirərək arzuolunmaz hadisələrin get-gedə daha da artdığını müşahidə edirik. Ailədaxili münasibətlərin sağlam qurulmaması, şəxsiyyətlərarası əlaqələrin konfliktli olması azyaşlıların da gələcəkdə zorakılığa meyilli olmasına səbəb olur. Zorakılığın qurbanı olan uşağı vaxtında reabilitasiyaya cəlb etmədikdə o da böyüyəndə zorakı şəxsə çevrilir. Belə uşaqlar zaman keçdikcə aqressivləşir, hər şeyə sərt münasibət bildirməyə başlayır. Apardığımız araşdırmalar zamanı da bu fikri təsdiqləyəcək nəticələr əldə etmişik. Zorakılığa məruz qalan uşağın ailəsi ilə tanış olduqda onu döyən atanın vaxtı ilə özünün bu şiddətə məruz qaldığını öyrənmişik. Atası zorakılıq qurbanı olduğundan övladını döyür. Bu zəncir vaxtında qırılmadıqda sonradan zəncirvari formada da davam edəcək. Hazırda işbirliyi qurduğumuz digər qurumlarla zorakılığa meyilliyinin qarşısını almağa çalışırıq. Çünki erkən yaşlarda gördüyü münasibətləri uşaqlar gələcək həyatlarında da tətbiq etməyə başlayır. Ola bilər ki, uşaq şəxsən zorakılıq qurbanı olmasın. O, adi bir zorakılığın şahidi olduqda belə yenə də şiddətə meyilli olur. Bu gün zorakılıq qurbanı olan şəxs sabah zorakı şəxs olur.

-Əksər hallarda azyaşlıların kimlər tərəfindən zorakılığa məruz qaldığı müşahidə edilib?

-Uşaqlar nəinki ailə daxilində, həmçinin kənar mühitdə, məktəbdə, dostları tərəfindən zorakılığa məruz qalırlar. Amma yenə də ümumi statistikaya nəzər yetirdikdə əksər hallarda uşaqların valideynləri, yaxın qohumları, ailə üzvləri, ən çox isə ataları tərəfindən zorakılığa məruz qaldığını deyə bilərik. Qız uşaqları qardaşları tərəfdən də zorakılığa məruz qalır. Uşaq ikən oğlanların valideynləri tərəfindən bir çox hüquqlara sahib olması böyüdükdən sonra özünü daha geniş biruzə verir. Bu da uşaq ikən valideynin oğlunu qızının üzərində nəzarətçi qoymasından qaynaqlanır. Uşağa kifayət qədər vaxt ayrılmaması da zorakılıq hallarının bir növüdür. Bir çox valideynlər etinadsızlığı zorakılığın bir növü kimi qəbul etmir. Onlar maddi tələbatları ödəməklə vəzifələrinin bitdiyini düşünür. Nəticə etibarı ilə valideyn-övlad arasında əlaqə, ünsiyyət, mənəvi bağ qırılır. Valideynindən isti münasibət görməyən uşaq zaman keçdikcə pis yollara da meyillənə bilər. Zərərli vərdişlərə meyilli olan uşaqlarla söhbət edərək bu yola düşmələrinin səbəbini öyrəndikdə də problemin ailədən qaynaqlandığını müşahidə etmişik. Belə olduqda istər-istəməz uşağın davranışında, danışığında dəyişiklik yaranır.

-Zorakılığa məruz qaldıqdan sonra reabilitasiya işləri aparıldıqda müsbət dəyişikliklər əldə etmək mümkündürmü?

- Reabilitasiya işləri dörd aydan bir ilə qədər davam edə bilir. Ay ərzində təxminən dörd uşağı reabilitasiyaya cəlb edirik. Aylarla zorakılığa məruz qalan azyaşlılar vaxtında valideynləri tərəfindən reabilitasiyaya cəlb edildikdə müsbət nəticələr əldə edilir. Reabilitasiyaya cəlb olunan uşaqların valideynlərinin böyük əksəriyyətinin sonradan övladları ilə münasibətlərini bərpa etməsi müsbət haldır.

-Boşanmış, nikahdan kənar ailədə böyüyən uşaqların davranışlarında necə, zorakılığa meyillilik müşahidə etmək olarmı?

-Boşanmış ailələrdə böyüyən uşaqların hərəkət və davranışlarında da zaman keçdikcə zorakılığa meyilliliyi müşahidə etmək olar. Natamam, boşanmış ailələrdə böyüyən azyaşlılar əksər hallarda travma alırlar. Çünki valideynlərinin boşanması onsuz da azyaşlıların psixologiyasına mənfi təsir edir, bununla yanaşı onların övladları vasitəsilə bir-birindən acıq çıxmaları da fəsadlar yaradır. Boşanmış ailələrdə münasibətlər konfliktli olduğundan, tərəflər bir-birinə qarşı sərt münasibət göstərdiyindən övladda psixoloji problemlər yaranır. Bir çox hallarda münasibətləri pozulan tərəflər övladlarını da bir-birlərinə qarşı sərt davranmağa vadar edir. Bəzən valideynlər uşaqdan sui-istifadə edir, onun vasitəsilə bir-birindən qisas almağa çalışırlar. Valideynlər uşağı bir-birlərinə qarşı çıxarmaqdansa onların hər birinin ayrılıqda övladları üçün dəyərli olduğu haqda düşünməlidir. Ata-ana arasında konfliktli münasibətlərə uşağı qarışdırmaq cəhdi pis nəticə verir. Atasının anası, anasının atası haqda pis fikirlərini eşidən uşaqda fikir ayrılığı formalaşır.

-Bəzən tərəflər münasibətlərinə rəsmən son qoyduqdan sonra ana, ya ata uşaqda qarşı tərəfə qarşı pis düşüncələr formalaşdırır...

-Bu hala da tez-tez təsadüf edirik. Bəzən boşandıqdan sonra uşaq hansı tərəfdə qalırsa digər tərəf övladının o mühitdə pis tərbiyə olunduğunu, döyüldüyünü söyləyərək şikayət edir. Nəticədə araşdırma apararaq daxil olan məlumatın yanlış olduğunu sübuta yetiririk. Bəzi hallarda uşaq anada qaldıqda, həftədə bir dəfə atası ilə görüşmək hüququ əldə etdikdə zaman keçdikcə övladın anasına qarşı soyuması müşahidə edilir. Ailədaxili problem, münaqişələr ən çox uşağa pis təsir edir.

E. Hüseynova sivil formada boşanmaların azlıq təşkil etdiyini deyərək bu cür arzuolunmaz faktların get-gedə daha da artacağını proqnoz edir: "Sivil qaydada boşanmalar azlıq təşkil etdiyindən onalr boşandıqdan sonra da bir-birlərini incidərək qarşı tərəfə zərər vurmağa çalışırlar. Sivil boşanmaların az olması faktına söykənərək vəziyyətin elə bu cür də davam edəcəyini deyə bilərik".

Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq Hüquqları Klinikasının hüquqşünası Yusif Yəhyayev də bu istiqamətdəki fəaliyyətləri haqda məlumat verib: "Qurumumuzun əsas məqsədi uşaqlara yardım etməkdən ibarətdir. Hüquqları tapdalanan uşaqların problemini həll etmək üçün məhkəmə və polis idarələri ilə əlaqə saxlayırıq. Nigahdan kənar doğulan uşaqların çoxsaylı problemləri ortaya çıxdığından bacardığımız qədər onlara da yardım etməyə çalışırıq. Valideyn-uşaq münasibətlərində problemlər yarandıqda onları reablitasiya mərkəzinə cəlb edirik". İlin başlanğıcından bu vaxtadək təxminən 100-dən artıq şikayətin daxil olduğunu deyən Y.Yəhyayev müraciət edənlərin bir qisminin alimentlə bağlı məhkəmə qərarının icra edilməməsindən şikayətçi olduğunu deyir. Maddi sıxıntı yaşayan ailələrdə sağlıq problemi olan uşaqların müalicəsi üçün də müvafiq qurumlarla əlaqə saxlayan qurum problemli ailələrdə böyüyən azyaşlılara 1000-dən artıq hüquqi yardım göstərib. Daxil olan şikayətlərin böyük əksəriyyətinin sosial problemlərlə bağlı olduğunu deyən Y.Yəhyayev psixoloji zorakılıq faktlarının da artdığını vurğulayır: "Daxil olan şikayətlərin böyük əksəriyyəti sosial problemlərlə bağlıdır. Bundan başqa cinayət törədən, hüquqpozuntusu edən, evdən qaçan uşaqlarla bağlı müraciətlər də çoxluq təşkil edir. 2007-ci ildə bizə 180-dan artıq cinayət hadisəsi ilə bağlı müraciət daxil olub. Son illər psixoloji problemlərlə bağlı müraciətlər də artıb". Hüquqşünas problemlərin böyük əksəriyyətinin natamam və boşanmış ailələrdə yaşandığını deyir: "Problemlərin böyük əksəriyyətinin natamam, qeyri-rəsmi nigahda olan ailələrdə yaşandığını müşahidə etmək olar. Altı ay ərzində daxil olan müraciətlər zamanı təxminən 10-a yaxın zorakılıq halı aşkarlamışıq". Müxtəlif zorakılıq faktları ilə əlaqədar müraciətləri qəbul edən qurum bu istiqamətdə Təhsil Nazirliyi ilə qurduqları işbirliyi haqda da məlumat verib: "Məktəblərdə müəllimlər və valideynlərin maarifləndirilməsi üçün Təhsil Nazirliyi ilə birgə işlər görürük".
 

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31