"Yataqda azad olmayan kişi, başqasının cinayət olan intimindən həzz alır"
Nə səbəbdən bu tipli başlıqlar daha çox oxunur?
18 İyun 2013 12:12 ProblemAzərbaycan KİV-də hansısa ciddi və ağır motivli bir xəbəri 24 saat ərzində cəmi 300 nəfər oxuyubsa, zorlanma, yaxud qətl kimi qanlı-qadalı informasiyalar min baxışı ötür. Ekspertlər isə bunun səbəbini müxtəlif formada izah edirlər.
Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev Anspress-ə açıqlamasında bunun səbəbinin insanlarda adrenalin çatışmazlığı olduğunu bildirdi.
"İnsanlar istər-istəməz belə məlumatları oxuyanda adrenalin çoxalır. Bu da adamda haradasa asılılıq yaradır. Daha çox kriminal xəbərlər oxumaq istəyirsən. Bunu adi həyatda da görmək olur. Haradasa bir avtoqəza olur. Yüngül qəza da olsa, həmin yerə çoxlu insanlar gəlirlər. Lakin haradasa müsbət bir şey olanda insanlar çox da reaksiya vermirlər. Bəzən insan kədər hissi üçün də darıxır. Çalışır ki, faciəvi xəbərlərə, hadisələr, yaxud filmlərə baxsın", - deyə D. Rzayev bildirib.
Ekspertin fikrincə, belə xəbərlərin verilməsində heç bir qəbahət yoxdur: "Əslində, bizim mətbuatda azad söz, azad fikir mövcuddur. Bu səbəbdən də belə xəbərlərin verilməsinə qadağa qoymaq olmaz. Əgər insanlar belə xəbərləri oxuyurlarsa, bu tip məlumatlara qadağa qoymaq mümkün deyil".
Mövzu ilə bağlı teleaparıcı Elçin Əlibəyli açıqlamasında bu tip xəbərlərin dünya mətbuatında da daha çox izləndiyini bildirib. Onun sözlərinə görə, oxuculara sadəcə ibtidai maraq doğuran xəbərlər lazımdır.
"Kütləvi oxucu, təbii ki, intellektual mətni oxumağa həvəsli deyil. Çünki ona intellektual xəbər lazım deyil. Bu təkcə Azərbaycan cəmiyyətinə xas deyil. Bu bütün cəmiyyətlər üçün belədir. Rusiya, Türkiyədə də belədir. Rusiyanın NTV kanalına nəzər salsaq, görərik ki, orada da kriminal xəbərlər üstünlük təşkil edir. Qərb və Avropa ölkələrində də belədir", - deyə E. Əlibəyli vurğulayıb.
Bu tip xəbərlərin yayımlanmasına gəlincə, jurnalist burada fikirlərin haçalandığını deyir: "Əslində, Aristotellə Platonun bir müqayisəsi var. Bir faciəni, neqativi göstərmək, Aristotelə görə, insanı təmizləyir, Platon isə deyirdi ki, yox, bu təbliğatdır. Bu mübahisə hələ də həllini tapmayıb. Bu gün də hərə bir cür fikirləşir".
Lakin E.Əlibəylinin şəxsi fikirlərinə görə, qanlı-qadalı xəbərlərin verilməsində heç bir qəbahət yoxdur.
"Şəxsən mənim fikrim budur ki, kütləvi informasiya vasitələri baş vermiş hadisəni mütləq olduğu kimi, real çatdırmalıdır. Bunu heç bir şəkildə qınamaq olmaz. Əgər hadisə baş veribsə, xəbər verilməlidir. İllah ki, oxucu bunu çox oxuyursa, niyə də verilməsin?", - deyə aparıcı bildirib.
Daim kriminal xəbərlərin içərisində olan ANS telekanalının "Növbətçi" və "Cinayət işi" verilişlərinin aparıcısı Rəşad Abbasov isə Anspress-ə açıqlamasında ölkədə baş verən kriminal xəbərlərin baxımlı olmasını birbaşa insanların həyatı ilə əlaqədar olması ilə izah edib: "Kriminal hadisələr hər kəsin başına gələ biləcək olduğu üçün həmişə hamının diqqət mərkəzində olur. Biri bunlardan ibrət götürür, biri də baş vermiş olaya heyfsilənir. Kimi qanı sevir, kimi də üzücü xəbərləri izləməkdən xoşlanır".
Belə xəbərlərin təbliğat xarakter daşımasına gəlincə, jurnalist bunun düzgün fikir olmadığını deyir: "Biz uzun müddətdir intihar hadisəsi vermirdik. Bu da intihar xəbərlərinin təbliğat olunmasının qarşısının alınması üçün atılan addım idi. Lakin bunun heç bir təsirinin olmadığını gördük. Düşünürəm ki, zorlanma, yaxud intihar xəbərinin verilməsi təbliğat deyil. Əksinə, belə xəbərlərin verilməsi insanların daha diqqətli və ehtiyatlı olması ilə nəticələnir".
Kriminal xəbərlərin daha çox oxunmasının səbəbini Milli.Az xəbər saytının baş redaktorun muavini Anar Məmmədov bu sahədə daha çox sərbəstlik olmasında görür.
"Bütün maraqlı xəbərlər oxunur. Əsas odur ki, xəbər peşəkar səviyyədə və olduğu kimi yazılsın. Siyasət, iqtisadi və sosial xəbərlər də zorlama informasiyasından az oxunmur. Amma nədənsə, bizim ölkədə hazırda meyxana və kiriminal sahəyə sərbəstlik verilib. Meyxanaya qulaq asan insan mütləq kriminala meylli, yaxud maraqlı olmalıdır. Özü yataqda azad olmayan kişi, yaxud qadın, başqasının sərbəst və hətta cinayət olan intimindən həzz alır", - deyə Anar Məmmədov bildirib.
Jurnalistin fikrincə, bədii ədəbiyyatda da maraq daha çox detektiv və kriminal sahəyədir. "Metroda, avtobusda əlində insanların yarısı Çingiz Abdullayevin detektiv əsərinı, yarısı isə dua kitabını oxuyur. Bu mənzərə hər şeyi olduğu kimi göstərir".
Lent.az saytının kriminal sahədə yazan əməkdaşı Nizam Rzayev isə məsələyə başqa aspektdən baxır. Onun fikrincə, belə xəbərlərin daha çox oxunması həyat tərzindən qaynaqlanır: "Belə hadisələr hər kəsin başına gələ bilər. Kriminal sahə insanların gündəlik həyat tərzinə daha yaxındır. İnsanlar o hadisələrdə həm də müəyyən qədər özlərini tapırlar".
Jurnalist belə xəbərlərin çərçivədə olmasının tərəfdarıdır: "Müəyyən sərhədlər çərçivəsində verilməlidir. Xəbər verilərkən, baş vermiş hadisəyə qarşı ictimai qınağın yaranmasına xidmət göstərməlidir. Hadisələr araşdırılmalıdır. Müəyyən nəticələr olmalıdır ki, bu hadisələr niyə baş verir və qarşısını necə almaq olar".
Məsələ ilə bağlı APA agentliyinin əməkdaşı Hafiz Heydərov Anspress-ə açıqlamasında zorlama xəbərlərinin verilməsini lazımsız sayır: "Zorlama xəbərlərinin verilməsinin əleyhinəyəm. Xüsusən də indi bəzi saytlar zorlanan qızın hətta ünvanını belə yazırlar. Belə olmaz! Bu gün haqqında yazılan həmin qız, gələcəyin anası ola bilər. İntihar xəbərlərinin verilməsinin isə əleyhinə deyiləm".
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, istənilən halda xəbərlər verilməlidir. Əlbəttə, bəzən xəbərlərdə anonimlik saxlanılmalı, bəzən isə hadisənin xırda detallarına varmadan, ümumi fakt göstərilməlidir. Ən önəmlisi, xəbərlər şişirdilməməli, olduğu kimi, düzgün və qərəzsiz verilməlidir. İstənilən halda, pis, yaxud, yaxşı xəbər yoxdur. Doğru və yalan xəbər var. Ona görə də çalışaq, doğru xəbərlər verək və doğru xəbərlər eşidək. milli.Az