Ailədaxili zorakılıq uşaq psixologiyasında hansı fəsadlar yaradır?

“Atasının anasına qarşı normal münasibət bəsləmədiyini görən övlad sabah həyat yoldaşına qarşı eynilə o cür rəftar etməli olur”

Ailədaxili münaqişələr uşaq psixologiyasına da təsirsiz ötüşmür. Əksər hallarda münaqişəli ailələrdə böyüyən uşaqların gələcəkdə çox saylı problemləri ortaya çıxır. Gözünü açdıqda ailədə dəhşət, münaqişə, mübahisə görən azyaşlı müəyyən müddət keçdikdən sonra aqressivləşir, hər kəsə, hər şeyə daha sərt reaksiya göstərməyə başlayır. Bu gün kriminal hadisələrin sayının artmasında da ailədaxili münasibətlərin mühüm rolu var. Bir çox hallarda kriminal hadisə törədən şəxsin böyüdüyü ailənin problemli olduğunu müşahidə etmişik. Beləcə atasının anasına, ya da ki ətrafdakılara qarşı qəddarlığını görən azyaşlı zaman keçdikcə onun yolunu davam etdirir. Münaqişəli ailələrdə böyüyən azyaşlıların gələcəkdə kriminala meyilli olması mümkündürmü? Uşaqları bu kimi münaqişələrdən uzaqlaşdırmaq, onlarda əks təsir yaratmamaq üçün valideynlər nə etməlidir? Bu və digər suallara cavab tapmaq üçün psixoloqlarla da ailədaxili münaqişələrin uşaq psxiologiyasında buraxdığı izlərdən haqda söhbət etdik.

Psixoloq Elnur Rüstəmov gələcəkdə qurulacaq ailə üçün gənclərin böyüyüb boya-başa çatdığı ailənin nümunəvi rola malik olduğunu deyir: "Uşaqların gələcək həyat tərzlərinin formalaşmasında valideynlər arasında olan münasibətlərin mühüm rolu var. Bu cür travmatik olaylar sonradan onun həyat tərzinə, həyat yoldaşı seçiminə, ona münasibətə də təsirsiz ötüşmür. Gənclərin ailə həyatı qurmaqdan boyun qaçırmaları da təsadüfi deyil. Onlar böyüdükləri mühitdə normal ailə modeli görmədikləri üçün gələcəkdə bu cür anoloji hallarla qarşılaşmaq istəmədiklərindən ailə həyatı qurmaqdan imtina edirlər. Münaqişəli ailələrdə böyüyən uşaqlarda zaman keçdikə güvənsizlik, özünə, sevgiyə inamsızlıq formalaşır. Belə düşüncələr insanda heç nədən formalaşa bilməz. Baş verən hadisəyə necə münasibətimiz belə uşaq vaxtlarında aldığımız təsirdən formalaşır".

-Ailədaxili münaqişələrin azyaşlılar üçün əsas zərərli təsirləri nədən ibarətdir?

-Ailədaxili münaqişələr azyaşlılara çox pis təsir edir. Beləcə inamsız, güvənsiz bir mühitdə böyüyən uşağın ətrafdakılara da inamı azalır. Zaman keçdikcə həmin uşaqlarda ünsiyyətdən qaçma meyilləri də aşkarlanır. Bu cür konfliktləri uşaqların yanında həll etmək olmaz. Elə kişilər var ki, övladının yanında anasını təhqir edir, onun ünvanına küçədəki qadına belə deyilməyəcək sözlər səsləndirir. Tərəflər münaqişəli məsələlər yaranarkən bir çox nüanslara həssas yanaşmalıdır.

-Azyaşlını bu cür münaqişələrdən uzaqlaşdırmaq, onda mənfi təsir yaratmamaq üçün hansı amillərə diqqət yetirilməlidir?

-Baş verən konfliktlərin, səslənən fikirlərin uşaq psixologiyasına mənfi təsir etməsi nəzərə alınmalıdır. Tərəflər problemlərini övladlarının üzərində həll etməkdən boyun qaçırmalıdır. Məsələn, valideynləri arasında konfliktlərin baş verməsini görən azyaşlı həyətə düşmək istədiyini deyəndə biri get deyirsə, o biri tərəf onun acığına icazə vermədiyini söyləyir. Belə hallarla qarşılaşan azyaşlılarda zaman keçdikcə qərar verməkdə çətinliklər yaranır. Psixoloqlar hər zaman ikilikdə problemlərini həll edə  bilməyən cütlüklərə mütəxəssislərə müraciət etməyi tövsiyə edir.  

-Ata-anası boşanan uşaqların zaman keçdikcə hər şeyi dərk etdikdən sonra həyata baxışları dəyişir. Bir çox hallarda bu cür ailələrdə böyüyən uşaqlar hər şeyə pis gözlə baxmalı olur. İnsanlara qarşı inam hissi azalır...

-Erkən yaşlarda bu özünü biruzə verməsə də yeniyetməlik yaşlarına çatdıqdan sonra boşanmış və münaqişəli ailədə böyüyən uşaqlarda həyata, insanlara qarşı inamsızlığın olduğunu müşahidə edə bilərik.  Tərəflər arasında bəzən əsaslı, bəzən isə əsassız münaqişələr baş verir. Məişət zəminində baş verən konfliktlər böyüyərək əhatəsini də genişləndirir. Beləcə xırda problemə görə həm qız, həm də oğlan tərəf münaqişəyə cəlb olunaraq müəyyən çıxış yolları axtarmalı olurlar. Ata-anası arasında normal münasibətlər görməyən, boşanmış ailədə böyüyən uşaq ailə həyatı qurduqdan sonra müəyyən problemlərlə qarşılaşaraq həyat yoldaşından ayrılmalı olur.

Boşanmaların əsas səbəbi ailə münasibətlərinin normal olmamasından qaynaqlanır. 10 dəfə oğlu üçün nişan aparan ana hər dəfə fərqli əsas irəli sürərək münasibətlərin qırılmasına səbəbkar olur. Dindirəndə də oğlunun bədbəxt olmasını istəmədiyini deyir. Bu kimi amillər valideynlərin övladlarının gələcək həyatlarında müxtəlif problemlər yaratdığını göstərir.

-Böyüdüyü ailədə atasının anasına qarşı sərt davrandığını görən azyaşlı sonradan bu "modeli" quracağı ailədə də tətbiq edə bilərmi?

-Bu cür də ola bilər. Atasının anasına qarşı normal münasibət bəsləmədiyini görən övlad sabah həyat yoldaşına qarşı eynilə o cür rəftar etməli olur. Bəzən əksinə də olur. Atasının anasına qarşı kobud rəftarını görən görən kişi övladlarının anası ilə bu cür rəftar etməkdən çəkinərək normal ailə münasibətləri yaradır.

-Münaqişələrini həll edə bilməyən tərəflərə nə məsləhət görərdiniz?

-Sevsinlər, sevilsinlər, bir-birlərinin qədrini bilsinlər. Problem varsa həlli yolu da var. Həlli yolunu da düşünsünlər. Problem çözülməlidir. Əri pis olan qadın hər zaman ona qarşı iradlarını səsləndirir. Bu cür fikirləri dəfələrlə səsləndirməyə nə gərək var ki? Problemin həlli kimi önəmli nüanslar kənarda qala-qala tərəflər yenə də bir-birlərini nədəsə ittiham etməyə davam edirlər.

Psixoloq Dəyanət Rzayev ailədaxili münaqişələrin baş verməsində genetik amillərin mühüm rola malik olduğunu deyərək erkən yaşlarda psixoloji zərbə alan uşaqların gələcəkdə çoxsaylı problemlərinin ola biləcəyindən xəbər verir: "Bu cür situasiyaların baş verməsində genetik amillərin də rolu var. Belə münaqişəli ailələrdə böyüyən uşaqlar ola bilər ki, zaman keçdikcə çox nümunəvi şəxs, həyat yoldaşı ola bilsin. Lakin uşaq vaxtı aldığı travmalar onu heç vaxt tərk etmir. Hər şeyin yaxşı olduğunu görən şəxs içində yaranan problemin nədən qaynaqlandığını da bilmir. Gələcəkdə yaranacaq problemlərin böyük əksəriyyəti uşaqlığımızdan qaynaqlanır".

-Bu cür uşaqlarda əsasən hansı problemlər yarana bilir?

-Münaqişəli ailələrdə böyüyən uşaqlarda zaman keçdikcə aqressiya, depressiya, əsəbi gərginlik formalaşır. Ata-anası tərəfindən bəslənməyən, təqiblərə məruz qalan azyaşlılar böyüdükcə daha da aqressiv olurlar. Və ya əksinə, ata-anası tərəfindən çox diqqətə layiq görülən azyaşlılar da zaman keçdikcə bəzi məsələlərin həllində çətinliklərlə qarşılaşır. Belə uşaqlar həyatın qoynuna atıldıqda, müstəqil qərar qəbul etdikdə çətinlik çəkir.

-Münaqişəli ailədə böyüyən birisinin sabah qurduğu ocaqda da həmin "ənənəni" davam etdirdiyini deyə bilərikmi?

-Sözsüz ki. Gözünü açandan atasının anasını döydüyünü görən uşaq bu davranış modelini qəbul edərək ailə həyatı qurduqdan sonra eyni strukturu tətbiq edir. Münaqişəli ailədə böyüyən uşaqlarda hərdən əks effekt də yaranır. Bəzi hallarda bu cür ailələrdə böyüyən uşaqlar atasının anasına qarşı zorakılığını qəbul etməyib nümunəvi ailəyə sahib olurlar. Ata narkoman, ya sərxoş olduqda və ya ailə münaqişəli olduqda uşaqda müəyyən travmalar yaranır.

-Təxmini olaraq desək, ailədaxili zorakılığa məruz qalan azyaşlıların neçə faizinin bu ənənəni sonradan davam etdirdiyini deyə bilərik?

-Zədəli uşaqların böyük əksəriyyəti, demək olar ki, 60 faizdən çoxu bu ənənəni sonradan ailəsində tətbiq etməli olur. Travmaların zərbəsini heç vaxt aradan qaldırmaq mümkün deyil. Bəzən yaşadığımız problem aradan qalxdıqdan sonra bizə elə gəlir ki, aldığımız psixoloji zərbə də də aradan qalxıb. Münaqişələrdən müəyyən qədər uzaqlaşdığımız üçün bu cür düşünməyə məcbur oluruq. Uşaq ikən aldığımız travmalar zaman keçdikdən sonra başqa formada transformasiya olunaraq yenidən özünü göstərməyə başlayır.

-Kriminal hadisələrin baş verməsində necə, bu kimi amillərin rolu varmı?

Kriminal hadisələri törədənlər arasında problemli ailələrdə, hətta uşaq evlərində böyüyənlərin xüsusi çəkisi var. Çünki problemli azyaşlılar arasında uşaq evində böyüyənlərin də sayı az deyil.

-Valideynlərin maariflənməsi, azyaşlıların bu cür münaqişəli məqamlardan uzaqlaşdırılması üçün hansı işlərin aparılmasını zəruri hesab edirsiniz?

-Dövlət, müxtəlif nazirliklər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu işlə məşğul olmalı, müəyyən işlər apararaq hər kəsi maarifləndirməlidir. Sovet dövründə bu istiqamətdə az da olsa addımlar atılırdı. Müstəqil dövlət olsaq da təəssüflər olsun ki, bu istiqamətdə hələ ki işlər görülmür. Hazırda konkret olaraq bu işlə məşğul olan qurum yoxdur. QHT-lər müəyyən qədər də olsa bu işlə məşğul olmağa cəhd edirlər.

- Son olaraq valideynlərə bu istiqamətdə hansı məsləhətlər vermək istəyirsiniz?

- Valideynlər münaqişələrini, problemlərini heç vaxt uşaqların yanında həll etməyə cəhd etməməlidir. Bunun üçün ilk növbədə onların bilikli olması, maarflənməsi önəmlidir. Biliksiz ailə başçısı nəyi necə etdiyini dərk etmir.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31