Bakı nə vaxt tıxaclardan qurtulacaq? - AKTUAL
Vaqif Əsədov: "Bunu mən edirəmsə, niyə başqaları etmir?"
5 İyun 2013 14:50 ProblemAzərbaycanda hər 8 nəfərdən biri avtomobil sahiibidir. Hazırda paytaxt Bakıda 700 mindən artıq avtomobil var. Gündəlik müşahidələrimizdən görünür ki, Bakıda nə qədər parkinqlər tikilsə də, küçələrin ortasında, piyadalar üçün nəzərdə tutulmuş səkilərdə də maşınlar saxlanılır. Dayanacaqdan kənarda saxlanılan maşınlara görə digər maşınlar yolda, piyadalar isə səkidə hərəkət edə bilmirlər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov da ANS PRESS-ə müsahibəsində belə maşınların piyadaların hərəkətinə süni maneə yaratdığını bildirir. İlin əvvəlindən bu günə qədər belə sürücülərə qarşı Bakı şəhəri üzrə 1500-dən artıq inzibati protokol tərtib olunduğunu deyən V. Əsədovun sözlərinə görə, sürücülər özləri avtomobillərin dayandırılıması, parklandırılması mümkün olan yerlərdə saxlamalıdırlar:
"Sarı bütöv xətt olan yerlərdə avtomobilin saxlanması yolverilməzdir. Əgər yol polisi görmürsə, bu o demək deyil ki, biz nə istəsək edə bilərik? Hər bir sürücü özü öz hərəkətlərinə nəzarət etməlidir. Yol hərəkəti haqqında qanunun tələbləri yerinə yetirilməlidir. Dayanacaqların olduğu ərazilərə bitişik ərazilərdə hələ də yolların hərəkət hissəsində ikinci cərgədə avtomobil saxlayanlar var. Yol polisi 24 saat yol hərəkəti nişanlarının təsir zonasında dayanıb xidmət apara bilməz. Dayanacaqlarda sürücülər avtomobillərini düzgün saxlasalar bu problem ən azı 70 % həllini tapacaq". V. Əsədovun sözlərinə görə, sürücülüərimiz öz qanunlarımıza hörmət etmirlər. Bəzən öz ölkəmizdə istədiyimiz yerdə maşınımızı saxladığımız halda xarici ölkəyə gedərkən piyada keçidi uzaqda da olsa, oradan keçirik. Lakin V. Əsədov bütün problemlərlə bərabər ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin də olduğunu dilə gətirdi. İlin əvvəlindən 50 000 piayadanın cərimələndiyini deyən bölmə rəisi bunun da müəyyən qədər köməyi olduğunu deyir: "5 il əvvəl qoşa xətti bütün sürücülər kəsirdiləsə, indi bunu 100 sürücüdən yalnız 4-5 nəfəri edir, əvvəllər az sürücü yolun piyada zebrasında piyadaya yol verirdisə, indi 45 %-i yol verir. 3 il əvvəl piyadaların çoxu piyada keçidlərindən istifadə etmirdilərsə, indi çoxu bu keçidlərdən keçir". Bu yaxınlarda dayanacaqlardan kənarda avtomobil saxlayan sürücülərə qarşı reyd keçirildiyini deyən V. Əsədovun sözlərinə görə, yol səkilərində saxlamaq daha çox sürücülərin tənbəlliyindən baş verir: "Sürücülər bəzən tənbəlllik edirlər, bəzən qısa vaxt qalacaqlarını əsas gətirərək dayanacaqlardan istifadə etmirlər".
Bunun qanuna zidd olduğunu deyən bölmə rəisi özü də öz avtomobilini xeyli aralıda saxlayaraq hər gün piyada xeyli məsafə qət etdiyini deyir: "Sürücü yol hərəkətində şəxsi mənafeyini üstün tutlamamlıdır. Əgər yaxında dayanacaq yoxdursa, 5 kilometr aralıda saxlayıb problemləri həll etmək olar. Mən hər gün işə gedəndə maşınımı dayanacaqda saxlayıram. Gedəcəyim yerdə avtomobilimi saxlaya bilmirəmsə, ya kimdənsə xahiş edirəm məni aparsın və ya taksi ilə gedirəm. Bunu mən edirəmsə, niyə başqaları etmir? Məgər bunu yol polisinin nəzarəti altında etmək lazımdır?
Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun ANS PRESS-ə verdiyi məlumata görə, ərazi bölgüsünün düzgün həyata keçirilməməsi, yolların kənarında dayanan maşınlar əhali üçün problem yaradır, tıxaca səbəb olur. Problemin həllinə köklü yanaşmaq lazım olduğunu deyən M. Rüstəmovun sözlərinə görə, avtodayanacaqlar düzgün inşa olunmayıb, sayı azdır və qiymətləri əhali üçün münasib deyil. Ekspertin sözlərinə görə, əgər qanunla qarşıya qoyulmuş tələblər yerinə yetirilsəydi tıxacların həlli mümkün olardı. Lakin bunlar icra olunmadığına görə, Bakı şəhərində tıxaclar gündəlik problem kimi qalır. "Vaxtilə prezidentin imzaladığı tədbirlər planında Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi qarşısında tələblər qoyulmuşdu. Dövlət başçısı tərəfindən tələb qoyulan tələb ondan ibarət idi ki, iri topdansatış ticarət mərkəzləri, dövlət idarələri şəhərlərdən kənara köçürülsün. Gündəlik yığılan problemlər icra olunmadığına görə, bunlar böyük problemə çevrilib".
Nəqliyyət məsələləri üzrə ekspert Sülhəddin Gözəlov ANS PRESS-ə verdiyi müsahibədə tıxac probleminin həll edilməsi üçün bir neçə layihənin təklif edildiyini deyir. Bunun birincisi yeni dairə yolunun çəkilməsi ilə bağlıdır. Həmin dairə yolu Sahil qəsəbəsinə yaxın bir nöqtədən başlayaraq Xocasənə qədər, daha sonra isə Mərdəkana və Qalaya qədər uzanacaq. Həmçinin daha sonra Qobudan keçməklə Sumqayıta qədər uzanacaq başqa bir dairəvi yolun tikintisi barədə düşünülür. Bu yolların tikilməsində əsas məqsəd Abşeron yarımdasının bir tərəfindən o biri tərəfinə keçmək istəyən avtomobillərin şəhərin içinə girmədən hərəkətini təmin etməkdir. Belə layihələr gerçəkləşdikcə, şəhərin mərkəzindəki nəqliyyat sıxlığını aşağı salmaqdır. Bayıldan Zığa qədər körpü tikilməsi ilə bağlı bir-iki il qabaq səsləndirilən fikirlər də məhz bununla bağlı idi, amma Sülhəddin Gözəlov bu məsələnin hələ ki, gündəmdə olmadığını bildirir: "Dənizdən körpü məsələsi qaldı, cəlbedici olsa da, çox bahalıdır, ona görə də sahil boyunca tunel variantı da istisna edilmir. 3-4 kilometrlik belə bir tunel Azneft dairəsi ilə Əhmədli tərəfi birləşdirə bilər. Sürətli bir tunel variantı vaxta çox böyük qənaətə imkan verər. Bu daha əlverişli variantdır, çünki indiki texnologiyalarla tunel çəkmək asanlaşıb". Hal-hazırda Bakıda 2 iri avtomobil dayanacağı tikilərək istifadəyə verilib. Bunlardan biri Azərbaycan və İstiqlaliyyət küçələrinin kəsişməsində yerləşir. Digəri isə Nizami küməsində ("Torqovı") 4 mərtəbəli 300-dək avtomobil tutumu olan avtodayanacaqdır. Burada qiymətlərə gəlincə 10-15 dəqiqə avtomobil saxlamaq pulsuzdur, 1 saata qədər istifadə 1 manat, ondan çox isə gün ərzində 10 manatdır. Ümid edirik ki, yeni avtodayanacaqlar şəhərin tıxac problemini həll edəcək.