Zibil qutuları artıq suvenir rolunu oynayır

“Biz “aftafamız var” deyirik. Amma aftafa hələ hər şeyi həll etmir”

Küçələrdə mütəmadi olaraq qarşılaşdığımız ən arzuolunmaz mənzərələrdən biri də yanımızdan ötən birisinin harada gəldi tüpürməsi və ya zibil atmasıdır. Küçə mədəniyyətimiz demək olar ki, yox səviyyəsindədir. Nədənsə hər gün qarşımıza çıxan zibli qutularının rolu artıq bizim üçün unudulub.  Bir çoxlarımız onlara hətta suvenir kimi yanaşırıq. Bir çox xarici ölkələrdə olduğu kimi Azərbaycanda da zibilxanalar üçün xüsusi məkanların hazırlanmasına ehtiyac görülür. Elə bir müddət öncə 58-ci "Eurovision" müsabiqəsinin İsveçdə yayımı ilə əlaqədar bu ölkəyə səfər edən azərbaycanlıların "Youtube"da şəhərin müxtəlif məkanlarında olan zibil qutularının mövcud mənzərəsini özündə əks etdirən sujeti yerləşdirməsi sosial şəbəkələrdə bir çoxlarımızın marağına səbəb oldu. Videoda zibilxanaların xüsusi mühafizə ilə qorunması, həmçinin içəridəki səliqə-sahman nümayiş olunur. Belə ki, zibilxanaya zibil atan şəxs xüsusi kartı çeşidli zibillərdən ibarət zibilxananın qapısına yaxınlaşdıraraq içəri daxil olur. Məişət tullantısını qutuya atmazdan öncə onu hər zibil üçün ayrılan müxtəlif ölçülü kağız salafanlardan birinə bükür. Bu cür videolara baxaraq ölkəmizdə xarici ölkələrlə müqayisədə "o yoxdur, bu yoxdur" deyirik. Bizdə çatışmayan əsas cəhət isə küçə mədəniyyətinin olmamasıdır. Yolla gedərkən bir-birindən "bənzərsiz" mənzərələrin şahidi ola bilərik. Kimisi harda gəldi tüpürür, kimisi hündürdən istədiyi kimi danışır, kimisi isə tullantını elə keçdiyi yerdəcə atıb gedir. Hansı məkandan, hansı küçədən keçməyimizdən asılı olmayaraq hətta yan-yörəmizdəkiləri nəzərə almadan harda gəldi tüpürür, harda gəldi zibil atırıq. Yaxın keçmişdə zibil qutularının yaşayış binalarının ətrafına köçürülməsi ilə mövcud mənzərə daha da bənzərsiz hala gəldi. Ətrafa səpələnən üstüaçıq zibil qutuları hər yeri ifunət iyinə qərq edir. İsveçdə olduğu kimi şəhərimizin müxtəlif küçələrində zibil qutuları üçün qapalı məkan ayrılmadığından ifunət iyindən boğulmamaq naminə həmin ərazidən bacardığımız qədər daha tez uzaqlaşmağa çalışırıq. Binaların önünün zibillənməsi qonşular arasında da əsas müzakirə obyektlərindən birinə çevrilib. Zibil atan da, zibil atmayan da mədəniyyətdən danışır. Bir neçə addım uzağa getməyək deyə zibili harda gəldi tullayırıq. Binaların ön hissəsindən fərqli olaraq arxa hissəsi daha da bərbad vəziyyətdədir. Binaların arxa hissəsində uşaq pampersindən tutmuş qarpız, pomidor, xiyar qabığına qədər istənilən çeşiddə məişət tullantısını görə bilərik.

Şəhərin əsas görməli yerləri, ictimai nəqliyyatında da vəziyyət ürəkaçan deyil. Dənizi seyr etmək məqsədi ilə gəmi ilə səyahətə çıxdıqda da arzuolunmaz səhnələrə şahid oluruq. Ata siqaretini, uşaq əlindəki dondurma kağızını, ana isə tumu çırtlayaraq qabığını suya tullayır. Quruda və suda olmağımızdan asılı olmayaraq hər yerdə "mədəniyyət"imizin bu bariz nümunələrinə rast gələ bilirik. Yenicə istifadəyə verilən yeraltı keçidlərdə saysız-hesabsız tullantıların yaratdığı bənzərsiz mənzərə ilə qarşılaşırıq. Oturacaqda əyləşəndə, ya tutacaqdan yapışanda ani diqqətsizliyimiz bizi gülüş obyektinə çevirə bilər. Yüksək sürətlə hərəkət edən avtobusda məcburiyyət qarşısında qalıb əlini saqqızlı yerdən tutmalı olursan. Bir neçə addımlıq məsafədə yerləşən zibil qutusuna yaxınlaşmaq bizim üçün eyib hesab edildiyi üçün saqqız çeynəyəndə ya onu oturacağımıza, ya da ki, ayaqüstə durduğumuz üçün tutacağa yapışdırmalı oluruq. Bu gün şəhərin istənilən görməli məkanlarında kifayət qədər məişət tullantısı görə bilərik. "Bura zibil atmaq qadağandır", "Bura zibil atan..." ardıycan da üç nöqtə yazılan və ya eşşək şəkli olan altında da "bura zibil atan mənim tayımdır" kimi deyimlərə kifayət qədər rast gəlmişik. Artıq bu cür mesajlar öz təsirini itirib.

Psixoloq Dəyanət Rzayev də mövzuya münasibət bildirərkən şəhərimizin zibillənməsi mövzusuna da toxundu. "OLAYLAR"a açıqlamasında D. Rzayev mədəniyyətimizin göz qabağında olduğunu deyir: "Deyirlər ki, bizim kökümüz var, nə bilim nə. Rüşvət veririksə, küçədə yolla gedəndə tüpürürüksə, dondurma yeyib kağızını yerə atırıqsa, yoldan keçəni təhqir edir, ya söz atıb qızlara sataşırıqsa, qırmızı işıqdan keçiriksə hansı mədəniyyətdən danışa bilərik?  Biz mədəniyik? Bu cür nağılları ucqar yerlərdə yaşayan, dünya-aləmdən xəbəri olmayan birinə danışa bilərik. Dünən hansısa dağdan enən bu gün şəhərə gəlib özünü dağda olduğu kimi hiss edir. Nəyi hara gəldi atır, küçələri zibilləyir, eyvandan aşağı zibil atır. Sonradan pulu olan şəxs quduraraq nə etdiyini də bilmir. Amma Avropada ali təhsil alan üçün belə şeylər nağıl kimi səslənir. Belə mədəniyik deməklə özümüzü boş yerə aldatmayaq. Nə avtobusa, nə də ki metroya minirəm. Çünki avtobusa minmək də mümkün deyil. Qadın və kişilərdən dəhşətli qoxu gəlir. Tanışlarımdan biri avtobusu saxlayaraq tər qoxlayan qızı düşürtdü. Əcəb də elədi. Bizim millət çimməyi sevmir. Rusların özləri də, evləri də təmiz olur. Biz aftafamız var deyirik. Amma aftafa hələ hər şeyi həll etmir. Hər kəs bizdə nəyin olub-olmadığını yaxşı bilir. Bu gün hər kəs özünü düşünür, ölkəsinə ögey yanaşır".Küçələrimizin tüpürçəklərdən, tullantılardan və bunun yaratdığı eybəcər mənzərədən nə zaman azad olunacağı haqda az da olsa düşünməyimiz heç də pis olmaz.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31