Şagirdi tərbiyə etmək üçün tək ayaq üstə saxlamaq, döymək, söymək lazımdır, yoxsa... - AKTUAL

Tünzalə Verdiyeva: “Valideyn və müəllim qapazaltısında böyüyən azyaşlının bütün qabiliyyət və istedadları pərdə arxasında qalacaq”

Əvvəllər məktəblərdə daha çox istifadə edilən küncə qoyma, tək ayaqüstə bir 45 dəqiqə dayanma kimi cəza metodları hazırki dövrdə daha kəskin üsullarla əvəzlənib. Artıq məktəblərdə telefonlarda geniş istifadəsi edilməsi məktəblərdəki bu çirkin mənzərəni gözlər özünə gətirir. Son zamanlar təhsil ocaqlarında şagirdlərin müəllimlər tərəfindən döyülməsi haqda yayılan xəbərləri, çəkilən videoları mütəmadi olaraq sosial şəbəkələr, internet saytları vasitəsilə izləyə bilirik. Nədənsə bu tendensiyaya demək olar ki, yalnız yerli məktəblərdə daha çox təsadüf etmək olur. Yəqin ki, problemin özəyi həmişə olduğu kimi yenə də ailədən qaynaqlanır. Ailədə valideynləri tərəfindən döyülən fərdlər daha sonra hər hansı peşə sahibi olduqdan sonra yaşca özlərindən balacaları döyməklə vaxtilə onlara qarşı tətbiq edilən cəzanın qisasını almış olurlar. Müəllimlik sənəti kimi uca zirvəyə yüksələn bu peşənin sahibləri də çəkilən video kadrlarda aqressiyalarını bir daha biruzə verərək əsas "tərbiyə" metodu döymək üsulundan yararlandıqlarını nümayiş edirlər. Bu yolla onlar hər şeyi həll etdiklərini düşünürlər. Bu gün evdə valideynləri, məktəbdə müəllimləri tərəfindən mütəmadi olaraq döyülən azyaşlılar, yeniyetmələr zaman keçdikcə hər şeyə daha aqressiv münasibət bildirərək özlərindən yaşca kiçik olanlardan qisas almaq eşqi ilə yaşayır. Bundan başqa səhv söz deyəndə valideyni tərəfindən ağzına sillə vurulan azyaşlı sonradan harda, neçə yaşda olmasından asılı olmayaraq fikrini ifadə etməkdə, düşüncələrini çatdırmaqda da çətinlik çəkir. Nədənsə Azərbaycan ailəsində əsas tərbiyə metodu döymək, ya da ki söyərək təhqir etmək hesab edilir. "Uşaqsan, otur öz yetində", "sən böyüklərin işinə qarışma", "qərarı biz qəbul edəcəyik" kimi fikirlər səsləndirən valideynlər bu yolla övladlarının gələcəkdə bir şəxsiyyət kimi formalaşması üçün yaranan imkanlarının üstündən xətt çəkməklə yanaşı, həm də onların söz-fikir azadlıqlarına da senzura qoymuş olurlar. Hər zaman qapalı şəraitdə böyüyən övladlarımız səhv söz işlədərkən elə zənn edirlər ki, çox böyük bir faciə ilə qarşılaşacaqlar. Bu gün məktəblərdə öncəki illərdən fərqli olaraq psixoloqlara daha çox təsadüf etmək olar. Lakin əksər hallarda bu pisxoloqların yalnız uşaqların problemləri ilə məşğul olduğunu görə bilərik. Bəs, görəsən məktəblərdə azyaşlı, yeniyetmələrə qarşı bu qədər sərt davranan müəllimlər necə, psixoloqlara müraciət edirlərmi? Dəcəl uşaqla müəllim necə davranmalıdır? Ümumiyyətlə müəllimlərin şagirdlərə verdiyi "cəza" deyilən anlayış olmalıdırmı? Bu və digər suallara cavab tapmaq üçün uzun illərdir ki, bu sahədə ekspert olan pedaqoq, həm də psixoloq Tünzalə Verdiyevaya müraciət etdik.

***

Uşaqları döyən müəllimlərin müəyyən problemlərinin olduğunu deyən T.Verdiyeva bugünki uşaqların hüquqlarını çox yaxşı bildiyini də qeyd edərək telefonla çəkilən kadrlar haqda danışıb: "Uşaqları  döyən müəllimlər problemli insanlardır. Ya onların səhhətində, ya da ki, psixoloji durumlarında müəyyən problemlər var. Hər bir insanın ödənilməyən tələbatları var. Bu tələbatlar ödənmədikdə insanda əsəbi gərginlik yaranır ki, nəticə etibarı ilə məktəbdə dərs deyən müəllim azyaşlı, ya da ki yeniyetmənin xırda dəcəlliyini qəbul etməyərək onu döyür. Hazırki dövrdə bu cür hadisələrin mütəmadi hal alacağını düşünmürəm. Artıq öncəki illərin uşaqlarından fərqli olaraq bugünki məktəblilər daha ayıq şəkildə hər şeyə tez reaksiya verirlər. Onlar hüquqlarını da çox yaxşı bilirlər. Sinif yoldaşının müəllim tərəfindən hüquqlarının tapdalandığını görən şagirdlər dərhal baş verən olayları telefon vasitəsilə çəkərək sosial şəbəkələrdə yaymağa başlayırlar. Bir tərəfdən məktəblərə telefonun gətirilməməsini desək də, digər tərəfdən bu cihaz uşaq hüquqlarının qorunması üçün sübut kimi mühüm rola malik olur. Şagirdlər məktəbə telefonla gəlməsəydi, yəqin ki, ictimaiyyətin də bu kimi hadisələrdən mütəmadi olaraq xəbəri olmayacaqdı. Şagirdlər bu cür kadrları lentə almaqla özlərinin müəllimlər tərəfindən döyülməsinə qarşı çıxmış olurlar. Uşaq mütəmadi olaraq məktəbdən çox ailədə təzyiqlərə məruz qalır. Bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda ailələrdə sosial işçi olmadığı üçün bu sahədə vəziyyət daha gərgindir. Ümumiyyətlə orta məktəblərdə şagirdin ailədəki durumu haqda məlumat almaq məqsədi ilə ailələrə səfərlər təşkil edilmir. Uşaqlar həm ailədə, həm də ki, məktəblərdə fiziki və mənəvi zorakılığa məruz qalırlar".

Hüquqları tapdalanan uşaqların mənəvi-psixoloji zorakılığa məruz qaldığını deyən T. Verdiyeva onların gələcəkdə yaxşı şəxsiyyət kimi formalaşa bilməyəcəyini də vurğulayıb: "Mənəvi, psixoloji və fiziki zorakılıq nəticəsində uşağın şəxsiyyəti tapdalanır. Bu cür zorakılığa məruz qalan şəxslərin şəxsiyyəti qarşı tərəfə görə qəbul edilmir. Bu zaman uşaq bir fərd və şəxsiyyət kimi nəzərə alınmır. Nəticədə də qarşı tərəf onun əvəzindən qərarlar qəbul edə, onun dilindən fikir səsləndirə bilir. Şəxsiyyət kimi formalaşmasında maneələrlə qarşılaşan uşaqlar vəziyyətdən çıxış yolunu intiharda görürlər. Şagird müəllim tərəfindən əmək-nailiyyətlərinin heçə enməsini, sinif yoldaşlarının qarşısında təhqir olunmasını heç cür qəbul edə bilmədiyi üçün depresiyaya düşür.  Uşaqların depresiyaya düşməsində, intihara cəhd etməsində, evdən qaçmalarında valideynlərin də rolu danılmazdır. Bəzən valideyn "dərsdən iki alsan, səni evə buraxmayacağam" deyərək azyaşlını qorxudur. Nəticədə istədiyi uğuru qazana bilməyən şagird evə gəlməməklə vəziyyətdən çıxış yolu axtarır ki, bundan sonra da onların evdən qaçma halları müşahidə edilir. Nəticədə azyaşlı və yeniyetmələr pis yollara düşərək mənfi vərdişlərə meyilli olurlar".

Rus bölməsi ilə müqayisədə azərbaycan bölməsi üzrə təhsil alan şagirdlərin çox çəkingən olmasının səbəbini də ailədaxili münasibətlərlə izah edən psixoloq Azərbaycan ailəsində əksər hallarda uşağa şəxsiyyət kimi yanaşılmamasından gileylənib: "Nədənsə rus bölməsində bu cür arzuolnmaz hadisələrlə qarşılamırıq. Rus bölməsinin həm müəllimləri, həm də valideynləri uşağa şəxsiyyət kimi, məktəbə isə bir məbəd kimi yanaşırlar. Rus bölməsində şagirdlərin dərsə münasibəti də fərlqidir. Onlar daha çox dərsə meyilli olaraq nizam-intizam qaydalarına əməl edirlər. Məktəbin bağlanmasına təxminən bir ay qalmış valideynlər uşaqlarını məktəbə gəlməyə qoymurlar ki, artıq tətil yaxınlaşır. Amma rus bölməsində vəziyyət tamamilə fərqlidir. Sözsüz, burda valideyn məsuliyyətsizliyinin və müəllimlərin tələbkar olmamasının mühüm rolu var. Məktəbdə nizam-intizam həm işə, həm də şagirdə münasibətin necə olduğunu göstərir. Rus bölməsində təhsil alan uşaqlar özlərini daha sərbəst hiss edərək, fikirlərini də aydın iifadə edə bilirlər. Amma Azərbaycan bölməsində təhsil alanlar çox kompleksli olurlar. Onlar fikirlərini ifadə etməkdə çətinlik çəkir, nəsə deməyə qorxurlar. Çünki valideynləri onlar səhv fikirlər səsləndirəndə hər zaman qışqırıb-danladıqları üçün sərbəst fikir ifadə etməkdən çətinlik çəkirlər. Onlar evdə bu cür tərbiyə gördükləri üçün elə fikirləşirlər ki, səhv dedikdə onları hər yerdə danlayacaqlar. Müəllimlər və valideynlər uşaqları danlamaqla onların qabiliyyətlərinin üzə çıxmasına imkan vermirlər. Məsələn, yay tətilin gəlməsi ilə əlaqədar hər iki bölmənin uşaqları ilə əlaqə saxlayanda rus bölməsinin şagirdləri hər şeyi açıq-aşkar ifadə edə bilirlər. Amma Azərbaycan bölməsi üzrə təhsil alanlar "atam, anam hara desə ora gedəcəyik" deməklə bir daha öz fikirlərinin olmamasını, onların düşüncələrin başqaları tərəfindən qəbul edilməməsini çatdırmış olurlar. Beləliklə də uşağın söz, düçüncə, fikir azadlığı əlindən alınır. Azyaşlıların azadlıqları, hüquqları ilk olaraq ailədə tapdalanır".

-Müəllimi tərəfindən  döyülən uşaqların psixologiyası zaman keçdikcə necə formalaşır, hansı dəyişikliklərə məruz qalır?

-Müəllim tərəfindən qapazaltı edilən uşaqlarda zaman keçdikcə aqressiya, qisas hissi formalaşır. Özündən güclü tərəfindən döyülərək təzyiqlərə məruz qalan şəxs müəyyən müddət keçdikdən sonra özündən zəiflərə qarşı gücünü göstərir. Valideyni tərəfindən döyülən uşaq övladını, müəllimi tərəfindən döyülənlər isə tabeliyində olan hər kəsi incitməyə çalışacaq. Zorakılıq görən uşaq sonradan mütləq aldığı təzyiqlərlə əlaqədar kimdənsə qisas alacaq. Uşağın normal gələcəyi üçün ona şəxsiyyət kimi yanaşmaq lazımdır. Valideyn və müəllim qapazaltısında böyüyən azyaşlının bütün qabiliyyət və istedadları pərdə arxasında qalacaq. Beləcə müəyyən komplekslərlə böyüyən uşaqda öz istedadına, bacarıqlarına qarşı inam hissi ölür. Uşaqların müəllimlər və valideynlər tərəfindən döyülməsinin tibbi fəsadları da çoxdur.

-Məktəblərdə müəllimlərin daha çox şikayət etdiyi şagirdlərlə siz psixoloqlar məşğul olursunuz. Amma nədənsə psixoloji durumu gərgin olan, buna görə azyaşlıya qarşı sərt rəftar edən müəllimlər nədənsə  psxioloq məsləhətindən yararlanmır...

-Bir çox məktəblərdə müəllimlərin də psixoloji durumu, niyə bu qədər emosional olmalarının səbəbləri aydınlaşdırılmalıdır. Müəllim-uşaq arasında konfliktlərin yaranmasında əksər hallarda müəllimlər günahkar olurlar. Emosiyalarını cilovlaya bilməyən problemli müəllim uşağın adi şıltaqlığına belə dözə bilməyib qışqırıb, döyüb, küncə qoymaqla onu sərt formada cəzalandırmalı olur. Məktəbdə rastlaşdığımız bu cür arzuolunmaz halların qarşısını almaq üçün ilk növbədə müəllimlərlə işləmək lazımdır. Son iyirmi ildə məktəbdə aparılan maarifləndirmənin nəticəsi kimi bir çox hallarda problemi olan müəllim psixoloqa müraciət edərək öz problemlərini ona söyləməli olur. Aqressiv ananın övladları aqressiv olduğu kimi, aqressiv müəllimin də şagirdləri onun kimi olur.  Xüsusən də ibtidai sinifdə dərs deyən müəllimlər gərək ki, qəmginliklərini, əsəbi gərginliklərini azyaşlılara biruzə verməsinlər. Şəxsən mənə də müraciət edən belə müəlimlər var ki, biz onlarla məsləhətləşmə təşkil edərək aqreesiv vəziyyətdən necə çıxış yolu axtarmalarını, müəyyən problem yaşadıqda uşaqla necə davranmağın lazım olduğunu başa salırıq. Maarifləndirmə işləri güclü aparılan əktəblərdə problemli müəllimlər arasında psixoloqa müraciət edənlər çox olur. Müəllimlərin 80 faizindən çoxunun qadınlar olmasını nəzərə alaraq keçid yaş dövründə əsəbi gərginlik yaşayaraq onların aqressiv olmaları müşahidə edilə bilər. Keçid dövrü qadınların psixikasında çox ciddi fəsadlar yarada bilir ki, nəticə etibarı ilə emosiyalarını cilovlaya bilməyən qadınlar uşaqlarla bu cür rəftar etməli olurlar. Belə hərəkət edən müəllimlər daha sonradan səhv addım atdıqlarını dərk edərək peşmanlıq hissi yaşayırlar. Çünki onlar bu cür davranmaqla həm uşağa, həm də özlərinə zərər verdiklərini dərk edirlər. Ən yaxşı müəllim o şəxsi adlandırmaq olar ki, ailəsində problem yaşayan uşaq öz dərdini ona açıb deyə bilir. Şagirdi üçün kədərlənən, onun mövcud vəziyyətinə acıyan müəllim daha çox hörmətə layiq görülür.

-Öncələr bir "tərbiyə" üsulu da var idi. Küncə qoyma, ya da ki, tək ayaq üstə dayanma. Beləcə etdiyi əmələ görə auditoriya qarşısında daha da sərt formada təhqir edilən şagird də psixolji anlamda çox böyük zərbə almış olur...

-Əlbəttə ki. Bu uşaqların psixologiyasında çox mənfi fəsadlar yarada bilər. Əvvəllər müəllimlər dəcəllik edən şagirdləri küncə qoyurdular. Bu həqiqətən də  uşaqda mənəvi və psixoloji gərginliyə səbəb olurdu ki, nəticə etibarı ilə şagird bütün sinfin qarşısında özünü gözükölgəli hiss etməli olurdu. Hətta elə olurdu ki, müəllim bir ayağı üstə uşağı küncdə dayandırırdı. Lakin indiki dövrdə müəllimin səsinin tonunun yüksəldilməsini belə zorakılıq kimi qəbul edirlər. Müəllim gərək emosiyalarını qorusun. Əks halda uşaqda müəyyən qorxaqlıq hissi yaranacaq ki, bu da psixoloji zorakılıq kimi qəbul ediləcək. Ümumiyyətlə müəllimlər birdəfəlik uşağı cəzalandırmaq düşüncəsindən əl çəkməlidirlər. Əgər şagird fəal və ünsiyyətcil deyilsə bu zaman müəyyən qrup yaradaraq həmin uşağı qrupa lider təyin etməklə onu inkişaf etdrimək, qabiliyyətlərini üzə çıxarmaq olar. Çox fəal olan uşaqları da nisbətən enerjisini sərf edəcək istiqamətə yönləndirmək olar. Müəllim heç vaxt cəza metodundan istifadə etməməlidir. Uşağı cəzalandırmaq əvəzinə onun istedadını aşkarlamaqla daha uyğun istiqamətə yönləndirmək olar. Müəllimlərə müdiriyyət, psixoloq və valideynlər tərəfindən nəzarət edilir. Lakin heç kəs valideynlərin evdə övladları ilə necə davranmasına diqqət yetirmir. Valideyni tərəfindən uşağının döyüldüyünü görən qonşu polisə, sosial və digər müvafiq qurumlara müraciət etmir. Bəzən məktəbdə uşağın yanından keçəndə onun hansı psixologiyada olduğunu müəyyənləşdirmək olar. Hərdən uşağın yanından keçəndə onun qeyri-ixtiyarı olaraq anidən əllərini yuxarı qaldıraraq özünü müdafiə etdiyini müşahidə etmişəm. O, elə bilir ki, yanından keçən hər kəs ona qarşı təzyiqə əl atacaq. Bu cür uşaqların müxtəlif siniflərdə oxuyan bacı-qardaşlarında da eyni halın olduğunu görərək onların ailədaxili zorakılığa məruz qaldıqlarını aşkarlamışıq. Bu uşaqların anası ilə söhbət edərkən də irəli sürdüyümüz fikir təsdiqini tapmış oldu. Anası həyat yoldaşının dənizçi olduğunu deyərək ağır iş şəraitinə görə yoldaşının çox aqressiv olduğunu, nəticədə bütün hirsini azyaşlılardan çıxdığını deyir. Beləcə ata-anasına hirslənməyə cəsarət tapa bilməyən ər arvadının da döyüləcəyi və təhqir olunacağı halda ata evinə dönəcəyini nəzərə alaraq hirsini övladlarından çıxır.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31