Ofisiantları restoranlarda 14 saat işləməyə məcbur edirlər - AKTUAL

Bəzi müəssisə rəhbərləri insanların savadsızlıq problemlərindən sui-istifadə edirlər

Azərbaycanda bəzi özəl və dövlət müəssislərində çalışan işçilərin rəhbərlik tərəfindən 8 saatdan artıq işlədilməsi sosial problemlərin ən acınacaqlı faktlarından biridir. İdarə və müəssisələrdə iş saatları ölkə qanunvericiliyinə əsasən müəyyən edilib. Əmək Məcəlləsinə görə   gündəlik normal iş vaxtının müddəti 8 saatdan və buna müvafiq olaraq həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox olmamalıdır. Bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Nazirlər Kabineti tərəfindən altıgünlük iş həftəsi müəyyən edilə bilər. Məcəllədə qeyd edilib ki, işçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla əmək müqaviləsinin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.  Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq ola bilməz. Lakin qanunvericiliyin ortaya qoymuş olduğu müddəalar faktiki olaraq müəssisə rəhbərləri tərəfindən pozulur. Məsələn, Bakıda fəaliyyət göstərən şadlıq saraylarında işçilər gündə 14 saatdan artıq işlədilir. "Ramin", "Oskar", "Oazis", "Ağ Saray", "Çıraq", "Cıdır düzü" və s. kimi restoranlarda çalışan işçilər (əsasən ofisiantlar) səhər saat 10-dan gecə saatlarınadək işləməyə məcburdurlar. Restoranlarda diqqət çəkən əsas məsələlərdən biri də ofisiantların istirahət günlərində ("istirahət günləri demək olar ki yoxdur") iməciliklərə cəlb olunması və aidiyyatı olmayan işlərə cəlb olunmasıdır. Ofisiantları əsasən restoranın təmizlik işlərində çalışmağa məcbur edirlər. Şadlıq saraylarının əksəriyyətində işə cəlb olunan ofisiantlarla əmək müqaviləsi bağlanılmır. Market və digər paltar satış dükanlarında da eyni vəziyyət təkrar olunur. İşçilərin idarə və müəssisələrdə pozulmuş hüquqlarının bərpası və haqlarının təmin olunması üçün Həmkarlar İttifaqı Təşkilatı (HİT) adlı qurum var. Maraqlıdır ki, həmin məsələlərin həlli üçün nəzərdə tutulmuş qurum bu gün faktiki olaraq sahəsinə aid olduğu işlə məşğul olmaqdansa, proseslərə kənardan izləyici mövqeyi tutmağa üstünlük verir. Həmkarlar İttifatı Təşkilatı isə problemin bu və ya digər formalarına görə işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti həyatı keçirir. Təşkilat konkret olaraq idarə və müəssisələrdə işçilərin mənafeyini təmin etməlidir. Əmək Məcəlləsinə görə isə HİT-in işçilərlə bağlanan fərdi əmək müqaviləsinin şərtlərinin hazırlanmasında iştirakı yoxdur, bu təşkilatın işçilər üzərindəki təsir dairəsini məhdudlaşdırır. Məsələnin problem şəklində ortaya çıxmasının əsas səbəbi də bununla bağlıdır. Çünki çox hallarda idarə və müəssisə rəhbərlikləri işçilərin savadsızlıq problemlərindən sui-istifadə edərək əmək müqaviləsinə imza atdırırlar. Problemin ən qlobal cəhətlərindən biri də əmək kollektivinin istirahət günlərində məcburi şəkildə işə cəlb olunmasıdır. Əmək Məcəlləsinə əsasən HİT məsələnin həlli ilə məşğul olmaq səlahiyyətinə malikdir. Lakin təşkilatın bu işdə də açıq-aydın fəaliyyətsizliyi nəzərə çarpır.  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 23 may 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Əmək qanunveriçiliyinə riayət olunması" üzrə HİK-in "İctimai nəzarət Komissiyası haqqında" Əsasnaməsi təsdiq olunub. Əsasnamədə əmək qanunvericiliyinin pozulması hallarının qarşısının alınması, üzə çıxmış pozuntuların dərhal aradan qaldırılması, işçilərin pozulmuş əmək və sosial hüquqlarının bərpası üçün materialların toplanması və. s. fəaliyyətlə məşğul olmalı olan komissiya yaradılmalıdır. Lakin qanunun qəbul edilməsinə baxmayaraq hələ də adı çəkilən komissiya yaradılmayıb. Həmin tarixli qərara əsasən təşkilatın həmçinin əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsinə, iş və istirahət vaxtına, təminat və təzminatlara, dövlət sosial sığortasına, əməyin mühafizəsinə riayət olunmasını yoxlamaq hüququ var. Amma HİT-in bu istiqamətdə də qüsurları mövcuddur. HİT konkret olaraq işçilərin idarə və müəssisələrdəki əmək hüquqlarının qorunması vəzifələrini yerinə yetirmir və yaranmış mübahisələr zamanı bütün hallarda işçilərin deyil, qanunsuz olaraq işəgötürənlərin tərəfini saxlayır.

***

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı hesab edir ki, şirkətlər öz işçilərini işlədib əməkhaqqını vermirlərsə, yaxud kəsirlərsə bu Əmək Məcəlləsinin 107-ci maddəsinin pozulması, məcbur əməyə cəlb olunma deməkdir. Əgər işçilər şənbə və bazar günləri işə cəlb olunurlarsa, şirkət tərəfindən onların əməkhaqları ikiqat ödənilməlidir. Neft sektorunda olan bəzi şirkətlər işçilərini iməciliklərə dəvət edirlər, qadın və kişilərin ailə məşğulluğuna maneə olurlar. M.Qəhrəmanlı bildirdi ki, bununla belə iməciliklərə cəlb olunan insanlara ödənişlər verilmir. Bu isə məcbur əməyə cəlbolunmanın başqa formasıdır. Əgər işçilərə buna görə ödənişlər edilmirsə, onlar məhkəməyə müraciət edərək ödəniş ala bilərlər: "İşçiləri altıncı və bazar günləri əməyə cəlb etmək qanunvericiliyə ziddir. Hüquq müdafiəçisi qeyd etdi ki, bunun əvəzində iməciliklərə cəlb olunan insanlar həmin idarə və müəssisələrdə vaxtlarını boş-boş oturmaqla keçirdilər. Həmin təşəbbüslər Leninin ad gününə həsr edilmiş iməciliklərə dönmüşdü. Bəzi şirkətlər hələ də mütəmadi olaraq lazımsız iməciliklərlə insanların istirahətlərini pozurlar. M.Qəhrəmanlı deyir ki, məcburi iməciliklərə insanların cəlb olunması onları istirahətdən məhrumetmədir. Problemin kökündə duran əsas səbəblərdən biri də insanların bu barədə məlumatsız olmalarıdır. İdarə və müəssisələrdə çalışan işçilərin böyük əksəriyyəti öz hüquqlarını bilmirlər: "Şirkətlər Nazirlər Kabinetinin qəbul etdiyi qərarları pozurlarsa, insanlara verilən ödənişlər ikiqat aparılmalıdır. Bütün idarə və müəssisələrdə Həmkarlar Təşkilatları var. Əmək Məcəlləsinin 309-cu maddəsinə əsasən Həmkarlar Təşkilatı bu məcəllənin idarə və müəssisələrdə icrasına ictimai nəzarət etməlidir. Problemin mövcud olmasının əsas səbəblərindən biri də Həmkarlar Təşkilatının susmasıdır". M.Qəhrəmanlı son olaraq onu qeyd etdi ki, Həmkarlar Təşkilatı sadəcə işəgötürənin qeyri-rəsmi strukturuna çevrildiyindən onlar da fəhlələri müdafiə edə bilmirlər. İnsanlar bu istiqamətdə maariflənməli, qanunları bilməlidirlər.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31