“Azyaşlı qızları zorlayanları axtalamaq lazımdır” - AKTUAL

“Media azyaşlı qızların zorakılığıa məruz qalması ilə bağlı yayılan xəbərləri ictimailəşdirmək bəhanəsi ilə onların gələcək həyatlarını zərbə altına salır”

Bu gün media baş verən cinayət hadisələrini çox geniş işıqlandırır. Hətta bir çox hallarda bu cür xəbərlər jurnalist etikasına uyğun olmayan tərzdə yayımlanır. Azyaşlı şəxsin adının açıqlanması zərərçəkənin gələcək həyatını da təhlükə altına atmış olur. Bir çoxları bu cür xəbərlərin geniş yayımında medianı da günahlandırır. Ötən dəfə də azyaşlı qızların zorakılığa məruz qalması ilə bağlı toxunduğumuz mövzuya müxtəlif ekspertlərin münasibətini öyrənmişdik. Medianın bu cür xəbərlərin yayımındakı rolunu öyrənmək məqsədi ilə media eksperti Ələsgər Məmmədli ilə əlaqə saxladıq. Ə.Məmmədli də yayılan bu kimi məlumatlarda müvafiq qanunvericiliyə məhəl qoyulmamasını deyir: "İctimai xəbərçiliyi həyata keçirmək üçün ictimai, sosial, iqtisadi və digər xəbərləri KİV seçici olaraq təqdim etməyə başlayır. KİV bəzən media azadlığı ilə bağlı məqama görə, bəzi məsələlərə toxuna bilmir. Mediada istəyimizdən asılı olmayaraq müxtəlif mövzuların müzakirəsini görə bilərik. Bir çox media qurumları cinayət tipli xəbərləri işıqlandırmaqla ən rahat yola əl atmış olurlar. Çünki bu tip xəbərlər heç bir siyasi qurum üçün narahatlıq yaratmır. Bu zaman media qurumlarının bir çoxları insanların özəl həyatlarına aid məlumatlarının açıq-aşkar yayımı ilə əlaqədar qarşı tərəfin çəkəcəyi zərəri unudaraq şəxsi mənsəblərini düşünür. Belə olan halda cinayət tipli xəbərlər, azyaşlıların, qızların və qadınların həyatlarında baş verən kriminal hadisələr çəkinmədən, bir az da şişirdilmiş formada təqdim edilir ki, bu da ilk növbədə hüquq pozuntusu kimi qeydə alınır. Düzdür, media hüquq pozuntusu ilə bağlı xəbərlərin yayımı ilə mütəmadi olaraq məşğul olmalıdır. Lakin bir çox xəbərlərdən fərqli olaraq cinayət tipli xəbərlərdə qanunla göstərilən etik normalara əməl edilməlidir. Bir çox media qurumları zərər çəkənin adını açıqlamaqla, özəl məlumatları yaymaqla, məlumatı identifikasiya etməməklə şəxsin özəl həyatına hörmətsiz yanaşır. Jurnalistin peşə etikası icazə verir ki, zərər çəkən şəxslərin razılığı olmadan onların şəxsi məlumatları yayımlanmasın. Baxdığımız cinayət tipli xəbərlərdə zərər çəkənin adının hallanması ilə yanaşı hətta görüntüsünün də verilməsini görə bilirik. Bir çox hallarda cinayət hadisələrində adları hallanan azyaşlılar haqda da geniş məlumat verilir. Medianın bu cür yanaşmaları şəxsin özəl həyatı ilə bağlı hüquqlarının pozulması ilə nəticələnir. Media azyaşlı qızların zorakılığa məruz qalması ilə bağlı yayılan xəbərləri ictimailəşdirmək bəhanəsi ilə onların gələcək həyatlarını zərbə altına salır. Bu yaxınlarda Zərdabda 15 yaşlı qızın qohumları tərəfindən zorlanaraq dünyaya övlad gətirməsi haqda xəbər yayılmışdı. Məsələni ictimailəşdirmək adı ilə bir müddət öncə baş verən hadisədə qurban olan həmin xanım haqda telekanallarda çox geniş informasiyalar verilməyə başlandı. Görüntüləri efirlərdə yayımlanan qızın bacısı da sonradan məktəbdən qovuldu. Cinayət tipli xəbərlər hazırlanarkən insanların özəl həyatı və sonrakı yaşam tərzlərinə zərbə vurmamaq əsas amil olmalıdır".

-Bəs, qanunvericilikdə necə, bu sahədə hansı boşluqlar nəzərə çarpır?

-Əslində qanunvericilikdə bu məsələ ilə bağlı boşluq yoxdur. Azyaşlıların qorunması ilə bağlı, hətta onlar zərər vuran tərəf olduqda belə adlarının hallanması, görüntülərinin yayımı qadağan edilib. Buna görə, zərər çəkənlər məhkəməyə müraciət edərək KİV orqanlarından vurduqları maddi və mənəvi zərəri ödəmələrini tələb edə bilərlər. Şəxsin özəl həyatı bir çox maddələrə, həmçinin Konstitusiyanın 32-ci maddəsi ilə tənzimlənir ki, bu maddədə də jurnalistlərin özəl həyata müdaxilə etməməsi və qarşı tərəfin bundan müdafiə olunması ilə bağlı hüquqları əksini tapıb. Qanunvericilikdə də bu kimi xəbərlərin yayımı ilə əlaqədar ortaya çıxan qanun pozuntuları ilə əlaqədar teleradio yayımlarına, mətbu nəşrlərə xəbərdarlıq edilməsi növbəti dəfə anoloji hal baş verdikdə isə müvafiq tədbirlərin həyata keçirilməsi əksini tapıb. Qanunvericilikdə bu sahədə boşluq yoxdur, sadəcə təcrübədə müvafiq maddələrin tətbiqində problemlərin olduğunu deyə bilərik. Milli Teleradio Şurası, baş prokrorluq ilk növbədə bu kimi xəbərlərin işıqlandırılmasında yaşanan qanun pozuntusu ilə əlaqədar müvafiq işlər görməlidir. Zərər çəkənlərin böyük əksəriyyətinin hüquqlarını bilməməsi də kifayət qədər problemlərin ortaya çıxmasına səbəb ola bilir. Zərər çəkənlər hüquqlarının hansı məsələdə qorunduğunu, hansı məsələdə pozulduğunun belə bir çox hallarda fərqinə varmırlar. Qanunvericiliyin pozulması ilə bağlı istər aidiyyatı qurumlar, istərsə də zərər çəkənlər tərəfindən bu istiqamətdə ciddi addımlar atılmır.

-Cinayət tipli xəbərlərin yayımı ilə əlaqədar KİV-də əsas problemlər nədir?

- İstər ənənəvi mediada, istərsə də sosial mediada KİV daha çox xəbər arxasınca qaçaraq ani reytinqi düşünür. Bu zaman zərər çəkənin taleyi kənarda qalır. "Xəbəri verim, yanlış olarsa təkzib edərəm" deyə bəzi media qurumları düşünməklə hətta xəbərin mənbəyinə fikir vermədən, qarşı tərəfin münasibətini öyrənmədən məlumatı yayımlayır. Beləliklə yanlış olmasından asılı olmayaraq bir mənbədən yayılan informasiya sonradan olduğu kimi digər informasiya portalları, radio və telekanallar vasitəsilə də olduğu kimi tədqim edilir. Bu zaman xəbərin sonradan təkzib olunmasının da mahiyyəti qalmır. Məsələyə bu aspektdən yanaşaraq KİV-də bu sahədə xeyli problemlərin olmasını söyləmək olar.

-İstər azyaşlı qızların ata-qardaş, qohumları və digər tanışları tərəfindən cinsi zorakılığa məruz qalması faktlarının, istərsə də digər kriminal hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə KİV-də hansı maarifləndirici addımların atılmasına ehtiyac görürsünüz?

-Bu istiqamətdə həm təhsil sistemində, həm də ki, teleradio yayım qurumları tərəfindən maarifləndirilmə işləri aparılmalıdır. İnternet, müxtəlif sosial şəbəkələr, QHT-lər vasitəsi ilə maarifləndirmə işləri davam etdirilməlidir. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi də bu istiqamətdə maarifləndirmə tədbirləri aparmalı, müxtəlif sosial roliklər hazırlamalıdır.

-Kriminal hadisələrin get-gedə artmasında bir çoxları medianı da günahkar bilir. Sizcə, media bu cür xəbərləri geniş və mütəmadi işıqlandırmaqla cinayəti təbliğ edirmi?

-Birmənalı olaraq bütün cinayət xəbərlərinin yayımının baş verən kriminal hadisələrdə mühüm rola malik olduğunu deyə bilmərəm. Sözsüz ki, əsəb sistemi zəif olan, əsəbi gərginlik yaşayan insanlar telekanallar vasitəsilə geniş görüntülənən bu cür hadisələrin təfərrüatını izlədikdən sonra eynilə xəbərdə olduğu kimi davranaraq hansısa cinayət hadisəsi törədə bilər. Ümumiyyətlə cinayət tipli xəbərləri yayımlamaqla hadisənin qəddarlığını yox, onun sosial istiqamətdə yarada biləcəyi bəlaları, uçurumları daha geniş işıqlandırmalıyıq. Belə olan halda bu tip xəbərlərə meyillilik də azalar. Yoxsa, birbaşa baltanı götürərək zərərvuranın öldürüləni necə amansızlıqla qətlə yetirməsini göstərmək düzgün olmaz. Cinayətin necə baş verməsini, cinayətkarın həmin şəxsi necə öldürməsini geniş işıqlandırmaq bir növ cinayət təlimi kimi təqdim oluna bilər. Son günlər bu cür xəbərlər mediada çox geniş yer alıb.

-Ümumiyyətlə kriminal xəbərlərə son dövrlər mediada çox geniş yer ayrılır...

-Xəbər dəyəri olan informasiya bizim istəyimizdən asılı olamayaraq yayılacaq. Lakin xəbərin təqdimedilmə forması da burada diqqət yetiriləsi mühüm amillərdən hesab olunmalıdır ki, bu amil də jurnalistin nə qədər peşəkar olub-olmadığını göstərə bilir. Məsələn, bir var baş verən yol qəzası nəticəsində üç cəsədi çəkib göstərəsən, bir də var ki, hadisə nəticəsində üç ailənin başsız qaldığına diqqəti yönəldəsən. Baş verən hadisələri ailə dramı formasında təqdim etdikdə insanlar daha da dərindən düşünməyə məcbur olacaqlar.

Altay Strateji Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı Elçin Bayramlı da azyaşlı qızların ata-qardaş və qohumları, digər şəxslər tərəfindən zorlanma faktları haqda danışaraq bu cür cinayətə əl atan şəxslərin axtalanmasının tərəfdarı olduğunu deyib. E.Bayramlı bu yolla baş verəcək bu tip hadisələrin qarşısını almağın da mümkün olduğunu vurğulayır: "Son dövrlərdə Azərbaycanda zorlama, uşaqbazlıq hallarının sayı sürətlə artır. Dəhşətli orasıdır ki, hətta 3-5 yaşlı körpə qızların və 70-80 yaşlı nənələrin zorlanması, hətta zorlanaraq öldürülməsi kimi cinayətlərə də rast gəlirik. Bu dəhşətli cinayətlər belə zorakılığa məruz qalmış, ağır mənəvi-psixoloji zərbə almış qurbanların həyatını məhv etdiyi kimi, cəmiyyətin də mənəvi dəyərlərini sarsıdır. Bu tip cinayətkarlar ən ağır cəzaya layiqdir. Onların 5-10 il həbsə məhkum edilməsi vəziyyəti dəyişmir, həmin şəxslərin çoxu həbsdən çıxandan sonra belə cinayətləri təkrar törədirlər. Türmənin yazılmamış qanunlarına görə, belələri özləri adekvat təcavüzə məruz qoyulur və həbs müddətini məhbusların ümumi fahişəsi kimi keçirirlər. Mənən sındırılmış bu adamlar azadlığa çıxan kimi, bunun acığını cəmiyyətdən çıxmağa çalışırlar və zorlama xəbərlərinin sayı artır. Şəxsən mən belələrinin fiziki axtalanma şərtilə həbsxanada qısa müddətə (məsələn 5 il) qapalı şəraitdə saxlanmasının tərəfdarıyam. Azyaşlı qızları zorlayanları axtalamaq lazımdır. Bu halda, cəmiyyət daha bir zorlanmış kişi və gələcəkdə zorlanacaq potensial qurbanlar problemindən azad olmuş olur.
Lakin cinayətkar zorladığı insanı qətlə yetiribsə, ya da azyaşlı uşaq zorlamaya dözməyərək ölüb və ya intihar edibsə, o zaman fiziki axtalanmaq şərtilə azı 20 il həbs cəzası təyin etmək daha ədalətli olar. Bəzi hüquq müdafiə təşkilatları, Avropa İttifaqı buna qarşı çıxsa da, bu cəza növü bu tip cinayət törədənlərin bunu təkrar etməməsini təmin edir. Çexiyanın bu işlə məşğul olan Boniç klinikasının rəyinə görə, son 10 ildə bu cür axtalanan 100-ə yaxın cinayətkardan heç biri təkrar cinayət işləməyib".

Ekspert Çexiya və bu kimi digər dünya ölkələrində bu cür hadisələr törədən şəxslərin axtalandıqdan sonra yenidən anoloji hadisəni törətməməsini diqqətə çatdıraraq ölkəmizdə də bu ənənənin tətbiqini istəyib: "Göründüyü kimi, adektvat və effektiv cəza var, uğurla da tətbiq olunur. Bizdə də bu təcrübədən yararlanmağın vaxtıdır. Deputatlar belə hallarla bağlı mətbuata ümumi sözlərlə danışıb pisləmək əvəzinə analoji qanun layihəsi hazırlayıb qəbul etsələr yaxşı olar".

E. Bayramlı bəzi şəxslərin bu cür hadisələrə meyilli olmasının səbəbləri haqda danışaraq problemin qarşısını almağın mümkün olmadığını, sadəcə axtalanma yolu ilə baş verən hadisələrin miqyasının azala biləcəyini vurğulayıb: "Bəzi hüquq müdafiəçiləri məni qınaya bilər ki, niyə problemi yaradan səbəbləri yox, nəticələri, cəza yollarını yazırsan. Düşünürəm ki, bu o qədər də obyektiv və ədalətli qınaq olmazdı. Çünki bu və ya bu kimi problemlərin səbəbləri, aradan qaldırılma yolları ilə bağlı 15 ildir müxtəlif araşdırma, təhlil, köşə yazıları ilə çıxış edirəm. Dəfələrlə demişik- səbəblər ötən əsrin sonlarında- cəmiyyətdə sosial bərabərsizliyin, işsizliyin, yoxsulluğun tüğyan etməsi, korrupsiyanın təsiri ilə cəzasızlıq mühitinin yaranması, mənəvi dəyərlərin dəyişdirilməsi cəhdlərinin başlanması nəticəsində psixoloji disbalans yaranmasından, psixi xəstələrin sayının artmasından ibarətdir. Bütün günü internetdən porno filmləri izləyən, tv-lərdə cinsi münasibətlərə təhrikedici səhnələri izləyən, hər gün ehtirası artıran və süni enerji yaradan içkilər ("Redbul", "Dimanit", "Yaguar" kimi), dərman preparatları ("Ekstazi" tipli) qəbul edən gənclərin xəlvət yerdə təhrikedici və açıq-saçıq geyinmiş qız-qadın gördükdə hisslərini cilovlaması olduqca çətindir.
Bu cür həyat yaşayanlar üçün qəfildən güclü bir istəklə yaranmış ehtirasın qarşısını almaq mümkünsüz hala gəlir. Xüsusilə də, kişilərin uşaq vaxtı zorakı sünnət edildiyi və bu səbəbdən ehtirasını cilovlamağın olduqca çətin olduğu cəmiyyətlərdə. Bu qədər səbəbi aradan qaldıracaq qüvvə varsa, buyursun. Görünən odur ki, səbəbləri aradan qaldırmaq mümkün deyil, heç olmasa miqyasını azaltmağa, axtalama cəzası qorxusundan belə halların sayının azalmasına nail olmaq yeganə yol kimi qalır".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31