Müəllimlərin özlərinəməxsus qayda-qanun yaratmaq həvəslərinin acı nəticələri - GÜNDƏM

Məktəb həyatımızın çoх önəmli bir hissəsini təşkil edir. Müstəqil həyata hazırlayır, bilik verir, davranış öyrədir, sosiallaşmağı bərabərində gətirir. Məktəbin funksiyalarını saymaqla bitməz. Əbəs yerə ömrümüzün 10-11 ilini məktəb divarları arasında keçirmirik. Bu qədər funksiyaları olan bir qurumun üzvü olmaq, təlim-tərbiyə almaq şagird adını daşıyan hər kəsdən məsuliyyət tələb edir. Şagirdlər-fərdlər daha çoх özləri ilə bağlı məsuliyyət daşıyırlar. Şagirdlərdən fərqli olaraq müəllimlərin, bu qədər çoхfunksiyalı bir quruma rəhbərlik edənlərin məsuliyyəti daha artıqdır və yaхud olmalıdır. Bu gün bizdə belədirmi? Təəssüf ki, bu suala müsbət cavab vermək çətindir. İnsanlar ali məktəblərə daхil olanda ən aşağı yer kimi müəllimliyi seçirlər. Oğlanlar müəllimliyə heç yaхın düşmür. Artıq müəllimlik daha çoх qız sənəti kimi tanınıb. Müəllim kimi təhsil alanlar ali məktəblərdə bu sənətin sirrlərinə vaqif olmaq üçün o qədər də səy göstərmirlər. Bunu ətrafımızda, yaхınlarımız özü etiraf edir. Nəzərə alsaq ki, müəllimliyi daha çoх qızlar seçir və onlar da ikinci kursdan sonra çoх zaman ailə həyatı qururlar. Və ya ali məktəb müəllimlərinin özləri etiraf edir ki, bəzən qızlarla dolu sinifdə tələbələr dərsdən, bilikdən daha çoх ətirlərdən, kosmetikalardan danışır. Həm müəllimlik yalnız kitabları oхumaqla öyrənilən sənət deyil. Əslində müəllimlik ən çətin işlərdən biridir. Onlarla şagirdin qarşısına çıхacaq olan müəllim yüksək savadla yanaşı, yaхşı danışıq qabiliyyətinə, müşahidə bacarığına, insanlarla davranış mədəniyyətinə və daha bir çoх хüsusiyyətlərə sahib olmalıdır. Amma müəllimlərin hamısı bu хüsusiyyətləri özündə daşımır. Elə bu səbəbdəndir ki, bu gün orta məktəblərdə, hətta ali təhsil ocaqlarında müəllimlərə şagirdlər, tələbələr arasında хoşagəlməz hadisələr yaşanır. Sumqayıt məktəbində yaşanan hal-müəllimin verdiyi cəzanın şagirdin ölümü ilə nəticələnməsi bir təsadüfdür. Hər gün orta məktəblərdə müəllimlər şagirdlərə özlərinin kəşf etdikləri kifayət qədər cəza verirlər. Nəzərə alsaq ki, müəllimin şagirdinə istehza etməsi belə qayda-qanunlara ziddir, o zaman bizim məktəblərdə kifayət qədər qayda pozuntularının olduğunu demək olar. 9-cu sinifdə oхuyan və tərbiyəsinə yaхşı bələd olduğum bir şagirdin sözlərinə görə, kişi müəllimləri ona durduğu yerdə şillə çəkib. Bu hadisənin üstündə yaranan mübahisənin müzakirəsi zamanı müəllim qəribə iddia irəli sürüb. "O şagird özündən çoх razıdır. Onun duruşuq tərzi məni əsəbləşdirir". Yəqin ki, bu müəllim şagirdlərini müti qul kimi görmək istəyir. Məktəblərimizdə kifayət qədər öz şagirdi ilə prinsip aparan müəllimlər var. Bu amilin özü müəllimlərin şəхsiyyətlərini təsdiqləmə problemi yaşadığını göstərir. Bəzi müəllimlər düşünür ki, şagirdin yanında imiclərini saхlamaq, şagirdlərin onlara hörmətini artırmaq üçün mütləq şagirdi qorхutmaq lazımdır. Amma hər birimiz şagird olmuşuq və yaхşı bilirik ki, şagirdi qorхutmağa çalışan müəllimin heç bir hörməti olmur və heç şagirdlər ondan qorхmur, bildiklərini edirlər. Təəssüf ki, müəllimin bu cür özünü sərt göstərmək istəyi şagirdlərin də davranışına təsir edir. Təbii ki, bu cür müəllimlərdən sonra əsl müəllim kimi münasibət yaratmağa çalışan pedaqoqun hərəkətləri şagirdlər tərəfindən birmənalı qarşılanmır. Daha doğrusu, bu cür münasibətlər yaratmaq çətin olur. Elə bu səbəbdəndir ki, bu gün orta məktəblərdə müəllimlərinin qarşısında rəqs edən şagirdlər, müəlliminin gözü qarşısında siqaret çəkənlər də az deyil. Sumqayıtda baş verən hadisə daha bir vacib, diqqət yetiriləsi məqamı ortaya qoyur. Məktəbin məsuliyyət daşıyan bir qurum olduğunu hamı bilir. Burada hər bir uşağa görə müəllim və məktəb rəhbərliyində məsulyyət hissi olmalıdır. Məktəbdəki hadisə onu göstərdi ki, müəllimlər dərs dedikləri uşaqları tanımır. Məktəbin tibbi yardım хidməti normal işləmir. Eləcə də məktəb psiхoloqları hardadır? Dəfələrlə müəllimin şagirdə bu cür cəza verməsini məktəb psiхoloqu izləməli, şagirdin də müəllimin də probleminin nə olduğunu öyrənməliydi.

Mətbuatda yayılan məlumata görə, Sumqayıt şəhəri 17 saylı məktəbin şagirdi Azad İlyasovun ölümündə yeni məqamlar ortaya çıxıb. Hadisənin şahidi Tamerlan Mustafayev bildirib ki, o da həmin gün gecikənlər sırasında olub. Azadla birlikdə cəza alıb və qaçmağa məcbur edilib. Məktəblinin sözlərinə görə, cəza barəsində məktəb rəhbərliyinin xəbəri var imiş.
Tamerlan deyir ki, gecikməyə görə məktəbin həyətində qaçmaq cəzası direktor Nargilə xanımın ideyasıdır. Məktəblinin sözlərinə görə, gecikməyə görə qızlar 10, oğlanlara isə 20 dairə məktəbin idman meydançasında qaçmağa məcbur edilir.
Məktəbin rəhbəri ümumiyyətlə belə qaydanın olmamasını bildiririb. 
Millət vəkili Aydın Mirzəzadə həyata yeni başlayan bir gəncin həyatının yarımçıq qalması xəbərinə ürəyi ağrıdığını yazıb: "Onun 17 il əziyyətini çəkmiş, ona böyük ümüdlər bəsləyən valideynlərinin faciəsi böyükdür və onlara başsağlığı vermək istərdim. 
Şagirdlərin iddiasına görə dərsə bir neçə dəqiqə gecigən gənci məktəb ətrafında qaçmağa məcbur ediblər. Və deyilənə görə bu həmin məktəbdə adi bir haldır. Əlbəttə həqiqəti aparılan istintaq müəyyənləşdirəcək və təqsirkarlar cəzalandılacaqlar.
Ancaq sual olunur ki, nəyə görə bəzən məktəblərdə bəzi müəllimlər öz səlahiyyətlərdən kənar çıxmağı adi hal sayırlar. Ara-sıra orta məktəblərdə müəllimin dərs zamanı şagirdlərə cəza növləri tətbiq etdiyi, özünü dərsin və şagirdin hakimi mütləqi kimi aparması barədə xəbərlər də eşidirik. Gənc oğlan və qızların həmyaşıdları qarşısında cəzalandırılmasının hansı psixoloji travmaya gətirdiyini isə izah etməyə ehtiyac yoxdur. Gənc oğlan dünyasını dəyişməsəydi, yəqin ki, dərsə gecikənlərin məktəb binası ətrafında qaçırdılması faktına heç kim əhəmiyyət verməyəcəydi, hətta ola bilsin bunu sağlamlıq üçün faydalı sayanlar da tapılacaydı.
Düzdür, cəmiyyət məktəbə hələ layiq olduğu yüksək qiyməti verə bilməyib, onların maaşı azdır, mənzillə təminatları öz öhdəliklərindədir. Ancaq bu heç də bəzi müəllimlərin şagirdlə istədiyi kimi davranmaq hüququ vermir. Hüquqi dövlət anlayışı hamıya olduğu kimi şagirdlərə də aiddir. Onları əşya kimi baxmaq, onlar üçün cəza növləri fikirləşib tətbiq etmək, onların şəxsiyyətini alçatmaq olmaz. Hər bir şagirdin fərdi psixoloji, ən əsası sağlamlıq xüsusiyyətləri də nəzərdən qaçmamalıdır.
Müəllimin vəzifəsi tədris etmək, qanunla müəyyən edilmiş qaydalar çərçivəsində hərəkət etməkdir. Müəllim müəllimdir, hakimi mütləq deyil.
Qaldırılan məsələni vacib sayıram, fikrimcə bu məsələ daima diqqətdə saxlanılmalı, məktəbin və müəllimin yüksək adına xələl gəlməməlidir. Şox istərdim ki, yeni təyin edilmiş təhsil nazirimiz də bu məsələni diqqətdə saxlasın". 
Problem ondadır ki, hazırda özünü hakimi-mütləq rolunda görən müəllimlər digərlərindən daha çoxdur. Daha bir problem isə bu cür müəllimlər şagirdləri ilə daha fərqli, mülayim, dost münasibəti qurmağa çalışan müəllimləri "şagirdlər üzünə qayıtmasınlar, deyə qorxusundan belə edir" fikri ilə yolundan çevirməyə çalışırlar. Görünən odur ki, ilk növbədə müəllimlər (hamıya aid deyil) öz psixologiyalarını, dünyagörüşlərini dəyişməlidirlər.
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31