Azərbaycanda saxta şərab istehsal edən müəssisələr var

“Azşərab-3, “Abşeronşərab”ATSC və “AqroAzərinvest”MMC-nin istehsal etdikləri şərablar təhlükəlidir

Azərbaycanın spirtli içkilər bazarında vəziyyətin biabırçı olması hər kəsə məlumdur. Hazırda spirtli içki bazarında saxta, vaxtı keçmiş içkilər tüğyan edir. Aidiyyəti qurumlar isə bunun qarşısını almaq üçün heç bir tədbir görmür.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu problemdən narahatdır. Azərbaycanda bazara nəzarət edən qurumlar bu problemi çözməyi bacarmadığından hazırda bazarlarda saxta spirtli içkilərin həddindən artıq yayılmasını Eyyub Hüseynov da konkret faktlarla sübut edir. Onun sözlərinə görə bu sahədə vəziyyət ürəkaçan deyil: "Azad İstehlakçılar Birliyi ölkədə yerli malların gizli təşviqini aparır. Məqsədimiz istehlakçıların yerli mallar almasını təbliğ etməkdir. İstehlakçılara bildirmək istəyirəm ki, yerli mallar adətən ekoloji təmiz olur, həmin məhsulların tərkibinə başqa maddələr az qarışdırılır".

İnsan həyatına təhlükəli "Ayı qanı" və "Ayı ürəyi" şərabları

Şərab sektoruna gəlincə isə Eyyub Hüseynov iddia edir ki, xammal ehtiyatı olmayan şərab zavodlarına lisenziya verilməsin: "Biz hələ bu barədə  5 il əvvəl Kənd Təsərrüfatı Nazirliyinə təkliflər göndərmişik. Bu həm Azərbaycanın kənd təsərrüfatının inkişafına, kənd əhalisinin işlə təmin olunmasına, Azərbaycanda üzümçülüyün inkişafına böyük stimul verər. Dünyanın əksər ölkələrində belədir, şərab zavodları üzüm plantasiyalarının arasında yerləşir. Amma, bu gün Azərbaycanda vəziyyət belə deyil. Məsələn, Azərbaycanda istehsal olunan "Ayı qanı" və "Ayı ürəyi"şərabına nəzər salaq. Bu şərabın nümunəsi bizdə var. Şərab "Abşeronşərab"ASC-də istehsal olunub. İçki 0,75 litrlik, çox estatik qabda olan içkidir.  Şərabın üstündə DÜST nömrəsi 7208-93 yazılıb və lisenziya nömrəsi 019301-dir. Bu şərabın üzərindəki ən maraqlı fakt odur ki, üzərində istifadə müddəti "müddətsiz" yazılıb. Əslində isə müddətsiz mal yoxdur. Adi duzun saxlanma müddəti 1 ildən artıq deyil, amma, bunlar şərabın üzərində istifadə tarixini müddətsiz göstəriblər. Bildirmək istəyirəm ki, şərabların saxlanma müddəti 6 aydan artıq deyil. Bu fakt onu göstərir ki, hazırda adını çəkdiyim şərab təhlükəli və ağır metallarla zənginləşdirilmiş şərabdır. Şərab istehsalı müəssisəsi ilə danışanda qeyd edirlər ki, həmin DÜST-də müddət göstərilmir. Əgər elədirsə, niyə müddəti olan DÜST-lər seçilmir? Niyə uzun müddət günəş şüaları altında saxlanılan şərabı əhaliyə satmaqla istehlakçıları zəhərləyirlər.

Başqa bir şərab isə "Gold Baku"adlı şərabdır. Azərbaycanda istehsal olunmasına baxmayaraq şərabın adı ingiliscə yazılıb. Bu şərabın hansı DÜST-lə buraxıldığı qeyd edilməyib. Şərabın üzərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nişanı var. Məlum olub ki, "AqroAzərinvest"MMC şirkətinin məhsuludur və Qəbələ şəhərində istehsal olunur. Şərabın istehsal tarixi üzərində göstərilsə də, yararlılıq müddəti yoxdur. Bu da təhlükəli hesab edilir.

Digər bir şərab Şamaxı şərabı kimi tanınan "Kaqor" şərabıdır. Şərab Abşeron rayonunun Mehdiabad qəsəbəsində istehsal olunur. Istehsal müddəti yazılsa da, üzərində saxlanma müddəti "məhdud deyil" göstərilib. Bu şərabı da biz saxlanma müddəti keçmiş və təhlükəli şərab hesab edirik".

Saxta "Ziq-zaq" arağı və "Kəpəz" konyakları

Eyyub Hüseynov deyir ki, araqların standartlara görə saxlanma müddəti 1 ildən artıq deyil. Lakin, Azərbaycanda istehsal olunan araqların əksəriyyətinin üzərində istehsal tarixi göstərilmir: "Bizim araşdırmalarımız zamanı aşkar etdiyimiz yerli istehsal olan, 0,5 litrlik  "Ziq-zaq" arağı "Azşərab-3"müəssisəsi tərəfindən istehsal olunub. Arağın üzərində istehsal tarixi üçün yer olsa da, tarix göstərilməyib. İstehsal tarixi göstərilmədiyi halda, hətta yararlılıq müddəti də "müddətsiz" göstərilib. İstehlakçıya məlum deyil ki, bu araq nə vaxt buraxılıb, yararlılıq müddəti nə vaxt bitir. Yaxud Azad İstehlakçılar Birliyində "Kəpəz" konyakı da var ki, bu içki də dükanlarda satışda aşkarlanıb. Həmin konyak "Abşeronşərab"ATSC tərəfindən istehsal olunub. İstehsal tarixi şüşə qabın üzərinjdə göstərilib. Amma, saxlanma müddəti "məhdud deyil"yazılıb. Əslində konyakların saxlanma müddəti 3 ildən artıq deyil. Konyakların saxlanma müddəti o vaxt müddətsiz ola bilər ki, həmin konyak xüsusi şəraitdə və  xüsusi qablarda saxlanılsın. Amma, bu konyakların saxlanma şəraiti məlum deyil".

 "Staraya Stoliça", "Filtirovka" araqları saxta və təhlükəlidir

Eyyub Hüseynov deyir ki, Azad İstehlakçılar Birliyinin aşkarladığı daha bir araq "Staraya Stoliça" arağıdır. "Dövlət dili haqqında" Qanunun əksinə olaraq rus dilində markalanan bu araq DÜST 7190-93 seriya ilə göstərilib, lisenziya 064619-dur. Araq Abşeron rayonunun Mehdiabad qəsəbəsində istehsal olunub. Bu arağın da saxlanma müddəti "müddətsiz"göstərilib, buraxılma tarixi yoxdur. Bununla bərabər, Azad İstehlakçılar Birliyi 0,5 litrlik "Filtirovka" arağının da satışda saxta olduğunu aşkarlayıb. Araq Azərbaycanda istehsal olunub, yararlılıq müddəti yoxdur, istehsal olunduğu ünvan da yoxdur. Araq tam olaraq rus dilində markalanıb, Azərbaycan dilində heç bir məlumat yoxdur. Bu da saxta olmağı ilə yanaşı istehlakçının mal almaq haqqında hüququnu da qanunsuz məhdudlaşdırıb.

Bakıda Ramazan bayramında spirtli içki reklamı

Eyyub Hüseynov bildirir ki, spirtli içkilərin reklamı ilə bağlı qaydalar da pozulur. "Reklam haqqında" Qanunda göstərilir ki, araqların reklamı gecə saat 23-dən sonra yayımlana bilər. Azərbaycan İslam Mədəniyyətinin mərkəzi elan olunmasına baxmayaraq, 3 il öncə Orucluq ayında paytaxtın Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində 2 sutka Rusiya araqlarının reklamı fasiləsiz yayımlanırdı. Azad İstehlakçılar Birliyi prosesə müdaxilə edəndən sonra reklam həmin ərazidən götürüldü. Bunlar hamısı yolverilməz və qəbuledilməzdir"

Spirtli içkilərin qiymətində şişirtmələr var

AİB sədri deyir ki, Azərbaycanda olan spirtli içkilərin 95 faizi yararlılıq müddəti bitmiş, insan orqanizmi üçün təhhlükəli olan içkilərdir: "Rusiya, Ukrayna və digər ölkələrdən gələn  spirtli içkilər də yerli, saxta içkilərdən geri qalmır. Məsələn 0,5 litri 50 manata olan spirtli içki də var, 0,5 litri 2 manata, 1 manat 50 qəpiyə olan içki də var. Ekspertlər heç cür cavab verə bilmirlər ki, niyə spirtli içkidə bu qədər fərq var. Spirtli içkinin qablaşdırılması qiymətə maksimum 1-2 manat təsir edə bilər. Mütəxəssislər cavab verməlidirlər ki, niyə bu qədər fərq var. Təsadüfi deyil ki, prezident İlham Əliyev də şişirdilmiş qiymətlərdən narahat olduğunu bildirib və bununla bağlı aidiyyəti qurum rəhbərlərinə tapşırıq verib. Lakin, təəssüflər olsun ki, ölkə prezidentinin istehlakçı hüquqlarını müdafiə edən tapşırığından sonra da, bazarda qiymətlər durmadan artır, spirtli içkilər bazarında bu vəziyyət sabitləşmir".

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31