Qanunla fahişəliyin qarşısını almaq mümkündürmü? - PROBLEM
Artıq əxlaqsızlıq regionlara ixrac edilir
3 Aprel 2013 02:00 ProblemAzərbaycanda şəxsin cinsi toxunulmazlığı, cinsi azadlığı, eyni zamanda cinsi əxlaqsızlığa qarşı mübarizə və bunun törətdiyi fəsadların aradan qaldırılmasını tənzimləyən yeni qanun layihəsinin qəbul olunacağı gözlənir. Məlumata görə, layihə bir sıra QHT-lərin müraciəti əsasında bir qrup deputatın təşəbbüsü ilə hazırlanaraq müzakirəyə çıxarıla bilər. Layihəyə əsasən, yetkinlik yaşına çatmayanların və çatanların cinsi azadlığı, cinsi istismara və insan alverinə qarşı mübarizədə yeni profilaktik metodların tətbiq olunması, o cümlədən fahişəlik fəaliyyəti nəticəsində yayılan xəstəliklərin qarşısının alınması, buna qarşı mübarizə yeni standartlara uyğun formada tənzimlənəcək. Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Düzdür, bu təşəbbüsü müsbət dəyərləndirmək olar. Çünki məqsəd respublikada baş alıb gedən fahişəliyin qarşısını almaqdır. Hələ bir müddət öncə fahişəliyin leqallaşdırılması barədə qanunun qəbulu gündəmə gəlmişdi. Burada məqsəd fahişəliklə mübarizə aparmaqla yanaşı, həm də yayıla biləcək keçici xəstəliklərin qarşısını almaq idi. Sənəddə fahişəliyin qanuni şəkildə təşkili, bu fəaliyyətə cəlb olunanların sağlamlığının təmin olunması və sair kimi məsələlər əksini tapmışdı. Hətta fahişəliyə qarşı mübarizə vasitələrindən biri kimi çoxarvadlılıq haqqında qanunun qəbulu göstərilirdi. Məlumat üçün qeyd edək ki, bəzi ökələrdə fahişəlik leqallaşdırılıb (məsələn, Niderland və Macarıstanda), bəzi ölkələrdə isə qadağan olunmuş və hətta ölüm cəzası ilə cəzalandırılır (İran və Sudanda). Bir sıra sahələrdə isə fahişəlik leqal olaraq ciddi surətdə qaydaya salınır, o cümlədən İsveçrədə, yaxud da ABŞ-da fahişəliyin leqallaşdırıldığı yeganə Nevada ştatında. Türkiyədə küçə fahişəliyi qeyri-leqaldır, lakin dövlət fahişəxanaları leqal fəaliyyət göstərir. Məsələ orasındadır ki, Azərbaycanda belə sahəvi qanunların qəbulu ilə fahişəliyi aradan qaldırmaq mümkün olacaqmı? Xatırladaq ki, qədim peşələrdən hesab olunan fahişəlik bütün dövrlərdə ən gəlirli sahələrdən hesab olunub. Elə buna görə də ən müxtəlif tarixi mərhələlərdə onun qarşısını almaq mümkünsüz olub. İndinin özündə də bu fəaliyyət növü ən yüksək dairələrdən himayə olunduğundan onunla mübarizə asan başa gəlmir. Bu isə o deməkdir ki, fahişəliklə bağlı qanun qəbul etməkdənsə, ona şərait yaradan obyektiv və cubyektiv səbəblər aradan qaıldırılması daha vacib məsələdir. Nəzərə almaq lazımdır ki, fahişəlik könüllü, yaxud məcburi formada həyata keçirilir. Məcburi fahişəlik cinsi istismar və insan alveri ilə birbaşa əlaqəli olduğundan onun qarşısını almaq elə də asan məsələ deyil. Yəni, fahişəliyə qarşı mübarizədə yeni standartlar müəyyən etməkdənsə, onun köklü şəkildə aradan qaldırılması daha effektli ola bilər. Məsələn, yeni qəbul edilən qanun sauna, restoran və barlarda baş alıb gedən fahişəliyi necə aradan qaldıracaq? Hansi ki, sözügedən qanunun belə iaşə obyektlərinin fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Ancaq sirr deyil ki, ölkədə fəaliyyət göstərən sauna, restoran-kafelərin tam əksəriyyətinin əsas gəlir mənbəyi fahişəlik, əxlaqsız yuvaların təşkilindən əldə olunur. Xüsusən paytaxtda geniş yayılmış sağlamlıq və masaj obyektlərində açıq-aşkar seksual xidmətlər təklif olunur. Özü də belə obyektlərə daha çox azyaşlı qızlar işə cəlb olunur. Həmçinin müştərilərə əznəbi qızların xidmətinin təklifi birmənalı olaraq cinsi yolla keçici xəstəliklərin yayılması ehtimalını artırır. Vəziyyat o həddə çatıb ki, ən ucqar kəndlərdə belə kafelərdə əxlaqsızlıq yuvaları təşkil olunur. Hər bir söyüd ağacının altında quraşdırılmış karton evciklərdə əxlaqsızlıq baş alıb gedir. Onu da qeyd edək ki, son vaxtlar fahişəliyin regionlara ixracı müşahidə olunmaqdadır. Belə ki, ölkədə turizmin inkişafı adı altında rayonlardakı gözəl, mənzərəli ərazilər yüksək çinli məmurlar tərəfindən zəbt edilərək iaşə obyektləri açılıb. İndi imkanlı şəxslər paytaxtdan qızları belə düşərgələrə aparmağa üstünlük verirlər. Hansı ki, qanunvericiliklə kafe və barların belə fəaliyyəti qadağandır.
Eyni zamanda, turizm şirkətləri adı altında fəaliyyət göstərən müəssisələr gəlir əldə etmək məqsədilə fahişələrin xarici ölkələrə göndərilməsi və qəbulunu təşkil edirlər. Eyni fəaliyyət ayrı-ayrı şəxslər tərəfindən də fərdi qaydada həyata keçirilir. Hələ ölkədə istifadəyə verilən yeni-yeni otel və mehmanxanaları demirik. Nə qədər açınacaqlı olsa da təşkilati məsələlərlə bağlı fəaliyyətə əsasən qadınlar üstünlük verir. Lakin onların hər biri sanki görünməz qüvvələr tərəfindən mühafizə edilir. Fahişəliyə qarşı mübarizə məqsədilə ayrıca qanun olmasa da bu kimi əməllərə qarşı müvafiq olaraq Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət müəyyən olunur. Əgər adi kafe və barlarda fəaliyyətlərinə tamamilə zidd olan əxlaqsızlıq hallarını aradan qaldırmaq mümkün deyilsə, ümumilikdə hansısa qanunla fahişəliyin aradan qaldırılmasından danışmağa dəyməz. O da faktdır ki, fahişəliyin yayılmasında əsas mənbə rolunu oynayan belə iaşə obyektləri yüksək çinli məmurlar tərəfindən himayə olunur. Belə halda hansısa qanunla fahişəliyin qarşısını almaq müşkül məsələyə çevriləcək.
Alim