Hüquqi xidmət hər kəs üçün əlçatan olmalıdır-Komitə sədri

"Prezident İlham Əliyev öz çıxışlarında qeyd edir ki: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Və bu ifadə ölkə başçımızın dövlət idarəçiliyinin və sosial-iqtisadi kursunun əsas tezisdir. Biz bunu hər bir sahədə görürük. Bu gün müzakirə etdiyimiz qanun layihəsi də bu baxımdan çox əhəmiyyətlidir. Təqdim olunan qanun layihəsi "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsinin hazırlanması zərurətindən yaranmışdır. Bu qanundan irəli gələrək, 3 məcəllə və 11 qanunda əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutulur. Ümumiyyətlə, qeyd edim ki, dünyanın bir çox ölkələrində pulsuz hüquqi yardım göstərilir. Və onun işləmə mexanizmi dövlətin hüquq sistemindən, maliyyə imkanlarından və sosial siyasətindən asılı olaraq bir-birindən fərqlənir. Təqdim olunan qanun layihəsi, hüquq bərabərliyinin və ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun real mexanizmə çevrilməsini təmin edir. Eyni zamanda, sosial cəhətdən həssas təbəqələrin hüquqlarının qorunmasına şərait yaradır".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin komitə sədr, professor Hicran Hüseynova deyib. Deputat qeyd edib ki, hazırda ölkəmizdə həssas əhali qruplarının hüquqlarının müdafiəsi üçün pulsuz hüquqi yardım sistemi mövcuddur: "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna əsasən, az təminatlı şəxslərə və digər həssas qrupdan olan vətəndaşlara dövlət hesabına peşəkar vəkil xidməti göstərilir, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət tərəfindən pulsuz hüquqi yardımla təmin olunurlar. Lakin həssas kateqoriyadan olan bir çox vətəndaşlarımız hüquqi yardım almaqda çətinlik çəkir. Bu baxımdan, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilərək "Pulsuz hüquqi yardım haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım almaq hüququnun təsbit edilməsi müsbət haldır. Komitə iclasında da biz bu məsələni müzakirə etdik. Hansı problemlər var? İlk növbədə məlumatsızlığın olmasıdır. Bir çox vətəndaşımız, hansı qurumlara müraciət edəcəyini, dövlət tərəfindən təmin edilən pulsuz hüquqi yardım mexanizmlərinin, məsələn, Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım xidmətləri, müvafiq QHT-lərin layihələri və digər xidmətlərin mövcudluğundan xəbərsizdirlər. Onlar vaxtında müraciət etmədikləri üçün qanuni hüquqi müdafiə imkanlarını itirirlər".

Komitə sədri bildirib ki, bir çox hallarda, xüsusilə əlilliyi olan şəxslər, məişət zorakılığından zərər çəkənlər, insan alverinin qurbanları və valideyn himayəsindən məhrum olmuş gənclər özünəinamın aşağı olması, cəmiyyətdən təcrid olunma və ya təqib olunma kimi psixoloji maneələrlə üzləşirlər: "Nəticədə, onların hüquqi yardıma ehtiyacı olsa da, hüquq-mühafizə orqanlarına və ya vəkillərə müraciət edə bilmirlər. Bu və ya digər çətinlikləri nəzərə alaraq, qeyd etmək istərdim ki, təqdim olunan qanun layihəsində pulsuz hüquqi yardıma ehtiyacı olan bütün şəxslərin əhatə dairəsi genişlənir, onların hüquq bərabərliyi təmin olunur, pulsuz hüquqi yardımın göstərilməsi üzrə vahid hüquqi və işlək mexanizm formalaşdırılır. Bu isə bütövlükdə, hüquqi xidmətlərin hər kəs üçün əlçatan olması deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31