Marşrut terroru və məsuliyyətdən yayınan sürücülər... - AKTUAL
...Və avtobus qəzalarının qarşısını ala bilməyən rüşvət
2 Aprel 2013 20:52 ProblemBakıda daha bir avtobus qəzaya uğradı. Hadisə nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildi, 8 nəfər isə həkim nəzarətindən keçiriləndən sonra evə buraxıldı. Söhbət Bakıda 191 saylı xətt avtobudsunun aşmasından gedir. Marşrut xətti ilə hərəkət edən avtobus idarəetməni itirib və aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən olmadı. Elə insana qismən təsəlli verən də bu oldu ki, ölüm hadisəsi baş vermədi.
Adiləşən yol terroru
Bu cür hadisələr son vaxtlar Bakıda həddindən artıq çox olur. Demək olar ki, az qala günaşırı, həftədə bir dəfə bu cür hadisə baş verir. Avtobus piyadanı vurub öldürdü, avtobus qatarla toqquşdu, avtobus qəza törətdi, ölən var və sair. Artılq bu sözləri eşitməkdən ictimaiyyət yorulub. Bu vaxta qədər adi halda iki avtomobil toqquşanda cəmiyyət bir müddət bu hadisənin şokunu yaşayıdı. Bir yol qəzası barədə aylarla müzakirələr aparılırdı, telekanallarda mövzu aylarla gündəmdən düşmürdü. Amma, indi vəziyyət o həddə çatıb ki, baş verən dalbadal yol qəzaları barədə hadisə olan vaxt məlumat verilir, vəssalam. Hadisə oldu, neçə nəfər öldü, neçə nəfər yaralandı, bununla da xəbər gündəmdən düşdü.
Bunun səbəbləri də məlumdur. Birincisi, artıq bu cür hadisələr az qala gündəlik rastlaşdığımız hadisəyə çevrildiyindən ciddi reaksiya yoxdur. İkincisi, cəmiyyətin əvvəlki reaksiyaları əvvəllər rezonans doğururdu, aidiyyəti qurumlar buna münasibət bildirirdi, cəzalandırma halları olurdu və ona görə də avtobus qəzalarının sayı azalırdı. Daha doğrusu təsadüfi hallarda belə hadisələrlə rastlaşırdıq. Amma, indi baş verən yol qəzasında yol polisi yalnız sürücünü cərimələyir, cəzalandırır və bununla da hər şey bitir. Daha yol qəzasına səbəb nədir, hadisəyə günahkar olan sürücü hansı halda təlimatlandırılıb, hansı şəraitdə qəza törədib və sair vacib məsələlər araşdırılmır. Bu da sonda bu sahədə cəzasızlıq mühiti yaradır. Bu mühit də marşrut xəttinə cavabdeh olanların məsuliyyətdən yayınmağa sövq edir. Bəli bu konkret belədir. Azərbaycanda, xüsusən də Bakıda marşrut xəttində avtobuslara təyin edilən sürücülərin təcrübəsinə nəzarət edilmir. Bu gün bu sahədə çox acınacaqlı vəziyyət yaranıb.
Sürücülük hüququ olmayanlara etibar edilən insan həyatı
Birincisi, bu gün Bakıda marşrut xəttində sürücü işləyənlərin əksəriyyətinin sürücülük hüququ yoxdur. Bu bir faktdır və bu fakt Dövlət Yol Polisinin yadına düşəndən-düşənə keçirdiyi reydlər zamanı təsdiqlənib. Dəfələrlə Bakıl şəhər Dövlət Yol Polisinin şəhərdə keçirdiyi reydlər zamanı onlarla sürücünün sürücülük vəsiqəsinin olmaması faktları aşkarlanıb. Reydlər zamanı həmin şəxslər sürücülükdən azad edilib. Amma, nəticə? Nəticə odur ki, həmin gün sürücülükdən uzaqlaşdırılan bu şəxslər xəttə buraxılmır. Sahibkar həmin şəxsləri müvəqqəti olaraq evlərinə göndərsə də, səhəri gün, yəni reydlər başa çatandan sonra yenə həmin şəxslər sahibkar tərəfindən sürücülüyə qaytarılır. Gəlirini, biznesini artırmağı düşünən sahibkar ucuz işçi qüvvəsi üçün həmin şəxslərdən istifadə edir. Gündəlik çörəkpulu üçün asan iş tapan həmin şəxs də təcrübəli sürücüdən ucuz maaşa razılaşır və avtobusu idarə edir. Son nəticədə də avtobusda sükandan başqa heç nə tanımayan bu cür şəxslər avtobus sürücüsü kimi məsuliyyətli işə baş aparır, bu peşəyə məsuliyyətsiz yanaşır. Bunun nəticəsi isə yollarda qəzalar, insan ölümü, ağır xəsarətlər kimi bədbəxtliklə nəticələnir. Amma, nə sahibkar, nə də avtobus sürücüsü bunu dərk etmir. Onlar dərk etmirlər ki, təcrübəsiz bir şəxsin hərəkəti, sahibkarın biznes nəfsi onlarla insanın həyatı bahasına başa gəlir.
Bu gün Azərbaycanda baş verən avtobus qəzalarının ən ağır formasında belə bir nəfər də olsun marşrut sahibi cəzalandırılmayıb. Hadisə baş verənə qədər bu barədə heç kim fikirləşmir, amma hadisə olandan sonra hamı sürücünü günahlandırır, vəssalam. Hadisədən sonra muzdlu işçi olan sürücü cəzalandırılır, sahibkar isə digər təcrübəsiz sürücünü onun yerinə təyin edir. Hüquq mühafizə orqanları da ki, Azərbaycvanda yalnız hadisəni törədən şəxsi yaxalayır. Hadisənin törənməsinə səbəb olan amillər isə araşdırılmır və tapılmır. Ona görə də, Bakıda yol qəzalarının sayı azalmaqdansa, artan xətt üzrə inkişaf edir.
Nəqliyyat müfəttişləri avtobuslardakı biabırçılığa göz yumur
Əslində, Bakıda avtobus qəzalarının baş verməsində günahkar təkcə sürücü və sahibkar deyil. Bu prosesdə əsas məsuliyyət bu şəxslərin üzərinə düşsə də, prosesə cavabdeh olan digər qurumlar da var. Bu sahə əsasən Azərbaycanın Nəqliyyat Nazirliyinin nəzarətindədir. Çünki, Bakıdakı bütün nəqliyyat sisteminə nəzarət birbaşa bu quruma aiddir. Nəqliyyat Nazirliyinin marşrutlarla bağlı bir deyil, bir neçə qurumu var ki, həmin qurumlar birbaşa marşrutlara cavabdehdir. Sürücünün yoxlanılması, təcrübəsi, idarəetmə xətti və sair məsələlərə bu qurumlar bnəzarət edirsə, həmin qurumların əməkdaşları marşrutlardakı vəziyyətdən niyə xəbərsizdirlər? Çox maraqlı və düşündürücüdür. Hər gün Bakıdakı bütün marşrutlarda monitorinqlər aparmaq səlahiyyətinə malik olan həmin qurumların əməkdaşları bu cür faktlara niyə göz yumur ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin keçirdikləri reydlər zamanı azyaşlıların, sürücülük hüququ olmayan şəxslərin sürücü işləməsi faktları aşkarlanır. Nəqliyyat Nazirliyinin əməkdaşları bu faktlara niyə göz yumur? Çünki, onlar hər gün marşrut xəttindəki avtobuslardan müəyyən məbləğdə rüşvət alır. Bəli, bu təsdiq olunan faktdır. Həmin qurumların marşrutlara təhkim olunan əməkdaşları gün ərzində hər avtobus sürücüsündən 5 manata qədər pul alır. Belə bur halda isə onların avtomatik olaraq monitorinq səlahiyyətləri olmur. Gündəlik nəzarətçilərə pul verən sükan arxasında əyləşən şəxs də artıq həmin nəzarətçilərə tabe olmur. Nəticə göz qabağındadır.
Sürücünü tibbi müayinədən azad edən 3 manatlıq arayış
İkinci məsələ. Qanunvericiliyə görə, xətt marşrutunda avtobusda sürücü işləyən şəxs hər gün marşruta çıxmazdan əvvəl aidiyyəti tibb məntəqəsində yoxlanmalı, tibbi müayinədən keçməli, tam sağlam və sürücülüyə yararlı olması barədə arayış alıb sahibkara təqdim etməlidir. Yalnız belə halda sahibkar həmin şəxsin marşruta çıxmasına icazə verməlidir. Amma, bu gün bu yoxlanış aylarla, bəlkə də illərlə aparılmır. Bu faktı sürücülər deyirlər. Onlar bildirirlər ki, hər gün səhər marşruta çıxmazdan əvvəl aidiyyəti tibb məntəqəsinin həkim nümayəndəsi marşrutun qarajına gəlir, sürücülərin adına yazılmış saxta arayışları sahibkara satır. Hər sürücünün sağlamlıq haqqında arayış həkim tərəfindən 3 manata satılır. Həmin 3 manatlıq arayış da sürücünün guya tibbi müayinədən keçirilməsi məsələsinin qapanmasına səbəb olur. Yəni, kağız üzərində yazılır ki, guya filan avtobusun sürücüsü tam müayinə edilib və sağlamdır. Tibb məntəqəsi bu yolla Səhiyyə Nazirliyini, sahibkar sürücünü, sürücü də sərnişinləri yola verir.
Sürücülər deyirlər ki, dəfələrlə səhər tibbi müayinəsində n keçmək barədə arayış alan sürücünün halı elə səhər saatlarında pisləşib. Məlum olub ki, sürücü aylardır özünü pis hiss edir. Amma, hər səhər sürücü tibbi müayinədən "sağlam" çıxıb. Hətta Bakıda sürücünün sükan arxasında dünyasını dəyişçməsi faktları da olub ki bu sərnişinlər üçün daha təhlükəli amildir.
Yol polisi-sahibkar sövdələşməsindən yaranan terror
Yol qəzalarının qarşısını almaq məsələsinə birbaşa nəzarət edən yol polisi əməkdaşlarının da elə qəzaların baş verməsində günahı az deyil. Bunu da sürücülərin dediyi ittihamlarla təsdiqləmək olar. Məsələn, sürücüləır deyirlər ki, yollarda, xüsusən də Bakı şəhərində marşrut sürücüləri yol polisləri üçün toxunulmaz olub. Bu "hüququ" isə onlara sahibkarla yol polisləri arasında aparılan danışıqların nəticəsi verib. Belə ki, sahibkar avtobusun marşrutda maneəsiz hərəkəti üçün ərazi üzrə yol polisləri ilə danışıqlar aparır. Aparılan danışıqların nəticəsi olaraq yol polisləri həmin marşrutdakı avtobusların hərəkətinə müdaxilə etmir. Sahibkar bunu ona görə edir ki, marşrutdakı avtobuslara gündəlik yüksək məbləğdə plan tətbiq edir. Sürücü isə həmin planı vermək, əlavə olaraq ailəsinə də çörəkpulu qazanmaq üçün sahibkardan yollarda maneəsiz hərəkətə şərait tələb edir. Sahibkar da bu şəraiti onlara yalnız yol polislərinin vasitəsilə yaradır. Yəni, hər hansısa bir qəza törədilmədiyi halda yol polisləri marşrut avtobusuna müdaxilə edə bilməz. Bu fürsətdən istifadə edən sürücü də şəhərdəki tıxaclarda və sair çətin şəraitdən çıxmaq üçün ya qəza şəraiti yaratmalıdır, ya da digər qanun pozuntusu törətməlidir. Bunun da sonu əksər hallarda avtobus qəzalarına gətirib çıxarır.
Bəli, bu gün Bakıdakı avtobus terrorunun səbəbi və səbəbkarları budur. Sahibkar və aidiyyəti qurumların müəyyən maraqları naminə məsuliyyətsizliyi və acı nəticə. Onlarla insanın ölümü, yüzlərlə insanın müxtəlif dərəcəli xəsarət alması. Yəni konkret terror.
Samir Əli