Vətəndaş sənəd toplamaqla yox, hüquqlarını qorumaqla məşğul olmalıdır

Maddi çətinliklər heç bir vətəndaşın hüquqi müdafiədən kənarda qalmasına səbəb olmamalıdır. "Olaylar" xəbər verir ki, bunu deputat Nigar Məmmədova Milli Məclisin iclasında "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, layihənin əsas məqsədi hüquqi xidmətlərin haqqını ödəmək imkanı olmayan şəxslərin öz hüquqlarını səmərəli müdafiə etməsi üçün vahid mexanizm yaratmaqdır.

N.Məmmədova müraciət prosesinin elektronlaşdırılmasını müsbət qiymətləndirib, dövlət informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsini vacib sayıb. Onun sözlərinə görə, hüquqi yardım almaq üçün zəruri məlumatların dövlət qurumlarının sistemləri vasitəsilə yoxlanılması vətəndaşların təkrar sənəd toplamasına ehtiyacı azaldar.

Deputat vətəndaşların müraciətlərinin hansı mərhələdə olduğunu elektron qaydada izləyə bilməsinin də əhəmiyyətini vurğulayıb: "Biz elə bir sistem qurmalıyıq ki, vətəndaş vaxtını sənədlərin arxasınca getməyə deyil, öz hüquqlarının müdafiəsinə sərf etsin, vəkilin əməyi obyektiv qiymətləndirilsin və hər bir insan keyfiyyətli hüquqi yardım almaq imkanına malik olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31