Paytaxtın tıxac problemi niyə həllini tapmır? - GÜNDƏM
Millət vəkilləri Bakının boşaldılmasını təklif edirlər
18 Mart 2013 17:34 ProblemPaytaxt Bakıda tıxac məsələsi o dərəcədə qarşısıalımaz problemə çevrilib ki, demək olar ki, belə yaşayış tərzi artıq insanların gündəlik həyat tərzinə çevrilib. Məsələ orasındadır ki, tıxac problemi vətəndaşların yaşam tərzini, gündəlik həyat ritmini o dərəcədə pozub ki, artıq universitetlərdə dərslərə, iş yerlərinə vaxında çatmaq müşkül məsələyə dönüb. Məlumat üçün qeyd edək ki, Azərbaycanda yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər bir sıra yeniliklərlə müşahidə olunsa da rahatçılıq baхımından çoxsaylı problemlər yaşanmaqdadır. Xüsusən, paytaхtın mərkəzi küçələrində salınan yeni yollar şəhər sakinləri üçün əlavə problemə çevrilib. Hər küçənin bir neçə dəfə təmirə dayanması nəqliyyatın hərəkətini iflic vəziyətinə salıb ki, nəticədə vətəndaşlar mənzil başına çatmaq üçün saatlarla vaхt itirmiş olurlar. Demək olar ki, şəhərin bütün küçələrində, şəhərətrafı rayonlara gedən yollarda eyni vəziyyət hökm sürür. Təmir-bərpa işlərinin eyni vaхtda bütün küçələrdə həyata keçirilməsi isə şəhər təsərrüfatında nizamın tamamilə pozulmasına səbəb olub. Odur ki, insanların hər gün üzləşdikləri ən böyük problemlərdən biri avtomobillərin tıxacıdır ki, görülən məqsədyönlü fəaliyyət nəticəsində hələ də bunun qarşısını almaq mümkün olmayıb. Əslində aidiyyati qurumlar tərəfindən bu istiqamətdə heç cəhdlər də olmayıb, odur ki, ümid sürücülərin insafına qalıb. Ancaq fakt odur ki, sürücülərdən insaf gözləyən sakinlər saatlarla tıxaclarda qalmalı olurlar. Vəziyyət o dərəcədə acınacaqlı hal alıb ki, uşaqlar məktəbə, xəstələr xəstəxanaya vaxtında çata bilmirlər. Eksrertlərin fikrincə, şəhərin mərkəzi küçələrində belə vəziyyətin yaranması təmir-bərpa işlərinin komleks şəkildə həyata keçirilməməsi ilə bağlıdır. Belə ki, istənilən halda, bu işləri həyata keçirən təşkilat digər aidiyyati orqanlarla razılaşdırılmış plan üzrə hərəkət etməlidir. Təəssüf ki, aidiyyati təşkilat nəinki digər qurumlarla "əlbir" işləyir, əksinə, onların işinə mane olur. Özü texniki yardım göstərmək əvəzinə, digər orqanların iş görməsi üçün razılıq məktubunu belə aylarla gecikdirir. Nəticədə yol çəkilir, sonradan kanalizasiya, istilik, su və elektrik enerjisinə cavabdeh olan strukturlar ardıcıl olaraq yolu dağıdaraq infrastrukturu yeniləşdirirlər. Bu sahədə iş o qədər primitiv aparılır ki, hətta yol çəkilib qurtardıqdan sonra kanalizasiya sisteminin quraşdırılması həyata keçirilir. Bu isə bir küçənin uzun müddət bağlı qalması ilə nəticələnir.
***
Millət vəkilləri isə tamamilə başqa fikirdədirlər. Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycan inkiçaf edir və bu inkişaf daha çox Bakı şəhərində təzahür edir. Bakının yolları dardır, bu yolları genişləndirmək xeyli dərəcədə problemlidir: "Bu istiqamətdə külli miqdarda vəsait xərclənir, körpülər tikilir, yollar salınır, yeraltı keçidlər inşa edilir, lakin bu da problemi həll edə bilmir. Həticə etibarilə hökumət üzvləri və onların ailələri də tıxac problemindən əziyyət çəkirlər. Çıxış yolu regionların inkişafını sürətləndirmək və regionlardan Bakıya axının qarşısını almaqdadır". Millət vəkilinin sözlərinə görə, Azərbaycanda isə Bakıda sənaye müəssisələrinin tikintisinə üstünlük verilir. Bu yaxınlarda paytaxtda bir sənaye müəssisəsi tikildi və vergidən azad olundu. Bu halda regionlardan sahabkarların Bakıya axını baş verəcək: "Əksinə, sahibkarların Bakıdan gedib regionlara investisiya qoymaları üçün regionlarda güzəştlər nəzərdə tutulmalıdır. İnsanlar regionlarda asanlıqla iş yerləri tapmalıdırlar ki, Bakıya gəlməsinlər. Təəssüfləndirici haldır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul edilir, lakin bu məsələ ilə bağlı əlavə addımlar atılmır. Regionlarda sənaye və emal müəssisələri açılmalıdır ki, əhali Bakını boşaldaraq regionlara üz tutsunlar". Millət vəkili Fuad Muradov qeyd edib ki, Bakı şəhərini tıxaclardan azad etmək məqsədilə hökumət tərəfindən müəyyən addımlar atılmalıdır: "Bunun üçün Bakı şəhərinə xüsusu status verilməlidir. Bu gətirib ona çıxaracaq ki, Bakı şəhərində fəaliyyət göstərən sənaye müəssisələrindən səmərəli istifadə ediləcək və eyni zamanda Bakı şəhərinə xüsusu yanaşma ortada olacaq. Bu yanaşma həm maddi, həm də mənəvi baxımdan fərqlənəcək. Bu prosesin reallaşması Bakının yükünün azaldılması və tıxac probleminin aradan qaldırılmasında mühüm rol oynaya bilər".
Millət vəkili Mübariz Qurbanlı isə bildirib ki, paytaxtın tıxac problemini inzibati yolla həll etmək qeyri-mümkündür. Bakının tıxac probleminin həlli yolu müəyyən iqtisadi tədbirlərin görülməsindən keçir. İqtisadi yol isə regionların inkişafı ilə paralel sənaye müəssisələrinin yaradılması, regionlarda yeni iş yerlərinin açılmasından ibarətdir: "Son illərdə Azərbaycanda turizm sahəsi sürətlə inkişaf edir. Yerli sakinlərlə yanaşı əcnəbi qonaqların da bölgələrə marağı artıb. Hesab edirəm ki, paytaxtda fəaliyyət göstərən institut və universitetlər regionlarda fəaliyyət göstərsələr daha yaxşı olar. Belə halda çoxsaylı tələbə kontingentinin regionlara getməsinə nail olmaq mümkündür". Millət vəkili əlavə edib ki, istənilən sahədə yeni istehsal sahələri yaradılanda bu məsələ nəzərə alınmalıdır: "Gəncə, Şəki, Lənkaran, Qəbələ kimi rayonlarda regional mərkəzlər yaradılmalı və sənaye obyektləri regionlara keçirilməlidir. Bununla yanaşı, əhalinin regionlara cəlb edilməsi məqsədilə kənd təsərrrüfatı sahəsinin inkişafı təmin edilməli, konkret olaraq həvəsləndirmə siyasəti həyata keçirilməlidir. Yalnız bu halda əhalini regionlara cəlb etməklə paytaxtın tıxac probleminə təsir etmək mümkündür".
Alim