Bakıda evləri yanan 20 məcburi köçkün ailəsi zirzəmilərdə çürüyür - ŞİKAYƏT
12 Mart 2013 17:32 ProblemBakıda 20-yə yaxın məcburi köçkün zirzəmilərdə boğulur. Bu barədə redaksiyamıza Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yanmış 9 mərtəbəli yaşayış binanın sakinləri müraciətlərində deyiblər. Sakinlərin dediyinə görə, binada baş verən yanğından sonra sakinlər zirzəmiyə, yaşaması mümkün olmayan bir yerə köçürülüblər: "2012-ci il iyunun 13-də 9 mikrorayon Həmzə Babaşov küçəsində, Təcili Yardımın 9 mərtəbəli yarımçıq binasında baş vermiş güclü yanğın zamanı 20-yə yaxın ev tamamilə yanaraq kül oldu, 10-15 evə də qismən ziyan dəydi. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi yanğın adı ilə binanın 6-cı mərtəbəsindən yuxarını tamamilə ləğv edərək 50-dən çox ailəni Mehdiabad qəsəbəsində salınmış Yeni Yaşayış Massivində, (Binəqədi Gənclər Şəhərciyi), binaların zirzəmisində yerləşdirdi. Həmin vaxt yanğından gələnlərin hamısını zirzəmilərə yığdılar. Hamının orderində 6 mərtəbəli bina, binanın №-si və mənzilin №-si, 1a, 2a, 3a, 4a və s. yazılmışdı. Narazılıq edənlərə də söz verdilər ki, sizi bura müvəqqəti yığırıq, sizi yuxarı mərtəbələrdə qanuni evlərlə təmin edəcəyik. Amma, bu günə kimi heç bir tədbir görülməyib. Bu binalar orderlərdə 6 mərtəbə kimi gedir, lakin faktiki olaraq bu binaların zirzəmilərini də ev kimi düzəldiblər və 7 mərtəbəlidir".
Sakinlər bildirilər ki, binanın zirzəmisində yaşamaq qeyri-mümkündür. Amma, "Qaçqınkom" həmin ailələri aldadaraq zirzəmiyə yerləşdirib: "Zirzəmilərdə yerləşdirilmiş evlərin divarlarına, altdan yuxarı su çıxır, divarlar, tavan uçub tökülür, evlər tamamilə rütubət, nəmişlik içərisindədir, havasızlıqdır, pəncərəni açmaq olmur, it, pişik, toz-torpaq evə dolur, eyvan yoxdur ki, çıxıb hava alasan. Oradan gələndən uşaqlar tez-tez xəstələnir. Kanalizasiya xətləri partlayıb evlərə dolur. Bütün kanalizasiya xətləri dəhlizdə başımızın üstündədir. Tez-tez partlayıb dəhlizə tökülür. Yuxarı qanuni birinci mərtəbənin dəhlizində belə bir şeylər yoxdur. Bizim "mərtəbənin" zirzəminin adına da 1a yazıblar". Sakinlər deyirlər ki, binanın bütün xətlərinin son dayanacağı onların sığındıqları həmin zirzəmidir: "Belə bir evlərdə yaşamaq nəinki bizim, hətta bizim gələcəyimiz, övladlarımız üçün böyük bir təhlükədir. Düzdür, bu "evləri" yanğın adı ilə gələn 50-dən çox ailənin yarısı bəyənir. Onun da səbəbi odur ki, bu yanğın olmasa idi, o ailələrin heç biri qanunla ev almayacaqdı. Yəni hamısının başqa-başqa, (sənəd, başqa yerdə ev və s.) problemləri var idi. İndi bu yanğın bizim kimilərə güclü bir zərbə, elələrinə isə göydəndüşmə oldu". Sakinlərin dediyinə görə, bina yanandan sonra komitə onlara yardım edib. Bu yardım isə 300-350 manat olub. Bundan başqa isə onlara heç nə verilməyib: "Həmin günün səhəri evləri tamamilə yanan ailələrə adambaşına 350 AZN, qismən yanan adı ilə başqalarına isə adambaşına 300 AZN və hər ailəyə də 2 dəmir çarpayı verdilər. Bu da evi yananla evi yanmayana qoyulan fərq oldu. Bundan başqa əmlak barədə yanan mal-mülk haqqında bizə heç bir yardım-kompensasiya verilmədi. Onu da qeyd edək ki, onsuz da 2013-cü ildə Təcili Yardımın yarımçıq binasında məskunlaşan bütun ailələrin "Qaçqın və məcburi köçkünlərin ev və məişət şəraitinin yaxşılaşdırılması" adlı dövlət proqramı ilə köçürülməlidi olacaq idi və artıq prezidentimiz bu barədə fərman da verib. Bizim yanğında hər şeyimizi itirməyimiz bir bəla, belə evlərə yığılmağımız isə bizə vurulan ikinci zərbə, böyük bir haqsızlıq və hüquqlarımızın kobudcasına pozulması deyilmi?"
Sakinlər deyirlər ki, onlar bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciətlər ediblər. Lakin müraciətlərinə normal cavab ala bilməyiblər. Heç bir qurum evsiz qalan məcburi köçkünlərin problemləri barədə fikirləşmək istəmir: "Bu barədə biz, 20 ailə aidiyyəti orqanlara dəfələrlə müraciət etmişik, məktublarımıza cavab gəlir ki, sizə ev püşkatma yolu ilə verilib və ömrünüzün axırına kimi orada qalacaqsınız. Niyə yuxarı mərtəbələrdə yetərincə ev olduğu halda bizlərə ancaq taxtapuşdan və zirzəmidən verilir. Bizim də hüquqlarımız orta mərtəbələrdə yaşayanların hüquqları ilə eyni səviyyədə deyilmi?"
Samir Əli