Telekanallar ailə münaqişələrini daha da qızışdırırlar - AKTUAL
Məişət zorakılığı zəminində baş verən ailə faciələri cəmiyyəti sarsıdıb
11 Mart 2013 15:29 ProblemSon vaxtlar ölkədə məişət zorakılığı ilə bağlı cinayət hallarının sayı artıb. Ailələr, yaxın qohumlar, ər-arvad, övlad-valideyn münasibətlərində yaranan gərginlik hətta ölümlə nəticələnir. Ailə üzvlərinə qarşı şiddət, hədə-qorxu, fiziki və psixi təsir isə adi hala çevrilib. Bu zəmində baş verən hadisələr müxtəlif səbəblərdən gerçəkləşsə də onun kökündə emosiya və cılız hisslərin dayandığı gün kimi aydındır. Məlumat üçün qeyd edək ki, bir müddət öncə Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Belə bir qanunun qəbul edilməsi asan başa gəlməsə də onun müəllifləri insanları inandıra bildilər ki, bu qanun cəmiyyətdəki neqativ halların, xüsusən ailədaxili problemlərin qarşısının alınmasında mühüm rol oynayacaq. Lakin etiraf edilməlidir ki, sözügedən qanun ailədaxili münaqişələri səngitmək əvəzinə, belə halların daha intensivləşməsilə nəticələnib. Belə də sözügedən qanunun tətbiqi mümkün olmaqdığından elə kağız üzərində qalıb. Nəticədə isə ailə üzvləri mütəmadi olaraq məişət zorakılığının qurbanına çevrilirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin 6 ayında məişət zorakılığı ilə bağlı qeydə alınmış 847 cinayət olayında 854 qadın zərər çəkib. 2011-ci ilin 10 ayı ərzində baş verən 87 ailədaxili zorakılıq zamanı 47 qadın öldürülüb, daha 35 ölümə qəsd faktı qeydə alınıb. Bu müddətdə qadınların törətdiyi qanlı hadisələr zamanı 27 kişi ölüb, 40-ı isə ölümə qəsdə məruz qalıb. 2011-cu ildə intihar və intihara cəhd 2010-ci illə müqayisədə çox olub. 2011-ci ildə 324 fakt qeydə alınıb ki, bu intihar nəticəsində 221 nəfər ölüb. Eyni zamanda intihara cəhd hadisələri də olub. İntihar edən və intihara cəhd edənlərin yaş senzi müxtəlifdir. Bura 18-80 yaş arasında olan insanlar daxildir. Məsələ orasındaır ki, belə halların qarşısını almaq üçün qanunvericilik sahəsində heç bir zəruri addım atılmayıb. Hüquqşünas Mirzə Manafov bildirib ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun adından göründüyü kimi onun məqsədi məişət zorakılığı səbəblərinin aradan qaldırılması və bu istiqamətdə profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Onun vəzifəsi isə məişət zorakılığı zəminində baş verən halların qarşısının alınması mexanizmini yaratmaqdır. Qanunda birbaşa göstərilir ki, ailə üzvlərinin birgə yaşamalarından sui-istifadə etməklə onların birinin digərinə qarşı qəsdən törətdiyi fiziki və mənəvi zərər məişət zorakılığıdır. Qanun yaxın qohum olan ailə üzvlərinə, habelə birgə yaşadığı hallarda digər qohumlara, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada, nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına şamil edilir. Onu da nəzərə almaq lazımdır ki, qanunun əsas prinsipi ölkə Konstitusiyasında nəzərdə tutulumuş əsas insan hüquq və azadlıqlarının təmin edilməısi və qadınlara qarşı ayrıseçkiliyin qadağan edilməsidir. Ailə üzvlərinin şəxsi və ailə sirrinin qorunması və ona müdaxilənin qarşısının alınması da qanunun əsas prinsiplərindəndir. Lakin birmənalı şəkildə demək mümkündür ki, kağız üzərində pafosla yazılan bu prinsiplər heç də normal səviyyədə həyata keçirilmir. Elə ölkədə baş verən məişət cinayətləri dediklərimizi bir daha sübut edir.
M. Manafov qeyd edib ki, son vaxtlar ailədaxili münasibətlər milli-mənəvi dəyərlərə söykənmədiyindən cəmiyyətdə yataqda həyat yoldaşının videosunu çəkib şantaj edən, öz qız uşaqlarına təcavüz edən "kişilər" peyda olub. Vəziyyət o həddə şatıb ki, qeyrət rəmzi olan kişilərimiz telekanallarda milyonlarla insan qarşısında həyat yoldaşlarının ona xəyanət etməsi, başqa kişilərlə necə görüşməsi və hətta belə hadisələri öz gözü ilə görməsi barədə danışmaqdan çəkinmirlər. Telekanallarımız nümunəvi ailələrin təqdimatı əvəzinə, problemli, məişət səviyyəli narazılıqları nümayiş etdirməklə reytinq mübarizəsinə çıxıblar. Ailə başçıları el ağsaqqalları, ağbirçəklərinin müdrik tövsiyyələri ilə ailələrini qorumaq əvəzinə, ailə münasibətlərini telekanallarda həll etməyə üstünlük verirlər. Verilişə dəvət olunmuş ekspertlərin mütəxəssis olması bir yana, problemə birtərəfli yanaşaraq qəti hökm verməkdən çəkinmirlər. Ekspertlərin məsələyə birtərəfli yanaşmaları tərəfləri daha da qıcıqlandırır ki, nəticədə ailə üzvləri barışmaz düşmənə çevrilirlər. Odur ki, qloballaşan ailə modelində Azərbaycan ailəsinin özünəməxsus yeri olduğu üçün cəmiyyət bu məsələyə qarşı həssas olmalıdır. İnsanlar bu gün düşünməlidirlər ki, ailə və onun ətrafında baş verənlər hansı səbəbdən yaranır, onun qarşısını necə almaq olar. Azərbaycan ailəsi min illərin təcrübəsini özündə toplayan milli-mənəvi dəyərlər sistemini özündə ehtiva edir. Azərbaycan dövləti milli-mənəvi amillərə, o cümlədən ailəyə böyük dəyər verərək onu dövlət siyasətinin tərkib hissəsi hesab edir. Belə halda müvafiq icra hakimiyyəti və hüquq mühafizə orqanlarının məsələyə etinasızlığı başa düşülən deyil. Onu da xatırladaq ki, əhalisinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edən ölkədə məişət zorakılığının qurbanları əsasən xanımlardır. Onların az qismi stereotipləri qırıb ərdən şikayət etməyə, uşaqlarını və özlərini qorumağa qərar verir.
Hüquqşünasın sözlərinə görə, digər bir problem ondan ibarətdir ki, bir sıra ekspertlər məişət zorakılığı hallarını ciddi sosial problem kimi qələmə verirlər. Əslində isə məişət zorakılığına daha çox sosial problemlərin səbəb olduğu deyilsə də, boşanmaların səbəbini təhlil edəndə aydın olur ki, sosial durum heç də birinci yerdə gəlmir. Əksinə, sevib ağıllı şəkildə nikaha girənlərin sosial durumu çətin olanda onlar bir az da möhkəm olur ki, problemləri dəf etsinlər. Ancaq istisna deyil ki, istehlak mədəniyyətinin lazımi səviyyədə olmaması, qadınların iqtisadi cəhətdən kişidən asılılığı ilə yanaşı dəyərlər sisteminin deqradasiyaya uğraması, bir sıra hallarda kənd və şəhər mühiti arasındakı təzadların üzə çıxması da məişət zorakılığını şərtləndirir. Buna narkomaniya, spirtli içkilərə aludəçilik, işsizlik, evsizlik kimi hallar da rəvac verir. Onun fikrincə, məişət zorakılığının qarşısının alınmasında yardım mərkəzlərinin, qadın polislərin sayının artırılması, maarifçiliyin gücləndirilməsi, icra hakimiyyəti orqanlarının xüsusi şöbələrinin zorakılıq baş verən ailələrlə iş aparması, yerlərdə psixoloqların təmsilçiliyi faydalı olardı. Onu da qeyd edək ki, ailələrdə zorakılığın, şiddətin meydana gəlməsinin əsas səbəbi ailənin başında duran insanların bir-birinə qarşı olan münasibətlərdəki dəyişikliyin və ciddi çatların əmələ gəlməsidir. Burada ən bıyük məsuliyyət valideynlərin üzərinə düşür.
Alim