Tikinti şirkətlərində ölüm halları ört-basdır edilir - PROBLEM

Sahib Məmmədov: “Cinayət işi başlansa da, iş ya bağlanılır, ya da məhkəmədə xitam verilir”.

Son vaxtlar Azərbaycanda istehsalatda ölüm və digər bədbəxt hadisələr yenə də artmaqdadır. Bu hadisələr əsasən tikinti şirkətlərində baş verir. Tikintidə təhlükəsizlik qaydalarına riayət olunmaması, işçinin işəgötürən tərəfindən qorunmaması sonda ağır hadisələrlə nəticələnir. Dalbadal ölüm halları, ağır xəsarət halları baş versə də, sonda cavabdeh şəxslər bu məsuliyyətdən yayınır. Hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırmalar aparsa da, sonda məsuliyyətə cəlb edilən olmur. Nəticədə də tikintidə bu cür bədbəxt hadisələr azalmaq əvəzinə, daha da artır.  İşəgötürənin işçi barədə məsuliyyət daşımaması birincini tam arxayınlaşdırır və şirkət rəhbərliyi işçisinin təhlükəsizliyinə diqqət yetirmir. Əksər hallarda isə istehsalatda baş verən hadisələr işəgötürən tərəfindən gizlədilir.

İstehsalat xəsarətinə görə İZ aktı tərtib olunmalıdır

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov da bu problemin mövcudluğunu deyir. Onun sözlərinə görə, istehsalatda baş verən hadisə barədə işəgötürən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir: "Bu işəgötötürənin borcudur. Müvafiq icra hakimiyyəti orqanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyidir. Həmin müfəttişliyin formalaşdırdığı komissiya hadisə barədə İZ aktı(İstehsalat zədəsi) tərtib edəndən sonra prosedurlar baş verir. Əgər şəxs peşə xəsarəti nəticəsində sağlamlığını uzun müddətə itiribsə, onda tam müalicə olunmalıdır. Müalicə olunandan sonra tibbi sosial komissiya onun əmək qabiliyyətini hansı səviyyədə itirməsini müəyyənləşdirməli və ona uyğun olaraq xəsarət aldığı şirkət xəsarət alan şəxsə aylıq və ya birdəfəlik kompensasiya verməlidir. Prosesdur bundan ibarətdir".

Azərbaycanda peşə xəstəliyi daha çoxdur

Sahib Məmmədov bildirir ki, peşə xəsarətindən əlavə peşə xəstəliyi də var. Bu proses isə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir: "Ümumiyyətlə, təxmini hesablamalarımıza görə, ildə peşə xəstəliyindən ölən və peşə xəstəliyinə tutulanların sayı daha çoxdur.  Bu da tamam diqqətdən kənarda qalıb. Amma, əsasən diqqəti istehsalat xəsarətləri və istehsalatda ölüm halları daha çox cəlb edir.  Məsələ odur ki, işəgötürən işçinin sağlamlığına vurduğu ziyana görə məsuliyyət daşıyır. Əgər bu xəsarət ölümə gətirib çıxarırsa, bu prosesdə cinayət işi başlanılır. Azərbaycanda isə belədir. İşçi ilə işəgötürən şəxs arasında adətən əmək müqaviləsi bağlanmır. Hansısa şirkətdə ölüm hadisəsi baş verirsə, işəgötürən əgər insaflıdırsa, onun ailəsinə birdəfəlik kompensasiya ödəyir, bununla da iş bağlanıb gedir. Amma, ölən şəxsin vərəsəsinin qanuni kompensasiya alması üçün işçinin ilk növbədə əmək müqaviləsi olmalıdır. Əmək müqaviləsi əsasında işəgötürən onu sığorta şirkətində bədbəxt hadisədən sığortalamalıdır. Belə olsa, hansısa bər bədbəxt hadisə baş verərsə, o zaman sığorta şirkəti tərəfindən sığortası ödənilir. Əgər işəgötürən bunu etməyibsə, onda özü cavabdehlik daşıyır. Amma, Azərbaycanda təcrübə belədir ki, işçi əmək müqaviləsi bağlamadan işləyir, istehsalatda hər hansısa bir travma alanda bu xəsarəti həmin şirkətdə almasını işəgötürənə sübut edə bilmir. Bu zaman işəgötürən könüllü halda heç nə ödəmir, iş məhkəməyə göndərilir. İşçi isə məhkəmədə 3 faktı sübut etməlidir. Birincisi həmin yerdə işləməyini, ikincisi, hadisənin həmin yerdə baş verməsini¸üçüncüsü isə orta aylıq əmək haqqının miqdarını. Bunları sübut etməksə çox çətindi. Çünki, o işəgötürənlə heç bir müqavilə bağlamayıb, ona görə də işəgötürən isə bunu boynuna almır. Əsas problem də bundadır".

Cinayət işlərinə niyə xitam verilir?

Sahib Məmmədov istehsalat xəsarətləri ilə bağlı cinayət işlərinin başlandığını desə də, son nəticədə məsuliyyətə cəlb olunma faktlarının olmadığını da deyib. Onun sözlərinə görə, belə hallar da var: " Bəli, bu fakt da var. Faktla bağlı cinayət işi başlansa da, sonda iş ya bağlanılır, ya da məhkəməyə göndərilir, məhkəmədə xitam verilir. Bizim apardığımız araşdırmalar zamanı məlum olmuşdu ki, bu cür hadisə ilə bağlı 54 cinayət işi başlanıb. Amma, həmin 54 cinayət işinin cəmi 5-i məhkəməyə göndərilmişdi, Qalan cinayət işləri hüquq mühafizə orqanlarında araşdırılandan sonra işə xitam verilmişdi. Həmin 5 cinayət işinə də məhkəmədə xitam verildi və bununla da iş bitdi".  Sahib Məmmədov bildiri ki, Azərbayvanda bu cür hallarda cinayət işi başlasa da, sonda nəticə effektiv olmur: "Mən demirəm hansısa hadisəyə görə hamını həbs etsinlər, azadlıqdan məhrum etsinlər. Amma, cinayət təqibi olmalıdır. Hadisə işəgötürənin açıq-aşkar günahı üzündən baş verirsə və hadisə bir və ya daha çox şəxsin ölümü ilə nəticələnirsə, işəgötürən bu işə birbaşa cavabdeh olmalıdır. Bir nəfər də ölübsə, işəgötürən onun cavabdehliyini daşımalıdır". 

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31