Sürət həddini aşmayan sürücülər təhqir olunur - PROBLEM

Sürücülər bir-birlərini qəza törətməyə təhrik edirlər

Azərbaycanda yük və minik avtomobillərin sayının artması, müasir standartlara cavab verən yol infrastrukturunun salınması  vətəndaşların rifah halının yüksəlməsindən xəbər verir. Təəssüf ki, vətəndaşlar yaradılan şəraitdən zövq almaq, normal həyat  sürmək əvəzinə, bilərəkdən öz talelərinin risk altında qoyurlar. Nə qədər rahat, geniş və uzunzolaqlı yolların çəkilməsinə baxmayaraq insanların bundan səmərəli istifadəsi mümkün olmur. Hətta yollarda quraşdırılan radarlar, qadağa işarələri, yol-polis işçilərinin reydləri və qanunvericiliyin sərtləşsirilməsi yol-nəqliyyat hadisələrindən yayınmaya səbəb olmur. Əksinə, hər avtomobil qəzasında ölənlərin sayı günbəgün  artmaqda davam edir. Ekspertlərin fikrincə, avtomobil qəzası zamanı ölənlərin sayının çox olmasına səbəb sürücülərin avtomobili həddən artıq sürətlə idarə etməsidir. Yəni, normal sürətlə  hərəkət edən avtomobil yol-nəqliyyat hadisəsi törədən zaman sağ qalmaq ehtimalı varsa, yüksək sürət zamanı bu ehtimal sıfıra enir. Elə bir gün öncə ölkədə baş verən  avtomobil qəzaları fikrimizi bir daha təsdiq edir. Belə ki, Şəmkir rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə,  rayon ərazisində, Bakı-Qazax magistralında "Mercedes Sprinter" markalı sərnişin avtobusu "VAZ 2106" markalı avtomobilə çırpılıb. Avtobus minik avtomobilinin üstündən keçib. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada ölüb. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Elə həmin gün  Bakı şəhərinin Qaradağ rayonunda daha bir  dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Qızıldaş-Müşfiqabad yolunda "UAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb və dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişinlərdən İsmayılov Salamat İsa oğlu hadisə yerindəcə keçinib. Sürücü Əsgərov Vüsal Sabir oğlu və digər sərnişin Sultanov Saməd İsaxan oğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralılardan biri xəstəxanada ölüb. Faktla əlaqədar cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. Etiraf edək ki, respublika ərazisində analoji hadısələr hər gün baş verməkdədir. Xüsusən, Bakı-Sumqayət və Bakı-Astara istiqamətində belə avto-qəzalar daha tez-tez baş verir. Birmənalı şəkildə demək olar ki, buna səbəb avtomobilin yüksək sürətlə idarə edilməsidir. Ancaq digər səbəblər də istisna deyil. Məsələn, sürücülərin yol hərəkəti qaydalarına riayət etməmələri, sürücülük mədəniyyətinə laqeyd qalmaları avtomobil qəzalarının sayının artmasına təsirsiz ötüşmür. Vəziyyət o həddə çatıb ki, sürücülər bir-birlərini avtoqəzaya təhrik edirlər. Bu yaxınlarda iş yoldaşlarımla Şirvan şəhərinə getməli oldum və sürücülərin qeyri-etik davranışının bir daha şahidi oldum. Belə ki, bizi Şirvana aparan cürücü əvvəlcədən şərt kəsdi ki, bizim tələsməyinizə baxmayaraq, sürət həddini aşmayacaq. Bəlkə də sürücü bizim jurnalist olduğumuzi bildiyindən belə bir qərara gəldi. Lakin etiraf edim ki, bu qərar ona hərtərəfli baha başa gəldi. Demək olar ki, həmin taksi sürücüçü Bakıdan Şirvana, Şirvandan da Bakıya qədədr həmkarlarının  söyüş və təhqirlərinə məruz qaldı. Səbəb isə onun normal sürücü kimi kəmər taxması və sürət həddini aşmaması idi. Hətta ötmə hərəkətini  qanunsuz yerinə yetirən  sürücülər başlarını pəncərədən çıxararaq  açıq-açığına təhqirə yol verirdilər. Taksi sürücüsü etiraf etdi ki, hər gün bu yolda təhqirə məruz qalmaqdan bezib. Yəni bir nəfər yol hərəkət qaydalarına riayət etdikdə  "bərkgedən" sürücülər onu təhqir edərək sürətlə sürməyə təhrik edirlər. Belə sürücülər eyni yolla mütəmadi hərəkət etdiklərindən radarların və yol polislərinin harada olmasından xəbərdardırlar. Məhz belə sürətli idarəetmənin nəticəsidir ki, "xalturşiklər" gün ərzində cənub rayonlarından Bakıya gəlib, geri qayıdırlar. Belə vəziyyət həm taksi, həm də sərnişin nəqliyyatında davam etməkdədir. Sürücü mədəniyyətindən yol düşmüşkən şahidi olduğum bir hadisəni qeyd etmək yerinə düşərdi. Avtomobillərin daha çox olduğu "20 Yanvar meydanı" ətrafında belə hərəkətə yol verilməsinə özbaşınalıqdan başqa ad vermək mümkün deyıl. Belə ki, səhər saatlarında xeyli insan 29 saylı avtobusu gözləyir. Təbii ki, sözügedən avtobus yeni avtovağzaldan gəldiyindən tıxac səbəbindən qrafikə riayət etməsi qeyri-mümkündr. Dayanacaqda sərnişinlər abtobusa doluşduqdan sonra bir "Qazel" markalı yük avtomobili düz avtobusun qarşısında saxladı. Bir neçə dəqiqə keçməsinə baxmayaraq həmin maşın avtobusun hərəkət etməsinə imkan vermir. Siqnalın səsi isə aləmi başına götürüb. "Qazel"in sürücüsü siqnal səsinin çox olduğunu görüb maşının qapısını bağladı və düşüb siqaret yandırdı. Sərnişinlərin narazılığını saya salymayan "ərəbzəngi" tutuquşu kimi avtobus sürücüsünün ünvanına  bir cümlə deyir: "Guya sən bomba oğlansan da, mənə yol vermədin, indi get, görüm necə gedirsən". Yalan olmasın, proses ən azı beş dəqiqə çəkdi, həmin cavan oğlan isə nə avtobus sürücüsünün, nə də sərnişinlərin iradına məhəl qoymadı. Baxmayaraq ki, arxada əməlli-başlı abtomobil tıxacı yaranmışdı. Sonra həmin sürücünü tıxacdan çıxarıb yola salma mərasimi başladı. Sən demə onun yolu tamam əks istiqamətə imiş, sadəcə azarını öldürməkdən ötrü  özünü avtobusun qabağına verib. Yeri gəlmişkən ötən gün Balaxanı qəsəbəsində  iki qrup arasında baş verən atışmanın da məhz avtomobilə yol verilməməsi səbəbindən törədildiyi bildirilir. Sadalanan faktlar deməyə əsas verir ki, sürücüləri yol hərəkət qaydalarına və elementar davranış qaydalarına riayət etməklə özlərinin və sərnişinlərin həyatlarını xilas edə bilərlər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31