Qarabağ atları məhv olmaq təhlükəsindədir VIDEO

Mütəxəssislərin son ümidi ölkəmizdə atçılığın inkişafı üçün nəzərdə tutulan dövlət proqramınadır

Ölkəmizin nadir təbii sərvətlərindən biri də Qarabağ atlarıdır. Qədim zamanlardan yayılan bu at cinsi əsasən 1VIII-XIX əsrlərdə Qarabağ xanları tərəfindən təkmilləşdirilib və dünyada tanınmağa başlayıb. Vaxtilə Qarabağ xanlarının və bölgədə yaşayan varlı şəxslərin təsərrüfatlarında yüzlərlə Qarabağ atı yetişdirilib. XIX əsrin ortalarından etibarən beynəlxalq sərgilərdə iştirak edən Qarabağ atları ən yüksək mükafatlara layiq görülüb. Rəngi kürən, hündürlüyü 1,5 metrdir. Gözəlliyi ilə həmcinslərini geridə qoyan Qarabağ atlarının XX əsrin əvvəllərində nəsli tükənmək təhlükəsi ilə üzləşib. Ancaq 1948-ci ildə Ağdamda yaradılan atçılıq zavodu yenidən onun şöhrətini özünə qaytarıb. Dağlıq Qarabağ münaqişəsi başlananda isə ermənilər Ağdam Atçılıq Zavodundakı atları əvvəl zəhərləmək istəyib. Bu istəkləri baş tutmayanda isə yaylağa gedən sürünü ələ keçirməyə cəhd göstərib. Ağdam Atçılıq zavodunun direktoru: "Yaylağa gedəndə də biz bir neçə dəfə Vəng deyilən yerdən keçirdik, oralar hamısı erməni idi. Xocalı şəhərinin yanından keçəndə ermənilər çıxıb atın qabağını kəsdilər ki, hara aparırsınız. Əlində silah olanlar, çalışırlar atı döndərsinlər meşəyə uçurumdan aşağı töküb qırsınlar".  30 ildir Qarabağ atlarını yetişdirməklə məşğul olan Ağdam Atçılıq Zavodunun direktoru Marif Hüseynov deyir ki, Ağdam işğal olunduqdan sonra respublikanın bir neçə rayonuna köçürülən atlar məhv olma təhlükəsi ilə qarşılaşıb. Yalnız Atçılıq Federasiyasının mərhum prezident Heydər Əliyevə müraciətindən sonra Qarabağ atları üçün Ağcabədidə yer ayrılıb. Hazırda burada 200-ə qədər Qarabağ atı var. Onlardan ildə 40-45 bala alınır. Ancaq təmiz dağ havasına uyğunlaşan atların aranda, şoranlıq ərazidə yetişdirilməsində problemlər var. Atlar primitiv qaydada tikilən tövlələrdə kütləvi şəkildə saxlanılır.  Marif Hüseynov: Ağdam Atçılıq Zavodunun direktoru: "Atlar fərdi saxlanmalıdır, törədici ayğır ayrı saxlanmalıdır, onların maneji olmalıdır, ana madyanlar hər biri ayrıca qəfəsdə saxlanmalıdır. Doğulan balalar 6 aylığından sonra hər biri ayrıca qəfəsdə saxlanılmalı və onlar öyrədilməlidir."  Ərazinin şoranlıq olması da atların inkişafında problemlər yaradır. 15 il əvvəl qrunt sularının təmizlənməsi üçün ərazidə başlanan melorasiya işləri yarımçıq qalıb.  Mütəxəssislər isə ölkəmizdə atçılığın inkişafı üçün nəzərdə tutulan dövlət proqramına ümid bağlayıb. Artıq lahiyə smeta sənədləri hazır olan proqramın icrasına gələn il başlanacaq. Unutmayaq ki, Qarabağ atlarının yenidən beynəlxalq sərgilərə qayıtması, yarışlarda iştirak etməsi həm ölkəmizin, həm də Qarabağ həqiqətlərinin tanıdılmasında mühüm rol oynaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31